Zəfər salnaməsi: 23 saata suverenliyimizi təsdiqləyən tarixi qələbə

20.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Hər bir xalqın ictimasi-siyasi inkişafında və dövlətçilik həyatında tarixi dönüş mərhələsi hesab olunan müəyyən əlamətdar hadisələr var.

20 sentyabr müasir Azərbaycan tarixinə ən şanlı günlərdən biri kimi düşüb. 2023-cü il sentyabrın 19-u və 20-də Azərbaycan Ordusu keçirdiyi antiterror əməliyyatı nəticəsində Ermənistan ordusunun Qarabağdakı qalıqları zərəsizləşdirildi və tərksilah edildi.

Mülki erməni əhalisinin təhlükəsizliyi təmin edilməklə 23 saat 43 dəqiqə davam edən hərbi əməliyyatlar nəticəsində, bütün silahlı dəstələr  ləğv edildi. 

2023-cü il sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.

2020-ci ilin noyabr ayında Azərbaycan dövlətinin işğal altındakı əraziləri azad etməsindən sonra ikinci ən böyük hərbi uğurumuz qazanıldı. 

Bu qələbə həm də siyasi, hüquqi və tarixi kontekstdə böyük əhəmiyyət daşıyır. Belə ki, antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi, bütün ölkədə dövlət suverenliyi bərqərar oldu.

Əgər Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə işğal faktını aradan qaldırmağa və ərazi bütövlüyünü bərpa etməyə nail olmuşdusa, antiterror əməliyyatı bu prosesin növbəti uğurlu mərhələsi idi.

Belə ki, Azərbaycanın dövlət suverenliyi və Konstitusiya quruluşu bütün ölkə ərazində təmin  edildi. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sənədə əsasən Dövlət Suverenliyi Günü sentyabrın 20-də qeyd edilir. Artıq 3 ildir Azərbaycan dövlətçiliyinin konstitusion əsasları daha da güclənib, keçmiş işğal olunmuş ərazilər de-yure vahid siyasi-inzibati mərkəzdən idarə olunur.

Antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində 1988-ci ildən davam edən erməni separatizminə son qoyuldu, ölkədə siyasi sabitlik tam təmin edildi. Qondarma rejimin liderləri və müharibə cinayətkarları həbs edilərək Bakıya gətirildi.

Bütün bunlar 30 ilə yaxın müddətdə  Azərbaycanı işğalın nəticələri ilə barışmağa çağıran, Ermənistanın işlaçılıq siyasətini dəstəkləyən xarici dövlətləri və beynəlxalq təşkilatları Azərbaycanın mövqeyi ilə barışmağa vadar etdi.

Azərbaycanın qazandığı bu tarixi qələbə dünyada separatizmdən əziyyət çəkən dövlətlər tərəfindən uğurlu siyasi təcrübə kimi öyrənilir. Artıq beynəlxalq ictimaiyyət, o cümlədən vaxtilə ATƏT-in Minsk Qrupunda sülh danışıqlarına vasitəçilik edən, lakin faktiki olaraq, ermənipərəst mövqedən çıxış edən həmsədr dövlətlər Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbul edib.

Azərbaycanın 2020-ci və 2023-cü illərdə hıəyata keçirdiyi hərbi əməliyyatların nəticələri Ermənistanı sülhə məcbur etməklə yanaşı, bütövlükdə regiona sabitlik gətirdi ki, bu da bölgədə iqtisadiyyatın inkişafına, kommunikasiyaların açılmasına və dinc əməkdaşlığa şərait yaradır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: suverenlik Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью