Zəfər salnaməsinin Qubadlı səhifəsi ŞƏRH

21.10.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

25 oktyabr 2020-ci il Qubadlı şəhərinin işğaldan azad edildiyi gün kimi Azərbaycanın Zəfər salnaməsinə qızıl hərflərlə yazıldı. Bu hadisə yalnız hərbi uğur deyil, həm də uzun illər doğma yurda həsrət qalan insanların ümidlərinin gerçəkləşməsi, tarixi ədalətin bərpası və Azərbaycan dövlətinin öz suveren hüquqlarını təmin etmək əzminin təntənəsi idi.

Qubadlının azad olunması bir daha göstərdi ki, xalqın iradəsi, dövlətin qətiyyəti və ordunun gücü vahid məqsəd ətrafında birləşdikdə qarşıya qoyulan ən mürəkkəb vəzifələr belə yerinə yetirilə bilər. Bu Zəfər illərlə qorunan inamın, ardıcıl dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun və milli həmrəyliyin məntiqi nəticəsi idi.

Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad edilməlidir. Onlar Vətən torpağını öz canlarından üstün tutaraq xalqımıza azadlıq və qürur dolu gələcək bəxş etdilər. Qazilərimizin fədakarlığı, hərbçilərimizin şücaəti və arxa cəbhədə xalqımızın nümayiş etdirdiyi birlik Zəfərimizin mənəvi dayaqlarını təşkil edir. Bu gün azad Qubadlıya baxarkən hər birimiz anlayırıq ki, həmin torpaqlarda dalğalanan üçrəngli bayrağımızın hər bir rənginin arxasında böyük bir mübarizə, sonsuz Vətən sevgisi və müqəddəs şəhid əmanəti dayanır.

Qubadlı Şəhəri Gününün əhəmiyyəti yalnız keçmişdə qazanılmış qələbəni xatırlamaqla məhdudlaşmır. Bu tarix həm də gələcəyə baxışımızı, azad edilmiş ərazilərin bərpası və doğma yurdlarına qayıdan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində qarşımızda duran məsuliyyətləri müəyyən edir. Çünki əsl qayıdış yalnız fiziki olaraq doğma torpağa dönmək deyil, həmin torpaqlarda təhlükəsiz, firavan və davamlı həyat qurmaq, iqtisadi fəallığı bərpa etmək, sosial infrastrukturu inkişaf etdirmək və gələcək nəsillərə abad yaşayış məkanı ötürmək deməkdir.

Bu baxımdan, Böyük Qayıdış proqramı Azərbaycanın müasir inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması, yolların, məktəblərin, səhiyyə müəssisələrinin, istehsal və xidmət obyektlərinin yaradılması, müasir infrastrukturun formalaşdırılması dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərə xidmət edir. Qubadlının gələcəyi də məhz bu genişmiqyaslı quruculuq prosesinin ayrılmaz hissəsidir.

Eyni zamanda, doğma torpaqların dirçəldilməsi su ehtiyatlarının səmərəli idarə olunmasını, su təchizatı və kanalizasiya sistemlərinin qurulmasını, torpaq və su resurslarının qorunmasını, kənd təsərrüfatının inkişafı üçün zəruri şəraitin yaradılmasını tələb edir. Su həyatın, iqtisadi inkişafın və ekoloji tarazlığın əsas şərtlərindən biridir. Buna görə də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı su təsərrüfatı infrastrukturunun yaradılması, su mənbələrinin mühafizəsi və mövcud ehtiyatlardan səmərəli istifadə Qubadlıda həyatın bərpasına və əhalinin doğma yurdlarında möhkəm məskunlaşmasına mühüm töhfə verə bilər.

Bu gün Qubadlıya münasibətimiz həm də gələcək nəsillər qarşısında məsuliyyətimizi əks etdirir. Biz yalnız dağıdılmış şəhəri və kəndləri bərpa etməməli, eyni zamanda onları daha müasir, daha dayanıqlı və daha əlverişli yaşayış məkanlarına çevirməliyik. Tarixi irsimizi qorumaqla yanaşı, müasir texnologiyaları tətbiq etməli, iqtisadi imkanları genişləndirməli, gənclər üçün yeni perspektivlər yaratmalı və doğma torpaqların inkişafını uzunmüddətli dövlətçilik məqsədləri ilə uzlaşdırmalıyıq.

Qubadlı Şəhəri Günü bizə bir həqiqəti də xatırladır: milli yaddaşını qoruyan, tarixinə sahib çıxan və gələcəyinə inamla baxan xalq heç vaxt məğlubiyyətlə barışmır. İllərlə davam edən həsrət, məcburi köçkünlük və ağır sınaqlar xalqımızın doğma torpaqlara bağlılığını zəiflətmədi. Əksinə, bu hiss Vətən müharibəsində nümayiş etdirilən milli həmrəyliyin və qələbə əzminin mühüm mənəvi dayaqlarından birinə çevrildi.

Bu gün Qubadlı təkcə azad edilmiş şəhər deyil, həm də Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, milli birliyinin və gələcəyə inamının rəmzidir. Onun yenidən qurulması, sakinlərinin doğma yurdlarına qayıtması və şəhərin sosial-iqtisadi həyatının canlanması Zəfərin davamı, tarixi qələbənin quruculuqla möhkəmləndirilməsidir.

25 Oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə bütün Qubadlı sakinlərini, keçmiş məcburi köçkünləri və xalqımızı ürəkdən təbrik edir, doğma yurda qayıdışın sevincini yaşayan hər kəsə firavanlıq, əmin-amanlıq və möhkəm cansağlığı arzulayıram.

Qubadlı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qoy Qubadlının səmasında dalğalanan üçrəngli Azərbaycan bayrağı daim ucalarda dalğalansın! Qoy bu qədim yurdun hər bir ocağında həyat, sevinc və firavanlıq hökm sürsün! Qoy Böyük Qayıdışın hər yeni mərhələsi xalqımızın birliyini, dövlətimizin gücünü və Azərbaycanın parlaq gələcəyini daha da möhkəmləndirsin!

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью