Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsində Surxay Atakişiyevin “Zəfərdən doğan həyat və ilk sevgi nağılı” adlı məqaləsi həvəsləndirici mükafata layiq görülüb.
Müəllif yazısında uşaqlıq illərindən yaddaşında qalan Kəlbəcər xatirələrini, doğma yurda və onun təbiətinə olan sevgisini səmimi və duyğusal dillə qələmə alıb. Əsərdə Uzun yal, Əm bulağı, Pəri çınqılı kimi məkanlarla bağlı xatirələr, 30 illik həsrət və doğma torpağa qayıdışın yaratdığı hisslər ön plana çıxır.
Moderator.az həmin məqaləni təqdim edir:
Deyirlər ilk məhəbbət unudulmur.Amma bu yaşımda gördümkü ilk məhəbbət, ilk sevgi təkcə bir qıza qarşı olmurmuş. İlk sevgi həm də bir yurda, konkret bir əraziyə də olurmuş. Bu sevgi, məhəbbətsə heyranlıqdan ötə bir hisdir. Bəzən bir ömrün ən böyük arzusu bir elatın yolunu yenidən görmək olur. Bəzən illərlə qəlbdə daşınan həsrət bir ovuc torpağa, bir bulağın səsinə, bir dağın ətrinə bağlanır.
Eynən, mənim kimi...
Mən sizlərə ilk sevgimdən danımaq istəyirəm. Hansı ki, 35 ilə yaxın o sevginin acısını qəlbimdə daşımışam. Bir də onu, ən azından onun bənzərini görmək üçün Azərbaycanı qarış-qarış gəzmişəm. O torpağın ətrini, o bulaqlarını sehrini bir də duymaq, yaşamaq üçün gəzmədiyim el-oba qalmadı. Həttə o cənnətməkan yerin ətrini dadmaq üçün ora yaxın əraziyə- Toranaya, Xoşbulağa qalxmışam. Amma gördüklərimin heç biri illər əvvəl yaşadıqlarımı, gördüklərimi təkrarən yaşamağa kömək olmayıb.
Bəli, bəli mənim uşaqlıq sevgim, ilk məhəbbətim Kəlbəcərdir. Daha konkret desək Kəlbəcərin qərb hissəsində Dəli dağın şimal-qərb hissəsində “Uzun yal” deyilən kiçik bir ərazi...
Bu ərazi miqyas cəhətdən çox kiçik bir yer olsa da, mənim 60 illik həyatıma sığmayacaq qədər böyük bir cənnətməkandır.
Bəs, mən necə sevdalandım?
Mən bir tərəkəmə ailəsində böyümüşəm. Və bu ailənin mənə ən böyük töhfəsi, hədiyyəsi bəlkə də Zəngəzuru,Qarabağı, Kəlbəcəri qarış-qarış gəzməyim olub. Və mən cənnətməkan torpaqları şairlərin dilindən eşidib, televiziya ekranlarından görüb sevməmişəm. Mən o yerlərin gözəlliyini canlı yaşamışam, içimə çəkmişəm və bu yaşadıqlarım bir ömrə sığmayacaq qədər məndə xatirələr, xoş anlar yaradıb.
Biz yaylağa hər il may ayının 15-20-i arasında qalxırdıq. Yaylağa iki yolla gedirdik. Birinə “Qala yolu” deyirdilər. Yəni Şuşadan qalxıb, Turş suyu aşıb Laçının məşhur Ərməz, Farmaş təpə ərazisinə çatırdıq. İkinci yolsa Cəbrayıl-Qubadlı-Laçın yolu idi. Buna da “Gəyən yolu” deyirdilər.
Fermaçılar sürülərlə “Qala yolu”nu 8-10, “Gəyən yolu”nu isı 10-12 günə qət edirdilər. Biz uşaq olanda bu yolu yük maşınları ilə, “baldırımız bərkiyəndən”- yeniyetmə olandan sonra at belində və yaxud piyada keçirdik. Əziyyətli, amma şirin bir yolçuluq idi.
Ərməzdə çox qalmırdıq. Çünki burada havalar tez isinirdi. Ona görə də iyunun ortalarında dağları aşaraq Uzun yala köç edərdik. Uzun yalda isə iki ay qalardıq. Avqustun 10-na, 15-nə qədər burda heyvanlar yaxşıca bəslənilirdi. “Quyruq donan” ayın başlanğıcında isə yenidən Ərməzə qayıdırdıq. Sentyabrın əvvəllərində isə Arana üz tuturduq.
Uzun yalla ik tanışlıq
8-10 yaşımda ilk dəfə bu sehirli aləmə düşdüm.Biz Uzun yala çatanda qəşəng gün çıxmışdı. Elatın kişiləri səsləndi ki, “nə qədər ki, yağış gəlməyib, tez alaçıqları tikək”. Təəccübləndim... Axı yağış havası yox idi...
Bir neçə saat keçməmiş göyün üzünü yavaş-yavaş buludlar aldı.Az sonra bir leysan getdi ki, “tut ucundan göyə qalx”. Amma leysan uzun sürmədi və buludlar sürətlə gəldikləri kimi sürətlə dağılıb getdi. Səhər yuxudan oyananda isə heç kimi “tanımadım”. Hamının dodaqları çartlamış, yanaqları qıpqırmız olmuşdu. Təbii ki, mənim də. Rəhmətlik anam üzümü yuyandan sonra yanaqlarıma və dodaqlarıma çiyə çəkdi ki, ağrılar məni incitməsin. Və bir neçə günə üzümün dərisi demək olar ki, dəyişdi.
Valideynlərimizin ilk gündən bizə 3 qadağası oldu: Pəri çınqılına qalxmaq, Qara göldə çimmək, dumanda uzağa getmək olmaz.
Səbəbsə bu idi ki, Pəri çınqılında ayı çox olurdu. Qara göldə isə su axmırdı deyə batmaq təhlükəsi böyük idi. O yerlərin dumanı da o qədər qatı və uzunmüddətli olurdu ki, bəzən 10 metr qarşını görmək olmurdu. Və hər an azmaq risqi vardı. Biz 2 qadağaya əməl etsək də birinə əməl etmədik. Çünki canlı ayı görmək marağı bizi rahat qoymurdu. Bir gün canlı təbiət sərgisi olan Pəri çınqılına qalxdıq. Burada nə zamansa vulkan püskürtüsündən sonra yanmış daşlardan bir dağ əmələ gəlmişdi. Bu daşların bəziləri o qədər yüngül idi ki, bəzən 2 diametrli daşı uşaqlar belə yerindən oynada bilirdi.
Nəhayət, xəlvətçə Pəri çınqılına qalxdıq. Bir xeyli burada daşlarla oynadıq. Bir də baxdım ki, qonşum Kərəm gözləri bərəlmiş şəkildə, əl-qol hərəkətləri ilə mənə nəyisə başa salmağa çalışır. Bir az irəli gedib baxdım. Ayı qayanın dibində sanki “qış yuxusu”na getmişdə.
Qorxudan tək bir kəlmə qışqıra bildim: “Ayı...”Səsimdəki vahimədən uşaqlar necə qorxdularsa heç kim geri baxmadan üzü aşağı qaçmağa başladı. Alaçıqların yanında ancaq dayana bildik. Təbii ki, qorxumuzdan alaçıqlara getmədik ki, valideynlərimiz bizi cəzalandırar. Him-cimləşib Əm bulağına tərəf getdik. Bulağın suyundan doyunca içib, özümüzə gələndən sonra eyni anda hamımızı gülmək tutdu. Yol boyu bir-birimizin hərəkətlərini yamsılayaraq doyunca gülüşdük.
Təbii ki, Pəri çınqılına “səfərimiz” barədə valideynlərimizə heç nə demədik və bir daha o tərəfə yön almadıq.
Sərin, bəzənsə soyuq hava bizdə heç zaman Qara göldə çimmək həvəsi yaratmadı. Dumanda isə valideynlərimizin güclü nəzarəti səbəbilə çölə çıxmırdıq.
Əm bulağı
Bu bulaq haqqında ayrıca danışmaq istəyirəm. Bəri başdan deyim ki, bulağın kənarları daş muzeyini xatırladırdı. Uzun illər bura gələnlər öz adlarını bulağın kənarındakı daşlara həkk eləmişdilər. Ona görə də bulağa ilk gələnlər bəlkə də saatlarla “imza”lara baxmaqla vaxtını keçirirdi.
Bəlkə də o yerləri mənə ən çox sevdirən elə bu bulaq olmuşdu. Bulağın suyu o qədər yüngül idi ki, içməklə doymaq olmurdu. Bəlkə də bir nəfəsə bir-iki litr su içirdik. Amma özümüzdə qəti ağırlıq hiss etmirdik. O qədər su hara gedirdi, bilmirdik.
Bir səhər baxdım ki, kolxoz sədrinin oğlu Ceyhun bulağın başında oturub çörək yeyir. Yaxınlaşıb, salamlaşdım. Məni də yeməyə dəvət etdi. Baxdım ki, yağ-pendir dürməyini bulaqdan götürdüyü suyla iştahla yeyir. Soruşdum ki, “ürəyin bulanmır? Suyla çörəyi necə yeyirsən?”
Güldü. “Gəl, yoxla. Gör sənin şirinçayından nə qədər dadlıdır”.
Bir qədər tərəddüddən sonra sınadım. Necə də dadlı idi.
Bundan sonra hər səhər dürməyimi götürüb Əm bulağına qaçırdım. Və bu hadisəni sonradan tez-tez xatırlayıb, danışırdım. 90-cı illərdə Xızı rayonuna ezamiyyətə getmişdim. Bulaq suyu ilə bağlı yenə Əm bulağını, Kəlbəcər suyunu xatırladım, öydüm. İcra başçısı deyəsən təriflərimdən incidi.
“Səhər hazır ol, aparacam səni , görəcəksən ki, bizdə də o cür bulaqlar var” dedi.
Səhər İcra başçısının sürücüsü bizi götürüb Altıağac tərəfə qaldırdı. İcra başçısı bizi “hadisə yerində” gözləyirdi. Bulaq başında ləziz süfrə açılmışdı. Əyilib bulaqdan bir qab su götürdüm. Süfrədəki təamlardan da dadmağa başladım. Amma, Vallah o deyildi. Heç bir stəkan su içə bilmədim.
Təbii ki, etika xatirinə bunu biruzə vermədim ki, “ev yiyəsi” inciməsin.
Açığını deyim ki, 35 ildə Azərbaycanın bütün guşələrini gəzdim,Kəlbəcərdə, Əm bulağından içdiyim suyun eynisini axtardım, tapmadım. Təkcə Çuxuryurdda bir bulaqdan içdiyim su Kəlbəcər sularını azacıq xatırlatdı.
Alimlərdən də bunu soruşdum. Dedilər ki, Laçın-Kəlbəcər bölgəsindəki sular yüngül sudur. El arasında buna “ağ su” deyirlər. Azərbaycanın digər bölgələrində olan bulaq suları isə əsasən “qara su”dur. Çox içmək olmur, ağırlıq yaradır. Doğrudur Gəncəbasarda da “ağ su” satılır. Amma o deyil...
Bitməyən xatirələr...
Kəlbəcərlə bağlı xatirələrimi bəlkə də günlərlə danışsam bitməz, tükənməz. Ona görə də sizləri çox yormadan o yerlərin kerçək bir cənnət olduğunun sübutu üçün bir xatirəmlə söhbəti “bağlamaq” istəyirəm.
Arana duz gətirməyə gedirdilər. Atam məni də o adamlara qoşdu ki, “bir işin qulpundan”yapışım. Soltanheydər yamacından düşüb İsti suda suluqlandıq. Bir qədər dincələndən sonra üzü Ağdərəyə yol aldıq. Ağdərənin mənzərəli bir yerində böyüklər avtomobili saxladı-nahar vaxtı idi. “Pavilyon”da qəşəng bir süfrə açılsa da mən “bir qismət” yeyib, kənara çəkildim. Darıxdığım üçün yaxınlıqdakı meyvə bağlarına tərəf getdim. Baxdım ki, yaşlı birisi dəryaz vurur. Yaxınlaşıb salam verdim.
Cavabımda başa düşdüm ki, qarşımdakı ermənidir. Bir az söhbətləşdik. Azərbaycanca çox pis danışan qoca anlatdı ki, İrəvanda yaşayır:
“Amma burada bağlarımız var(?). Hər yay gəlirik, burada dincəlirik, Qış azuqəmizi də yığıb, sentyabrda geri dönürük”.
Uşaq sadəlöhvlüyü ilə içimdə sevindim. Öz-özümə dedim ki, “görün nə cənnət yerlərimiz var ki, ermənilər İrəvandan bura gəlir”.
Amma sonralar çoxları kimi mən də başa düşdüm ki, doğrudan da Qarabağ və ətraf ərazilər Allahın bizə lütf etdiyi bu dünyadakı cənnətdir. Və bu həqiqəti çox təəssüf ki, ermənilər bizdən daha yaxşı bildikləri üçün əsrlər boyu bu əraziləri qarış-qarış ələ keçirtmək istəyiblər.
Bax, mənim gördüyüm qoca ermənini də İrəvandan Ağdərəyə çəkib gətirən bu cənnətin qoxusu idi...
Təbii ki, 30 illik həsrət bizlərə çox şey öyrətdi. Ən azından müvəqqəti də olsa itirdiklərimizin fərqinə vardıq.Və 30 ildə hamı kimi mən də cənnətməkan yerlərimiz, xüsusən də Kəlbəcər üçün göyüm-göyüm göynədim. Əslində o yerlər mənim yaddaşımdan bir anlıq da olsa silinmədi. Əksinə bir yaylaq görəndə, bir bulağa qalxanda onu Uzun yalla, Əm bulağı ilə müqayisə etdim. Və hər dəfə də ilk sevgimi əvəz edəcək bir istinad tapa bimək ümidim puça çıxdı.
Ona görə də ilk sevgimlə bağlı kimlərdənsə nəyisə dinləmək, eşitmək mənə çox xoş gəlirdi. Bax, mərhum jurnalist Zülfüqar Hüseynzadə ilə tanışlığımıza da bu sevgi səbəb olub. Ənənəvi olaraq hər ilin 8 aprelində təşkil olunan Adaban faciəsinin anım günlərinin birində onunla tanış olduq. Ümumi tanışlıq, Kəlbəcərlə bağlı xatirələr bizi isinişdirdi. Sonralar hər dəfə görəndə zarafatla deyirdim:
“Kəlbəcərə nə vaxt gedirik?”.
Hər dəfə də o, bığaltı gülümsəyib, yavaşca “İnşallah!” deyirdi.
Nəhayət, 30 illik həsrət bitdi. Kəlbəcər azad olundu. Amma bu həsrət, bu acı çoxları kimi Zülfüqar bəyin də qəddini əymişdi. Və günlərin bir günü bu həsrətə son vermək, təşnə olmuş ürəyini soyutmaq üçün Kəlbəcərə, doğma Başlıbelə getdi. Amma gördüyü erməni vəhşiliyi, nənəsinin nəşinin itkin izi onu elə sarsıtdı ki,cəmi bir səhəri Başlıbeldə aça bildi. Yalnız bir səhər doyuncu cənnətin qoxusunu ciyərlərinə çəkdi. Amma 30 illik həsrət, nisgil onun kövrək və həssas qəlbini yormuşdu.
Və 2023-cü ilin iyun ayının 18-də sonuncu dəfə ənginliklərə boylandı, Başlıbel kəndinin təbii gözəlliklərini içinə çəkdi və cəmi 52 yaşında doğulduğu ata ocağında bu dünyadakı cənnətə əbədi olaraq gözünü yumdu.
“Sevgi insanı öldürmür, saraldır bədrəng eləyir”
Bunu bir şairdən eşitmişdim. Və Zülfüqar bəyin ölüm xəbərini eşidəndə ilk ağlıma bu gəldi:
“ Bəs deyirlərdi ki, sevgi insanı öldürmür?"
Amma sən demə sevgi insanı öldürə də bilirmiş...
Bu gün Kəlbəcər yenidən qurulur. İnsanlar yavaş-yavaş öz dədə-baba ocaqlarına qayıdır. O yerlər yenidən gəl-gəl deyir. Kəlbəcərin dağları yenə öz sakinlərini qucaqlayır. Təbiəti yenidən öz sahiblərinin səsini eşidir. Hər daş, hər qayalıq, hər ağac sanki "xoş gəlmisiniz" deyir. Çünki torpaq öz sahibini tanıyır və onu heç vaxt unutmur.
Kəlbəcərə qayıdan hər bir ailə ilə birlikdə Azərbaycan tarixinin yeni və qürurverici səhifəsi yazılır. Bu səhifənin adı isə birdir: Zəfərdən doğan həyat.
Amma mən gedə bilmirəm...
Qorxuram ki, gedərəm Əm bulağını qurumuş, Pəri çınqılını dağılmış görərəm. Bax, o zaman Zülfüqar bəy kimi məni də sevgi öldürər.
Ona görə də bu yaşımda xatirələrin işığını daha uyğun bilirəm. Bir də təsəllim “İsti su”dur. 7/24 süfrəmdə olan bu sudan içib, gözümü yumub o cənnətməkanı bir daha xəyalən gəzirəm.
Əsas odur ki, Qarabağ, Kəlbəcər artıq azaddır.
Azadlıqdan böyük hansı xoşbəxtlik ola bilər ki?!