Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
II məqalə
İdeoloji-informasiya təhlükəsizliyinin mahiyyəti
Konseptual baxımdan burada diqqəti çəkən xüsusi məqam ideoloji və informasiya təhlükəsizliyinin vəhdətdə təqdim olunmasıdır. Əslində, “ideologiya” və “informasiya” fərqli semantik sahəyə və cəmiyyətdəki funksiyalarına malikdirlər. İdeologiya ümumi anlamda dövlətin maraqlarını ifadə edən ideyalar, dəyərlər və mənalar sistemidir. İdeologiya konsepsiyadır və həm də dövlət kontekstində doktrinadır.
“İnformasiya” termini isə tamamilə başqa semantikaya və funksiyaya malikdir. İndiki anlamda informasiya (yəni Qərb elmi ənənəsində) hər şeydən öncə predikatdır, yəni xəbərdir, məlumatdır. O, özlüyündə məlumat kimi sistem deyildir, ayrıca vahiddir. Onu vurğulayaq ki, elm tarixində informasiyanın çoxlu tərifi mövcuddur, onlara diqqət etmirik, çünki təhlil tamamilə başqa yön ala bilər. Burada bizi maraqlandıran informasiyanın predikatlığı, yəni məlumat daşıyıcısı olmasıdır.
Bundan başqa, indiki mərhələdə informasiyanın vahid yayılma mənbəyi yoxdur, o, sərbəstdir. Üstəlik, informasiya almaq da sərbəstdir – istənilən şəxs kimsədən icazə almadan çox müxtəlif informasiyaları anında İnternetdən əldə edə bilər. Deməli, ideologiya öncədən konkret məqsəd üçün sistemləşdirilmiş bilikdirsə, informasiya xəbər kimi dünya mənəvi, ideya, ideologiya, doktrina “məkanında” sərbəst “dolaşan” vahiddir. Lakin informasiya həm də konsepsiya və ya doktrinanın semantik sahəsinin bünövrəsini təşkil edir. İdeyalar, konseptlər və konsepsiyalar informasiyaların qarşılıqlı münasibətlərindən müəyyən qaydalar əsasında formalaşırlar.
Digər tərəfdən, ideologiyanın cəmiyyətdə əsas funksiyaları dünyagörüşü (cəmiyyətə və dünyaya baxışlar sistemi), birləşdirici (bir cəmiyyəti birləşdirə bilər) və ya ayırıcı (sosial mühitdə qarşıdurma yarada bilər) və tənzimləyici (insanların davranışlarını istiqamətlndirir) xüsusiyyətlərinə malikdirsə, informasiyanın sosial, mədəni, məlumatlandırmada məqsəd kimi funksiyaları onlardan necə istifadə etməklə bağlıdır. Bir informasiya elə tondan yayılar ki, dağıdıcı rol meydana çıxar, lakin həmin informasiya başqa rakursda veriləndə birləşdiriciliyə aparar və s.
Beləliklə, hər bir ölkə üçün konkret tarixi mərhələdə ideoloji-informasiya təhlükəsizliyi müxtəlif aspektli, xüsusi məqsədli və sistem halında davamlı aparılan proses kimi dərk edilməlidir. Onun başlıca xüsusiyyəti informasiya təhlükəsizliyi ilə ideoloji təhlükəsizliyi vahid məntiqi müstəvidə və məqsəddə sintez edə bilməklə bağlıdır.
Məsələyə konseptuallıq və doktrinalıq səviyyəsində yanaşıldıqda isə daha mürəkkəb idrakı mənzərə meydana gəlir. Bu baxımdan Azərbaycan Prezidenti Qurultayda konseptual aspektdə ideoloji-informasiya təhlükəsizliyini mükəmməl şəkildə ifadə etmişdir.
Azərbaycan üçün əsas konseptual mənası
Prezidentin Qurultaydakı nitqində ideoloji-informasiya təhlükəsizliyi dəqiq semantik və funksional kontekstdə əksini tapmışdır. Onu bir neçə komponentin sistemi və ya şəbəkəsi kimi təsəvvür etmək olar. Onlar aşağıdakılardır:
- dövlətin və cəmiyyətin mənəvi-ideoloji dayanıqlığı;
- milli maraqların qorunması;
- informasiya məkanında xarici təsirlərə qarşı immunitet yaratmaq imkanları.
Əsas məqam ondan ibarətdir ki, bu struktur elementləri statik münasibətdə olmamalıdırlar, yəni hansısa məqamların sadəcə fiksasiya edilmiş görüntüsü deyildirlər. Əksinə, həmin əsas elementlər (və ya ideoloji komponentlər) vahid sistemdə elə funksionallığa malik olmalıdır ki, yekunda vahid semantik mühit meydana gələ bilsin. Yalnız bu halda ideoloji-informasiya təhlükəsizliyindən danışa bilərik.
İndi bu kriteriyaların prizmasında dövlət başçısının Qurultaydakı nitqində məsələni təqdimatının əsas məqamlarına baxaq. Öncə, onu qeyd etmək vacibdir ki, Azərbaycan Prezidenti yalnız texniki informasiya təhlükəsizliyindən bəhs etmir. Ölkə rəhbəri məsələyə geniş prizmada və müxtəlif aspektlərin sintezində yanaşır. Burada başlıca xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
- Cəmiyyətə doğru informasiyalar verilməlidir ki, adekvat sosial-mədəni və informasiya mühiti inkişaf etsin;
- Dezinformasiya və pozucu təbliğatın hər bir növünə qarşı toplumun immuniteti davamlı olaraq gücləndirilməlidir;
- Milli kimlik qorunmalıdır;
- Dövlətçilik şüuru dominant olmalı, inkişaf etdirilməli və qorunmalıdır;
- İctimai həmrəylik yeni səviyyəyə yüksəldilməli və həm də qorunmalıdır;
- Ölkənin ideoloji baxımdan zəiflədilməsinə və parçalanmasına, separatçı əhval-ruhiyyənin yaradılmasına istiqamətlənmiş cəhdlər çevik şəkildə aşkar edilməli və neytrallaşdırılmalıdır. Bütövlükdə bu cəhdlərə qarşı kollektiv müqavimət daim inkişaf etdirilməlidir.
Bunları ümumiləşdirdikdə belə nəticə çıxarmaq olar ki, Azərbaycan Prezidentinin nitqində ideoloji-informasiya təhlükəsizliyi dövlətin müstəqilliyini, ölkənin daxili sabitliyini və cəmiyyətin milli dəyərlərini qoruyan strateji müdafiə xətti anlamındadır. Bu, bütövlükdə “güclü Azərbaycan” obrazına tam uyğundur.
Daha konkret səviyyədə məsələyə baxanda ideoloji-informasiya təhlükəsizliyinin məzmununu dərk etmək olur.
Məzmunu
Prezidentin nitqində ideoloji-informasiya təhlükəsizliyinin məzmunu üç aspektin məna sintezi kimi təqdim olunur.
Birincisi, dövlətin və cəmiyyətin milli ideoloji sabitliyini qoruyan faktorlardır. “Milli ideoloji sabitlik” əslində dinamik olaraq dövlətçiliyə uyğun sosial-mədəni, siyasi, ideoloji, mənəvi-mədəni mühitin saxlanmasını ehtiva edir. Yəni istənilən sürətlə dəyişən situasiyada Azərbaycanda milli-ideoloji mühit dayanıqlı şəkildə mövcud olmalıdır və bu kontekstdə məzmunlaşmalıdır.
İkincisi, informasiya məkanında xarici təsirlərə dayanıqlığı təmin edən parametrlərin qarşılıqlı əlaqələr formasında mövcudluğudur. Bu aspekt ideoloji-informasiya təhlükəsizliyinin mərkəzi xüsusiyyətlərini ifadə edir. Çünki hazırkı dönəmdə xarici təsirlər məsələsi hər bir müstəqil dövlət üçün həyati əhəmiyyətli problemə çevrilmişdir.
Təcrübə göstərir ki, bu üsulla hətta ölkələrdə hakimiyyət çevrilişləri edirlər, kütləvi iğtişaşlar yaradırlar, toplumun birliyini, hakimiyyət-xalq həmrəyliyini pozurlar. Nəticədə ölkə parçalanmaya, bir-birinə düşmən kəsilmiş düşərgələrin iç savaşına sürüklənir. Şübhə yoxdur ki, belə gedişat dövlət müstəqilliyi və suverenliyin təmininə uyğun deyildir. Buna görə də xarici təsirlərin sistemli şəkildə neytrallaşdırılması dövlətçilik baxımından strateji mahiyyətli məsələdir.
Üçüncüsü, ayrıca dezinformasiyaya, şüurun və psixologiyanın manipulyasiyalarına qarşı müqavimət təmin edilməlidir. Bu bağlılıqda Prezident İlham Əliyevin Qurultayda ifadə etdiyi aşağıdakı fikirləri çox əhəmiyyətlidir. Dövlət başçısı demişdir: “...ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.
Təhsil və vətənpərvərliyin ideoloji risklər kontekstində diqqət mərkəzinə gətirilməsi çox vacibdir. Bu müddəanın təməlində çoxlu sayda faktorlar dayanır. Onlar haqqında Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda (20 iyun 2020-ci il) dəqiq fikirlər ifadə etmişdir.
Dövlət başçısı dezinformasiya və yalan məlumatlarla mübarizə kontekstində ifadə etmişdir: “Təəssüflər olsun ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilibdir. Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq...”
Bu proses illərlə davamlı olaraq aparılmışdır. Onun arxasında dayanan dairələr də yaxşı məlumdur. Onlar Azərbaycan haqqında yanlış narrativlər yayır və ölkəmizi reallıqdan çox uzaq olan bir şəkildə təqdim etməyə çalışırdılar (indi də davam edirlər). Bütövlükdə məsələ yalnız Azərbaycanla məhdudlaşmır. Yəni “Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.
Deməli, Azərbaycanın ideoloji-informasiya təhlükəsizliyi kontekstində dezinformasiya və manipulyasiyalarla mübarizəsi həm də qlobal miqyasda ictimaiyyətin şüurunun tamamilə süni, qondarma ssenarilərə istiqamətləndirməsinə imkan verməmək məqsədi ilə bağlıdır.
Təmini mexanizmləri və məqsəd
Özlüyündə ideoloji-informasiya təhlükəsizliyinin tam təmini çox mürəkkəb və müxtəlif aspektləri olan davamlı proses-sistemdir. Dövlət başçısı Qurultaydakı nitqində onun başlıca məqamları haqqında tezislər irəli sürmüşdür.
İdeoloji-informasiya təhlükəsizliyinin təmini mexanizmlərinin üç mühüm tərkib faktorunu Prezident vurğulamışdır. Onlar, birincisi, real faktlara dayanan kommunikasiyanın gücləndirilməsi, ikincisi, media əməkdaşlığının daim real vəziyyətə uyğun aktuallaşması və bu mənada inkişaf etməsi, üçüncüsü, dezinformasiyaya çevik cavab verməklə təhlükə, risk və təhdid elementlərini sosial mühitdə pozucu rol oynamadan neytrallaşdırılması ilə bağlıdır.
Bu özəlliklərdən ideoloji-informasiya təhlükəsizliyinin ümumi məqsədini dövlət başçısının milli maraqları qorumaq kimi müəyyən etdiyi qənaətini alırıq. Bunun mühüm altməqsədi olaraq (həm də bu kontekstdə prinsipi və reallaşma mexanizmi) ideoloji müstəqilliyin təmini ön sıraya çıxır. Cəmiyyətə təsiri aspektində isə milli maraqlara əsaslanan təhlükəsizlik konseptinin başlıca xüsusiyyəti ictimai sabitliyi qorumaq ola bilər.
Buradan ideoloji-informasiya təhlükəsizliyinin təmini kontekstində konseptuallıqla praktiki-tətbiqi aspektlərin sintezində əhəmiyyətli mənzərə alınır: milli maraqlar+ideoloji müstəqillik=ictimai sabitlik.
Beləliklə, Prezident İlham Əliyevin Qurultaydakı nitqində Zəfərdən sonrakı mərhələdə qarşıda dayanan vəzifələr kontekstində ideoloji-informasiya təhlükəsizliyi dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi kimi qiymətləndirilir. Bu bağlılıqda dezinformasiyaya qarşı sistemli, institusional və koordinasiyalı mübarizə xüsusi yer tutur. Onu mütləq diqqətə almaq lazımdır ki, dövlət başçısı həmişə fikirlərində dezinformasiyaya qarşı mübarizəni sistemli önləyici siyasətin nümunəsi olaraq təqdim edir.
Yəni dezinformasiyaya qarşı çox fəal taktika və strategiya seçmək gərəkdir. Ancaq müdafiə mövqeyində olmaq davamlı uğur gətirə bilməz. Bunun başlıca əlamətləri həmişə öncədən düzgün informasiya yaymaq, cəmiyyətə və dövlətə zərərli olan narrativləri vaxtında ifşa etmək zəruridir.
Bununla başqa bir vacib məqam aydınlaşır. Prezident İlham Əliyev ümumi səviyyədə dezinformasiyanı ictimai etimada və təhlükəsizliyə təhdid kimi görür.
Çünki yalan, təhrif olunmuş, xüsusi pozucu məqsədlə hazırlanmış məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır. Son nəticədə bu, toplumda və ayrı-ayrı sosial kəsimlərdə, qruplarda dövlətə və onun institutlarına inamı azalda bilər. Bu da həm lider-xalq həmrəyliyi, həm də hakimiyyət-cəmiyyət birliyinə ziyan verir və qarşılıqlı etimadı aşağı səviyyəyə salır. Buradan düşmənlər ölkədə çox təhlükəli prosesləri yaratmaq imkanı əldə etmiş olurlar.
Nəhayət, Prezident İlham Əliyev dövlət və media əməkdaşlığının vacibliyini ayrıca vurğulayır. Bu baxımdan rəsmi qurumlar, media strukturları və beynəlxalq tərəfdaşlar arasında sıx əlaqə çox mühüm bir təhlükəsizlik faktorudur. Təbii ki, bu zaman açıq, şəffaf, səmimi və birbaşa kommunikasiyaya üstünlük vermək strateji mahiyyətli məsələdir.
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru