Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Bu günlərdə Azərbaycan xalqı və dünya azərbaycanlıları Vətən müharibəsində qazanılmış tarixi Zəfərin növbəti ildönümünü qeyd edirlər. Bu əlamətdar tarix ərəfəsində Milli Kitabxanada Zəfərimizə həsr olunmuş xüsusi bir zal yaradılıb. “Zəfər zal”ında son altı il ərzində, eləcə də Birinci Qarabağ müharibəsindən başlayaraq ölkəmizin Zəfər tarixinə, Qarabağ müharibələrinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş çoxsaylı nəşrlər toplanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib.
O bildirib ki, eyni zamanda, kitabxanada Zəfərimizə həsr olunmuş elektron məlumat bazası da ictimaiyyətə təqdim edilir. Bu elektron resurs vasitəsilə Qarabağ müharibələri, şəhidlərimiz və Zəfər tariximiz haqqında nəşr olunmuş kitablarla artıq sabahdan etibarən dünyanın istənilən nöqtəsindən elektron formatda tanış olmaq mümkündür. Məlumat bazası üç dildə fəaliyyət göstərəcək və bu sahədəki nəşrlərin beynəlxalq miqyasda əlçatanlığını təmin edəcək.
“Zalın bir hissəsi isə oxu və tədqiqat məkanı kimi nəzərdə tutulub. Burada tədqiqatçılarımız Zəfərimizə, Qarabağ müharibələrinə və şəhidlərimizin həyat və qəhrəmanlıq yoluna həsr olunmuş nəşrlərlə ətraflı tanış olmaq, həmin mənbələrdən elmi araşdırmalarında istifadə etmək imkanı əldə edəcəklər. Əminəm ki, bu yeni məkan gələcəkdə Zəfər tariximizin, Qarabağ həqiqətlərinin və milli yaddaşımızın araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm elmi-tədqiqat mərkəzinə çevriləcək”, - deyə o qeyd edib.
Müxbir – Gülay Nəzərova