Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
“Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 8 Noyabr – Zəfər Günü milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, bu Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin, diplomatik məharətinin və xalqımızın milli birliyinin təntənəsidir:
"Zəfərə aparan yol uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun və Vətən sevgisinin nəticəsi olub. 1988-ci ildən başlayan Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı Azərbaycan xalqına ağır faciələr yaşatdı. Yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlər dağıdıldı, milli-mədəni irsimizə ciddi ziyan vuruldu. 30 ilə yaxın müddətdə beynəlxalq vasitəçilik mexanizmlərinin münaqişəni həll edə bilməməsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini daha da gücləndirdi. Dövlətimizin əsas strateji məqsədi işğala son qoymaq, beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan iqtisadi gücünü artırdı, müasir ordu qurdu, hərbi sənaye potensialını inkişaf etdirdi və beynəlxalq mövqelərini möhkəmləndirdi".
Politoloq qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi xalqımızın otuz ilə yaxın gözlədiyi tarixi dönüş nöqtəsinə çevrildi. 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək çoxsaylı yaşayış məntəqələrini işğaldan azad etdi.
Müsahibimiz qeyd edib ki, noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini müəyyənləşdirən həlledici hadisə oldu. Onun sözlərinə görə, məhz bu qələbə Azərbaycan xalqının milli iradəsinin sarsılmazlığını və dövlətimizin hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi:
“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, Azərbaycan tarixi ədalətin bərpası istiqamətində mühüm nailiyyət əldə etdi".
Yusif Bağırzadə: Zəfər Günü milli qürurun, tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur
Y.Bağırzadə vurğulayıb ki, dövlət suverenliyinin tam bərpası istiqamətində mühüm mərhələ 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri oldu:
"Nəticədə Azərbaycanın suverenliyi bütün ərazisində bərpa edildi. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltması dövlətçilik tariximizin ən qürurlu səhifələrindən birinə çevrildi. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də bu tarixi hadisənin əhəmiyyətini təsdiqləyir”.
Həmsöhbətimiz bildirib ki, bu gün Zəfərin siyasi nəticələri azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri ilə davam etdirilir. Böyük Qayıdış proqramı çərçivəsində müasir yaşayış məntəqələri salınır, yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri tikilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması yalnız sosial-iqtisadi proses deyil, həm də tarixi ədalətin real həyatda təcəssümüdür.
8 Noyabrın əsas tarixi mesajına da toxunan politoloq bildirib ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli siyasət xalqı ən mürəkkəb sınaqlardan uğurla çıxara bilər.
"Zəfər Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin müqəddəs xatirəsi və qazilərimizin qəhrəmanlığı gələcək nəsillər üçün Vətənə sədaqət nümunəsi olacaqr. Bu Qələbə həm də Azərbaycanın müstəqil gələcəyinin, suverenliyinin və quruculuq əzminin möhkəm təməlidir", - deyərək Yusif Bağırzadə fikrini yekunlaşdırıb.
Gülşən Şərif