525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məryəm Bağırova
Bəzən insanın yaddaşında elə anlar olur ki, həmin anları tam xatırlamasa da, onların yaratdığı hissləri heç vaxt unutmur. Bizim nəslimiz üçün 44 günlük Vətən müharibəsi və 8 Noyabr Zəfəri məhz belə bir yaddaşdır. O illərdə bəzilərimiz hələ uşaq idik. Bəlkə də baş verənlərin siyasi, hərbi və tarixi əhəmiyyətini tam anlamırdıq. Amma evlərimizdəki səssizliyi, televizor qarşısında xəbərləri gözləyən insanları, hər qələbə xəbərindən sonra gözlərdə yaranan sevinci xatırlayırıq. Biz bəlkə də müharibəni böyüklər qədər anlamırdıq, amma qələbənin nə demək olduğunu hiss edirdik. İnsan heç vaxt getmədiyi bir şəhərin azadlığına niyə bu qədər sevinər? Heç vaxt yaşamadığı bir evin yenidən sahibinə qovuşmasını niyə öz sevincindən biri hesab edər? Bunun cavabı Vətən anlayışında gizlidir. Çünki Vətən yalnız doğulduğumuz, yaşadığımız küçələrdən ibarət deyil. Vətən həm də görmədiyimiz, amma tarixini bildiyimiz, ağrısını özümüzünkü hesab etdiyimiz torpaqlardır.
Biz Şuşanı ilk dəfə xəritədə tanımışıq, amma onun bizim üçün nə qədər qiymətli olduğunu tariximizdən öyrənmişik. Ağdamın adını eşidəndə orada yaşamış insanların xatirələrini, Laçından danışanda doğma yurd həsrətini düşünmüşük. Bu şəhərlərin hər biri bizim üçün bir coğrafi ad olmaqdan çoxdan çıxıb. Onlar milli yaddaşımızın bir hissəsinə çevrilib. Lakin bu gün həmin torpaqlar haqqında danışarkən artıq həsrətdən söz açmırıq. Çünki tarix dəyişdi, Azərbaycan xalqının illərlə gözlədiyi gün gəldi. Bu Zəfər öz-özünə qazanılmadı. Onun arxasında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qüdrəti, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi dayanırdı. 44 gün ərzində Azərbaycan əsgəri yalnız döyüş meydanında deyil, tarix qarşısında da öz sözünü dedi. Dünyaya göstərdi ki, Vətən sevgisi, peşəkarlıq, cəsarət və birlik bir araya gələndə ən çətin hədəflərə belə çatmaq mümkündür. Şuşanın azad edilməsi isə bu tarixin ən unudulmaz səhifələrindən biri oldu. O xəbər yayılanda sevinən milyonlarla insanın hisslərini sözlə ifadə etmək çətindir. Çünki həmin gün yalnız bir şəhərin azadlığına sevinmirdik. Biz illərlə qəlbimizdə yaşatdığımız bir arzunun gerçəkləşməsinə şahidlik edirdik.
Bu gün üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda və azad edilmiş digər torpaqlarımızda dalğalanır. Biz bəzən bu mənzərəni düşünür və özümüzə sual veririk: Görəsən, illərlə doğma yurdunun yolunu gözləyən insanlar bu günü necə təsəvvür edirdilər? İndi həmin bayrağı görəndə nə hiss edirlər? Bəlkə də onların sevincində bir az kövrəklik, bir az xatirə, bir az da illərlə ürəklərində saxladıqları həsrətin rahatlığı var. Ancaq bir həqiqəti də unutmamalıyıq ki, bu bayrağın dalğalanması bizə çox baha başa gəldi. Bu gün aramızda olmayan insanlar da həmin bayrağın kölgəsində yaşamağı arzulayırdılar. Onların bəziləri gələcək haqqında qurduqları xəyallara çata bilmədilər. Şəhidlərimizin hər birinin öz hekayəsi, öz dünyası, öz arzuları vardı. Onları yalnız qəhrəmanlıq göstərdikləri üçün deyil, yaşamaq haqqından öz Vətənləri uğrunda keçdikləri üçün də xatırlamalıyıq. Bizim bu gün sahib olduğumuz gələcəyin arxasında onların yarımçıq qalan gələcəyi dayanır. Bəlkə də Zəfər Gününün ən ağır, eyni zamanda ən müqəddəs tərəfi budur ki, bir xalqın sevinci ilə minlərlə ailənin həsrəti eyni tarixdə yaşayır.
