Zəfər şəhidinin hünər dastanı FOTO

17.09.2026

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

17 sentyabr şəhid Şahin Tahirlinin doğum günüdür
Vətənini canından artıq sevən, 19 yaşında onun yolunda şəhid olan Şahin Afat oğlu Tahirli Lerik rayonunun Züvüç kəndindən idi. Sağlam əqidəli bu gənc həyatı dərk edən gündən öz xoşbəxtliyini xalqına gərəkli olmaqda görür. Yurdun qeyrət qalasına dönməsi də məhz ürəyində yuva salmış, xalqın milli-mənəvi dəyərlərinə tapınan saf arzulardan irəli gəlirdi.
Doğma yurda, insanlara sevgi nümunəsi kimi dünyanın gərdişinə yön alan Şahin 2018-ci ildə orta məktəbin 11-ci sinfini başa vurub Mingəçevir Turizm Kollecinə qəbul olunur. Oxuduğu təhsil ocağında öz savadı, dərin zəkası, ağılı ilə seçilsə də, sinəsində qövr edən Vətən qubarı onu çox incidir. Və bu qubarın çarəsini yalnız mənfur erməni dığaların ölkəmizə qarşı əsasız ərazi iddiaları nəticəsində işğal altında olan Dağlıq Qarabağın azad olunmasında görür.
Şahin 2019-cu ilin oktyabr ayında hələ II kursda oxuyarkən Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və öz istəyi nəzərə alınmaqla onu cəbhə bölgəsinə göndərirlər. Hərbi hissədə Vətənə olan məhəbbəti nümunəvi xidməti ilə bir daha sübut edir. İkincisi isə əlinə silah alıb döyüş meydanında erməni dığalarını əzmək onun başlıca məqsədinə dönür. Bundan ötrü, hətta canını qurban verməyə hazır olmaqla məqam gözləyir.
İkinci Qarabağ müharibəsi başlanan gündən Vətən, millət təəssübü çəkən igid əsgər yurdun yaralarına məlhəm olmaqdan ötrü torpaq naminə haqq savaşımıza ürəklə, qələbəyə inamla girişir. Yurd yağı tapdağından qalmasın deyə, 42 gün dığalara qan qusdura-qusdura odun-alovun içində, səngərdə əsl igid kimi döyüşür. Füzulinin, Qubadlının, Şuşanın hər qarışında hünər, şücaət göstərir, ad çıxardır. Şanlı zəfərimizin bir addımlığında, yəni noyabr 7-də Daşaltı kəndi uğrunda gedən şiddətli müharibə meydanında qarı düşmən Şahinin Vətən eşqli ürəyini nişan ala bilir...
Şəhid atası Afat Tahirli oğlu haqqında deyib:- Şahin çox mərd böyümüşdü. Vətən sevgisi onun qanında idi. Məhz buna görə də Qarabağın taleyi onu düşündürürdü. Torpaqların işğalından söz düşəndə qürurla deyərdi ki, qisas qiyamətə qalmaz, şəxsən öz əllərimlə üç rəngli bədirli bayrağımızı Qarabağa sancacağam. İgid Şahinim müqəddəs arzusuna artıq çatdı. Xoşbəxt atayam ki, indi bütün Azərbaycan oğlumla fəxr edir. Dövlətimdən də çox razıyam. Bir an belə oğlum unudulmur. Haqq savaşımızda erməni dığalarına qarşı qanlı döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə Vətənin yüksək mükafatına- “Vətən uğrunda” və Füzulinin, Qubadlının azad olunmasına görə medallara layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью