Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Bu gün Şuşaya gedən və Azərbaycan xalqının tarixi Qələbəsinin rəmzlərindən birinə çevrilən Zəfər yolunun istifadəyə verilməsindən 5 il ötür.
BAKU.WS xəbər verir ki, 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılış mərasimində iştirak ediblər.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun təməli 2020-ci il noyabrın 16-da qoyulub. Tikintisinə Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra başlanılan yolun ümumi uzunluğu 101 kilometrdir.
Zəfər yolu Füzuli, Xocavənd, Xocalı rayonlarının ərazisindən keçərək Şuşa şəhərinə qədər uzanır. Avtomobil yolu 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
Bu yolun inşası təkcə nəqliyyat infrastrukturunun qurulması baxımından deyil, həm də tarixi və mənəvi əhəmiyyətinə görə xüsusi yer tutur. Belə ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Şuşanı azad etmək üçün istifadə etdiyi dağ cığırlarının əbədiləşdirilməsi məqsədilə yeni avtomobil yolu inşa edilib.
Prezident İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan layihə qısa müddətdə tamamlanaraq istifadəyə verilib.
Bu gün Zəfər yolu Qarabağın bərpası, bölgədə nəqliyyat əlaqələrinin genişləndirilməsi və doğma yurdlarına qayıdan sakinlərin rahat gediş-gəlişinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Zəfər yolu həm də 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin, Şuşanın azadlığı uğrunda göstərilən qəhrəmanlığın və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfərin simvollarından biridir.
Xatırladaq ki, 7 noyabr 2026-cı il tarixinə yolun rəsmi açılışından 5 il ötür. Təməlqoyma isə 16 noyabr 2020-ci ildə baş tutub.