Bu gün gənc nəslin qarşısında başqa bir məsuliyyət dayanır. Biz artıq azad edilmiş torpaqlar haqqında yalnız arzu qurmaqla kifayətlənən nəsil deyilik. Biz həmin torpaqlarda yeni həyatın qurulmasına şahidlik edən, gələcəkdə bu quruculuğun bir parçası olmalı olan nəsilik. Vəzifəmiz qazanılmış Zəfərin dəyərini anlamaq, onu qorumaq və ölkəmizin inkişafına öz töhfəmizi verməkdir. Biz istəyirik ki, gələcəkdə Qarabağ haqqında yazılan məqalələrdə dağıdılmış şəhərlərdən daha çox yenidən qurulan məktəblərdən danışaq. Şuşanı yalnız hərbi əməliyyatın tarixi ilə deyil, musiqisi, sənəti və yetişdirdiyi şəxsiyyətlərlə tanıyaq. Ağdamı yalnız keçmişdə yaşadığı faciələrlə deyil, orada böyüyən uşaqların gülüşü ilə xatırlayaq. İstəyirik ki, bir gün Qarabağ haqqında danışarkən müharibə sözünə ehtiyac qalmasın. Çünki o torpaqların taleyi bundan sonra həyatla, inkişafla və xoşbəxtliklə yazılmalıdır. Vətənpərvərlik də bizim üçün məhz burada başlayır. Vətənimizi sevmək yalnız onun keçmişi ilə fəxr etmək deyil, gələcəyi üçün məsuliyyət daşımaqdır. Yaxşı təhsil almaq, öz sahəmizdə peşəkarlaşmaq, dilimizi qorumaq, milli mədəniyyətimizi dünyaya tanıtmaq, ölkəmizin adına layiq vətəndaş olmaq... Bunların hər biri Vətənə xidmətin bir yoludur. Jurnalistin qələmi, müəllimin biliyi, həkimin xilaskarlığı, sənətkarın yaradıcılığı- hər biri ölkəmizin gələcəyinə verilən töhfədir.
Bəzən düşünürük ki, illər sonra bugünkü körpələr bizdən 8 Noyabr haqqında soruşacaqlar. Onlara nə danışacağıq? Yalnız tarixləri, hərbi əməliyyatları, qazanılan qələbələri? Xeyr. Biz onlara insanların bir-birinə necə dayaq olduğunu, bir xalqın necə bir yumruq kimi birləşdiyini, əsgərlərimizin necə qəhrəmanlıq göstərdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun necə tarixi Zəfər qazandığını danışacağıq. Danışacağıq ki, bir vaxtlar adını həsrətlə çəkdiyimiz şəhərlərdə bu gün Azərbaycan bayrağı dalğalanır və onlara bir şeyi də demək istəyəcəyik ki, heç vaxt azadlığın qiymətini unutmayın, biz Zəfəri görmədik deməyin. Biz onu uşaqlıq yaddaşımızda, evlərimizdəki sevincdə, böyüklərimizin göz yaşlarında, üçrəngli bayrağımıza baxarkən keçirdiyimiz qürurda yaşadıq. Biz bu tarixin şahidi olduq, indi isə onun gələcəyini yazmaq növbəsi bizdədir.
Bizim ən böyük arzumuz budur ki, illər sonra Azərbaycan bayrağına baxanda övladlarımızın gözlərində yalnız qürur deyil, həm də sülhün, əmin-amanlığın və xoşbəxt həyatın sevinci olsun. Qoy onlar Vətəni müharibə ilə deyil, qurduqları gözəl gələcəklə tanısınlar. Çünki biz torpaqlarımızı yalnız geri qazanmaq üçün deyil, orada yenidən yaşamaq, yaratmaq və gələcək nəsillərə daha gözəl bir Azərbaycan miras qoymaq üçün mübarizə apardıq. Zəfərimiz mübarizəmizin sonu deyil, yeni tariximizin başlanğıcıdır. Biz bu tarixin şahidi, bu günün gəncləri, sabahın qurucularıyıq və fəxr edirik ki, bu böyük tarixin adı Azərbaycandır!