Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zəfərimizin 6-cı ildönümünə sayılı günlər qalıb. Vətən müharibəsindən ötən müddətdə Azərbaycan Ordusunda hansı dəyişikliklər baş verib? Ordumuzun döyüş qabiliyyəti, silahlanması və hərbi hazırlıq səviyyəsi hansı istiqamətlərdə təkmilləşdirilib?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, 2020-ci ildəki ordumuz 2026-cı ildə artıq tamamilə fərqli formadadır:
"Bu gün ordumuz daha yeni, müasir və modern üsullarla təkmilləşdirilən bir ordudur. Təkcə ordu deyil, Silahlı Qüvvələrimizin şəxsi heyəti də mühüm əhəmiyyət daşıyır. Azərbaycan ordusu həm şəxsi heyətinin sayına, həm də texnikasının miqdarına görə bir çox ölkələrin ordularından fərqlənir. Son altı il ərzində Azərbaycan ordusunda ciddi yeniliklər baş verib. Yeni silah-sursatlar alınıb, hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri gücləndirilib. Pakistan, İtaliya, Çin, qardaş Türkiyə və digər ölkələrdən əldə olunan vasitələr, rəsmi mətbuatda yayılan məlumatlara əsasən deyə bilərəm ki, Azərbaycan ordusunun imkanları xeyli genişlənib", - deyə o vurğuladı.
Müsahibimiz həmçinin vurğuladı ki, döyüş ruhumuz da dəyişib, yenilənib:
"Bunu xidmətdə olanlar daha yaxşı bilirlər. Ona görə də deyə bilərəm ki, Azərbaycan ordusu müsbət istiqamətdə dəyişib. Sözsüz ki, hər bir orduda müəyyən çatışmazlıqlar olur. Dünyanın ən böyük ordularından olan ABŞ, Fransa, Rusiya, Türkiyə və İngiltərə orduları da ideal deyil. Bu gün dünyada baş verən proseslərə baxdıqda görürük ki, mükəmməl ordu yoxdur. Hər birinin öz müsbət və mənfi cəhətləri var. Bu da təbiidir. İş olan yerdə nöqsan və çatışmazlıqlar da olur. Azərbaycan ordusunun da ideal olduğunu heç kim iddia edə bilməz. Ordumuzda neqativ hallar olub, bu gün də var və gələcəkdə də ola bilər. Bunu əminliklə deyirəm, çünki insanlar fərqli düşünür və hadisələrə müxtəlif cür yanaşırlar".
Polkovnik ordumuzun hansı istiqamətlərdə dəyişdiyindən də bəhs etdi:
"Ordu artıq yeni çağırışlara və təhlükələrə cavab vermək gücündədir. Azərbaycan ordusu ilə hesablaşırlar. Bu gün zabitlərimiz dünya ordularının zabitləri ilə eyni səviyyədə bilik və bacarıqlara malikdirlər. Əvvəllər biz daha çox qarşı tərəfi dinləyirdiksə, indi Azərbaycan ordusunun zabitləri amerikalı, ingilis, türk, fransız, danimarkalı və çinli hərbçilərlə, eləcə də Azərbaycanla hərbi sahədə əməkdaşlıq edən digər ölkələrin nümayəndələri ilə bərabər səviyyədə müzakirələr aparırlar. Orta Asiya ölkələrindən Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanı, həmçinin Belarus və Baltikyanı respublikaları qeyd edə bilərik. Həmin ölkələrin ordularının zabitləri və generalları ilə bərabər səviyyədə ünsiyyət qurur, ordu quruculuğunun uğurları və çatışmazlıqları barədə fikir mübadiləsi aparırlar.
Azərbaycan ordusunun hansı istiqamətlərdə təkmilləşdiyindən danışarkən qeyd etməliyik ki, həm quruda, həm havada, həm də dənizdə böyük işlər görülür. Bu proses təkcə Müdafiə Nazirliyi ilə məhdudlaşmır. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi və digər strukturlar da təkmilləşir, inkişaf edir. Hesab edirəm ki, qarşıdakı illərdə də bu istiqamətdə çox iş görüləcək. Azərbaycan ordusu daha da yenilənəcək, modernləşəcək və biz öz ordumuzla hər zaman qürur duyacağıq".
NURİYYƏ