Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdə teatrın simfonik orkestri, solistləri, xoru və balet truppası çıxış edib.
Musiqi gecəsi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə açılıb. Məhəmməd Şəmmədov Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərini, Səma Həmzəyeva Asəf Zeynallının “Ölkəm” romansını, Xəyal Hüseynov Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni, Xalq artisti Mənsum İbrahimov isə Bəhram Nəsibovun “Qarabağ” mahnısını ifa edib.
Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” orkestr və balet truppasının birgə çıxışı ilə təqdim olunub. Cavanşir Quliyevin “Əsgər marşı” teatrın xorunun ifasında səslənib. Müslüm Maqomayevin “Odlar yurdu” əsərini isə solist Mahir Tağızadə xorun müşayiəti ilə ifa edib.
Milli musiqi irsimizin zənginliyini və xalqımızın Zəfər qürurunu əks etdirən konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb, sənətin birləşdirici gücünü bir daha nümayiş etdirib.