Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

09.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 noyabr, AZƏRTAC

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilati dəstəyi ilə Barselonadakı Azərbaycan Cəmiyyəti və “Casa Azerbaiyan” tərəfindən Barselona şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin Qəhrəmanları” adlı mədəni tədbir təşkil olunub.

Bu barədə AZƏRTAC-a ölkəmizin İspaniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə İspaniyada yaşayan azərbaycanlılar, biznes və akademik dairələrin təmsilçiləri, ictimai və mədəniyyət xadimləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Nadir Saraclı Azərbaycanın milli iradəsi, xalqımızın dözümlülüyü və tarixi Zəfərin əhəmiyyəti barədə danışıb. O, uzun illər ərzində beynəlxalq platformalarda Azərbaycanın üzləşdiyi işğal, təcavüz və məcburi köçkünlük nəticəsində xalqımızın yaşadığı faciələrin diqqətə çatdırıldığını, bu gün isə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionda sülh və əməkdaşlıq naminə yeni imkanlar yaratdığını vurğulayıb.

2020-ci ilin Azərbaycan tarixində xüsusi yer tutduğu qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə və beynəlxalq hüquqa uyğun olaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının, təxminən otuz il davam edən münaqişəyə son qoyulmasının yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni mərhələnin başlanğıcı olduğu bildirilib. Regionda sülh, barışıq və əməkdaşlığın inkişafı üçün yaranmış imkanların əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxış zamanı İspaniyada yaşayan azərbaycanlı həmvətənlərə də xüsusi diqqət ayrılıb. Diaspor nümayəndələrinin Azərbaycan dilini, milli adət-ənənələri və mədəni irsi yaşadaraq Vətənlə bağlılığın qorunmasında mühüm rol oynadıqları vurğulanıb. Həmvətənlərimizin Azərbaycanın tarixi və milli dəyərlərini yaşatmaqla yanaşı, ölkəmizin mədəniyyətinin İspaniyada tanıdılmasına verdikləri töhfə yüksək qiymətləndirilib.

Tədbirin bədii proqramı çərçivəsində Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, Azərbaycan və ispan musiqisinin vəhdətini əks etdirən musiqi proqramı təqdim olunub. İştirakçılar üçün qəbul təşkil edilib.

Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, ölkəmizin zəngin tarixi, mədəniyyəti və turizm potensialını əks etdirən nəşr və broşürlərlə tanışlıq imkanı yaradılıb.

“Zəfərin Qəhrəmanları” adlı mədəni tədbir Azərbaycanın tarixi Qələbəsinin, milli birliyinin və suverenliyinin təntənəsini nümayiş etdirməklə yanaşı, ölkəmizin İspaniya ilə mədəni əlaqələrinin və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью