Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Zəngilanın azadlığı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən, milli iradəmizin və dövlətimizin qüdrətinin parlaq təcəssümündən biridir. 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ordumuzun göstərdiyi igidlik nəticəsində azadlığına qovuşan Zəngilan bu gün Zəfərin sevincini, quruculuğun əzmini və doğma yurda qayıdışın xoşbəxtliyini yaşayır. Zəngilan Günü torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını qiymətləndirmək və milli birliyimizin gücünü bir daha dərk etmək baxımından xüsusi əhəmiyyət daşıyır. “Zəngilanın azad olunmasına görə” medalının təsis edilməsi və rayon uğrunda döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçuların bu medalla təltif olunması dövlətimizin qəhrəman əsgərlərinə verdiyi yüksək qiymətin rəmzidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Zəngilana səfərləri rayonun bərpasının və inkişafının ardıcıl tarixini təşkil edir. 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan bayrağının qaldırılması azadlığımızın və suverenliyimizin rəmzi hadisəsi oldu. 2021-ci il fevralın 14-də görüləcək işlərin planlaşdırılması və işğal nəticəsində dəymiş zərərin ümumi qiymətləndirilməsi istiqamətində addımlar atıldı. Həmin il aprelin 26-da rayon sakinləri ilə görüş keçirildi, Ağalı kəndlərinin birinci “Ağıllı kənd” layihəsinin və Zəngilan Beynəlxalq Hava Limanının təməli qoyuldu, Zəngilan-Horadiz avtomobil yolunun inşasına başlanıldı. Bu addımlar azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasına yönəlmiş böyük inkişaf strategiyasının başlanğıcı idi.
2021-ci il oktyabrın 20-də dövlət başçısı Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə və Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış oldu, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksində yaradılan şəraitə baxdı, “Zəngilan” yarımstansiyasının açılışında iştirak etdi və rəqəmsal yarımstansiyanın təməlinin qoyulması mərasimində oldu. Oktyabrın 26-da isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, “Dost Aqropark”ın təməli qoyuldu və “Ağıllı kənd” layihəsində görülən işlərlə tanışlıq keçirildi. Bu layihələr rayonun nəqliyyat, enerji, kənd təsərrüfatı və yaşayış infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsinə xidmət edirdi.
2022-ci il mayın 27-də avtomobil yolunun və Zəngilan Beynəlxalq Hava Limanının tikintisi, Zəngilan məscidinin bərpası və intensiv meyvə bağının yaradılması ilə bağlı görülən işlərə baxıldı, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı keçirildi. Həmin il oktyabrın 19-da Ağalı məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüş, hava limanında yaradılan şəraitlə tanışlıq, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimi keçirildi. Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlinin qoyulması şəhərin gələcək inkişafı üçün mühüm mərhələ oldu. 2023-cü il mayın 4-də inzibati binanın təməlinin qoyulması isə müasir idarəetmə infrastrukturunun formalaşdırılmasına töhfə verdi.
Sonrakı illərdə də quruculuq işləri geniş vüsət aldı. 2024-cü il oktyabrın 3-də “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı keçirildi, beşinci və altıncı yaşayış komplekslərinin təməli qoyuldu, 104 mənzilli yaşayış kompleksində və Zəngilan İstirahət Kompleksində görülən işlərlə tanışlıq oldu, “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edildi. 2025-ci il oktyabrın 28-də Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışları keçirildi, sakinlərə yeni mənzillərin açarları təqdim olundu. 2026-cı il mayın 10-da Zəngilan şəhərində ilk 104 mənzilli yaşayış kompleksinin açılışı və yeni mənzillərə köçən ailələrlə görüş baş tutdu, “Zangilan City Park Hotel”in təməli qoyuldu. Bu hadisələr doğma yurda qayıdışın real nəticələrini və rayonun inkişafının davamlı xarakter daşıdığını nümayiş etdirir.
Zəngilanın dirçəlişində Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi xüsusi yer tutur. Müasir yaşayış evləri, rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələri və qabaqcıl kənd təsərrüfatı texnologiyaları sakinlər üçün yeni həyat şəraiti yaradır. Zəngilan Beynəlxalq Hava Limanı, avtomobil və dəmir yolları, enerji obyektləri, yaşayış kompleksləri və turizm layihələri rayonun iqtisadi potensialını artırır, onu gələcəkdə mühüm nəqliyyat, logistika və turizm mərkəzinə çevirəcək imkanlar yaradır. Bəsitçay Dövlət Təbiət Qoruğunun qorunması və ekoloji tarazlığın bərpası da bölgənin davamlı inkişafının vacib istiqamətlərindəndir.
Bu gün Zəngilanın hər yeni binası, istifadəyə verilən hər obyekti və doğma yurda qayıdan hər ailəsi xalqımızın qələbə ruhunu yaşadır. Zəngilanın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi, əsgərlərimizin qəhrəmanlığı və dövlətimizin məqsədyönlü siyasəti bu torpağın gələcəyinə işıq salır. Zəngilan Günü keçmişimizin şərəfli tarixini, bu günümüzün quruculuq əzmini və gələcəyimizin böyük ümidlərini birləşdirir. Doğma torpaqların yenidən canlanması Azərbaycanın gücünün, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Zəngilan azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzi kimi ölkəmizin tarixində daim qürurla yaşayacaqdır.
Maqsud Süleymanlı
YAP Yevlax rayon təşkilatının əməkdaşı