Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan filmi 2026-cı il Haaqa Beynəlxalq Film Festivalının qalibi elan olunub. “Ədibin Evi” və ASAN TV-nin birgə istehsalı olan “Zəfər rəqsi” qısametrajlı bədii filmi festivalın əsas nominasiyası – “Qlobal sülh, harmoniya, insan hüquqları” üzrə qalib seçilib.
Festivalın 13 nəfərdən ibarət münsiflər heyəti ilin əvvəlindən etibarən müsabiqəyə təqdim olunan 503 filmi nəzərdən keçirib. Nəticədə, noyabrın 13-15-də Haaqada keçirilən beynəlxalq kino platformasının proqramına 23 ölkədən 63 film daxil edilib. Mükafatlandırma mərasimində festivalda iştirak edən ölkələrin diplomatik korpusunu Azərbaycanın Niderland Krallığındakı səfiri Anar Əcəmov təmsil edib.
Qeyd edək ki, “Zəfər rəqsi” qısametrajlı bədii filmi Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalibi olmuş Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. “Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə ərsəyə gələn ekran əsərinin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu ifa ediblər. Filmin bəzi səhnələrində hasilat şirkətində çalışan qazilər də rol alıblar.
Haaqada qazandığı mükafatla “Zəfər rəqsi” filmi builki festival mövsümündə 7-ci beynəlxalq uğuruna imza atıb. 2026-cı ildə ekran əsəri Hindistan, İsveç, Rusiya, Türkiyə, Almaniya, Kanada və Bolqarıstanda keçirilən beynəlxalq film festivallarında münsiflər heyətinin rəğbətini qazanıb.
XQ