Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları ŞƏRH

19.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini eşidənlər arasında bu şəhəri ömründə görməyən, amma küçələrini ata-anasının xatirələrindən tanıyan bütöv bir nəsil vardı. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi mənası həmin nəslin taleyində aydın görünür. Otuz ilə yaxın davam edən işğalın nəsildən-nəslə keçən bir aqibətə çevrilməsinin qarşısı alındı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək yolunda həlledici addımı atdı. 2023-cü ilin sentyabrında isə ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpası ilə bu tarixi proses tamamlandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi icmalçı Əbülfəz Babazadə bildirib.

O xatırladıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strategiyasını anlamaq üçün 44 günün arxasında dayanan illərə baxmaq gərəkdir: “Enerji gəlirlərinin bir hissəsinin ordu quruculuğuna yönəldilməsi, zabit hazırlığına verilən önəm, Türkiyə ilə hərbi əməkdaşlığın dərinləşməsi Azərbaycanın öz qərarını həyata keçirmək imkanını genişləndirdi. Diplomatiyada isə Bakı danışıqların uzanmasının işğala hüquqi qüvvə qazandırmayacağı mövqeyini qorudu. Beləliklə, siyasi məqsəd əvvəlcədən müəyyənləşdi, ona çatmaq üçün iqtisadi və hərbi imkanlar mərhələlərlə formalaşdı. Bu ardıcıllıq müharibənin gedişində qərar vermək sərbəstliyi yaratdı.

Azərbaycan Ordusunun qazandığı üstünlük 10 noyabr bəyanatı ilə Ağdam, Kəlbəcər və Laçın rayonlarının əlavə döyüşlər aparılmadan qaytarılmasına yol açdı. Bu qərarın dəyərini azad edilən torpaqların sahəsi ilə yanaşı, övladının sağ qayıtmasını gözləyən ailələrin taleyi ilə də ölçmək lazımdır. Şəhidlərimizin fədakarlığı qarşısında dövlətin daşıdığı məsuliyyət bu gün həmin torpaqlarda insan həyatını qorumaq və yaşatmaq vəzifəsində davam edir”.

Ekspert qeyd edib ki, Böyük Qayıdışın ən mürəkkəb tərəfi ev tikməklə yurd salmaq arasındakı məsafədir. Birincisi tikinti təqviminə sığır, ikincisi ailənin illər sonrasına dair qərarından asılıdır. Ağalıya qayıdan ailə üçün kəndin gələcəyi övladının məktəbindən, əkin sahəsinə təhlükəsiz gedib-gəlməkdən, yetişdirdiyi məhsula alıcı tapmaqdan başlayır. Mina təmizləyən mütəxəssisin işi ilə müəllimin sinifdə keçdiyi ilk dərs arasında birbaşa bağ var. Qarabağda və Şərqi Zəngəzurda çəkilən yollar, qurulan su və elektrik şəbəkələri bu bağı möhkəmləndirir.

Bərpanın uzunmüddətli nəticəsini isə orada böyüyən gəncin peşə sahibi olduqdan sonra öz şəhərində yaşamaq üçün görəcəyi imkanlar müəyyən edəcək. Şuşada Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi qayıdışın başqa bir tərəfini də göstərir. Vaxtilə bu şəhərdən didərgin düşən insan üçün doğma dildə şeir səslənən meydanın, muğam eşidilən həyətin öz mənası var. Şəhərin tarixi simasını qorumaq qayıdan ailələrin yaddaşına hörmətin açıq ifadəsidir.

“Cənubi Qafqazda sülhün perspektivi də belə konkret maraqlardan keçir. Azərbaycanla Ermənistanın bir-birinin suverenliyinə və sərhədlərinə hörməti əməkdaşlığın siyasi əsasıdır. Nəqliyyat əlaqələrinin açılması isə bu prinsipə gündəlik iqtisadi məzmun verə bilər. Yükün hansı qayda ilə sərhədi keçəcəyini bilən sahibkar sərmayə qoymaq üçün hesab apara bilir. Sərhədyanı kəndin sakini sabah torpağını təhlükəsiz əkəcəyinə inananda razılaşmanın faydasını öz həyatında görür. Qarşılıqlı etimad məhz belə təcrübələr toplandıqca yaranır. Azərbaycanın Zəfərlə əldə etdiyi strateji imkan regionun gələcəyini müharibə ehtimalından daha güclü bir maraq üzərində qurmaqdır. Bu maraq hər iki tərəfdə insanların sülh şəraitində qurduğu həyatı qorumaq istəyidir”, - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью