Zəfərdən yeni mərhələyə: VIII Qurultayın mesajı ŞƏRH

05.10.2026

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələni xarakterizə edən hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra YAP-ın ilk qurultayı olmaqla, ölkənin keçdiyi tarixi yolun nəticələrini və qarşıda dayanan strateji vəzifələri aydın şəkildə ortaya qoydu. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın əldə etdiyi tarixi Zəfərin siyasi, hərbi, iqtisadi və ideoloji dayaqlarını, eyni zamanda yeni mərhələnin başlıca istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla zəngin oldu.

VIII Qurultayın mahiyyətini anlamaq üçün Yeni Azərbaycan Partiyasının yaranmasına və keçdiyi siyasi yola nəzər salmaq xüsusi əhəmiyyət daşıyır. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayı Azərbaycanın sonrakı inkişaf tarixində mühüm siyasi başlanğıc oldu. Prezident İlham Əliyev çıxışında YAP-ın yaradıldığı dövrün mürəkkəb siyasi reallıqlarını xatırladaraq, həmin mərhələdə ölkənin ağır siyasi və iqtisadi böhranla üz-üzə qaldığını diqqətə çatdırdı. Həmin dövrdə ölkənin parçalanma təhlükəsi, separatçılıq, iqtisadi çətinliklər və torpaqların işğalı dövlətçilik qarşısında ciddi təhdidlər yaradırdı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi fəaliyyəti isə Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında həlledici rol oynadı.

Bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl və yeni tarixi reallıqlara uyğun şəkildə davam etdirilməsi Azərbaycanın qarşısında mühüm strateji imkanlar yaratdı. Cənab Prezident qurultayda Azərbaycanın son illərdə keçdiyi inkişaf yolundan danışaraq, əldə olunan nəticələrin ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi olduğunu vurğuladı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. 8 Noyabr – Zəfər Günü milli tariximizin əbədi qürur simvollarından biri kimi formalaşdı. 2023-cü il sentyabrın 20-də Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmə son qoyuldu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyev bu tarixi hadisələri Azərbaycanın qarşısında yeni imkanlar açan mühüm mərhələ kimi dəyərləndirdi. 8 Noyabr və 20 Sentyabr Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan iki mühüm tarixə çevrildi.

Lakin VIII Qurultayın əsas siyasi mesajlarından biri ondan ibarətdir ki, Zəfər Azərbaycanın qarşısında yeni və daha genişmiqyaslı vəzifələr açıb. Prezident İlham Əliyevin qurultaydakı çıxışının məntiqindən aydın görünür ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası tarixi məqsəd olmaqla yanaşı, dövlətin əldə etdiyi siyasi və geosiyasi imkanların daha da möhkəmləndirilməsi üçün yeni mərhələnin başlanğıcıdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi regional və beynəlxalq proseslərdə daha fəal mövqe tutur.

Bu reallıq ölkənin təhlükəsizlik siyasətinə də yeni tələblər müəyyənləşdirir. Prezident İlham Əliyev qurultaydakı nitqində dünyada müharibələrin və qarşıdurmaların genişləndiyi, beynəlxalq hüququn əvvəlki təsir imkanlarının zəiflədiyi bir şəraitdə Azərbaycanın öz gücünü daim artırmasının vacibliyini xüsusi vurğuladı. Dövlət başçısının qeyd etdiyi kimi, güclü ordu və etibarlı müdafiə qabiliyyəti Azərbaycanın təhlükəsizliyinin əsas təminatlarından biridir. Bununla yanaşı, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. İdeoloji təhlükəsizliyin təmin olunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi önə çıxır.

İdeoloji təhlükəsizliyin təmin olunmasında təhsil və vətənpərvərlik mühüm amillərdir. Cənab Prezident çıxışında müasir informasiya məkanında ideoloji təxribatların, müxtəlif təsirlərin və yeni texnologiyaların yaratdığı çağırışlara diqqət çəkərək, milli dövlətçilik düşüncəsinin və vətənpərvərlik hissinin daha da gücləndirilməsinin vacibliyini bildirdi. İnternet, kiberhücumlar və süni intellekt imkanlarının genişlənməsi cəmiyyətin informasiya və ideoloji təhlükələrə qarşı dayanıqlığını daha da aktuallaşdırır. Buna görə də sağlam ictimai mövqenin, milli-mənəvi dəyərlərin və dövlətçilik prinsiplərinin qorunması qarşıdakı dövrün mühüm vəzifələrindəndir. Dövlət siyasətinin bu istiqamətdə əsas məqsədlərindən biri də gənc nəslin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığının daha da möhkəmləndirilməsidir.

VIII Qurultayda Azərbaycanın beynəlxalq mövqeyi və xarici siyasət imkanları da mühüm yer tutdu. Prezident İlham Əliyev Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunun ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynadığını vurğuladı. Azərbaycanın türk dünyası ilə münasibətlərinin inkişafı, İslam həmrəyliyinin möhkəmləndirilməsi, müxtəlif dövlətlərlə strateji tərəfdaşlığın genişləndirilməsi və beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin formalaşdırılması ölkənin xarici siyasətinin çoxşaxəli xarakterini nümayiş etdirir. Dövlət başçısının qurultaydakı çıxışında Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarının məhz güclü dövlətçilik və milli maraqlar əsasında formalaşdığı bir daha diqqətə çatdırıldı.

İqtisadi inkişaf və Azərbaycanın artan tranzit imkanları da yeni mərhələnin mühüm dayaqlarındandır. Cənab Prezident iqtisadi potensialın və maliyyə imkanlarının Azərbaycanın müstəqil siyasət yürütməsində mühüm rol oynadığını qeyd etdi. Ölkənin enerji, nəqliyyat və logistika layihələrində fəal iştirakı onun regional əhəmiyyətini artırır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə Azərbaycanın imkanlarının daha da genişləndirilməsi ölkənin regional iqtisadi proseslərdə rolunun möhkəmlənməsinə xidmət edir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası isə qarşıdakı dövrün əsas strateji vəzifələrindən biri olaraq qalır. Prezident İlham Əliyev qurultayda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri barədə məlumat verərək, bu prosesin ardıcıl şəkildə davam etdirildiyini vurğuladı. Müasir infrastrukturun yaradılması və Böyük Qayıdış proqramının mərhələli şəkildə həyata keçirilməsi tarixi Zəfərin real nəticələrini nümayiş etdirir. Qurultayda bildirildiyi kimi, həmin ərazilərdə artıq 96 min insan yaşayır, çalışır və təhsil alır, bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait yönəldilib, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Böyük Qayıdış prosesinin qarşıdakı illərdə daha da sürətləndirilməsi nəzərdə tutulur.

Bütün bu istiqamətlər Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrlə birbaşa bağlıdır. Prezident İlham Əliyev qurultayda partiyanın fəallarının və bütün üzvlərinin qarşıda duran tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməsinin vacibliyini vurğuladı. Bu yanaşma YAP-ın fəaliyyətində yeni mərhələnin mahiyyətini də müəyyənləşdirir: əldə olunmuş Zəfərin siyasi nəticələrini qorumaq, dövlətçilik dəyərlərini daha da möhkəmləndirmək, cəmiyyətin milli həmrəyliyini gücləndirmək və Azərbaycanın qarşısında duran strateji hədəflərin həyata keçirilməsinə töhfə vermək.

VIII Qurultay beləliklə, yalnız Yeni Azərbaycan Partiyasının növbəti qurultayı deyil, Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinin əsas siyasi istiqamətlərinin ifadə olunduğu mühüm platformadır. Prezident İlham Əliyevin qurultaydakı çıxışının ümumi siyasi məzmunu göstərir ki, Azərbaycan əldə etdiyi tarixi nəticələri qoruyaraq, dövlət gücünü və milli birliyini daha da möhkəmləndirməli, yeni strateji hədəflərə doğru inamla irəliləməlidir. Bu yolun siyasi əsasını isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə ardıcıl davam etdirilməsi təşkil edir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью