Zəfərimizin ən müqəddəs ünvanı şəhidlərimizin əbədiyaşar xatirəsidir ŞƏRH

06.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan xalqı 2020-ci il noyabrın 8-də öz tarixinin ən böyük qürur anlarından birini yaşadı. Həmin gün Şuşanın azad olunması xəbəri milyonlarla insanın qəlbində illərlə yaşatdığı ümidləri gerçəyə çevirdi. Otuz ilə yaxın doğma yurdunun həsrətini çəkən insanların göz yaşlarında sevinc, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında sonsuz ehtiram, hər bir azərbaycanlının ürəyində isə qalib xalqın qüruru vardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü Zərifə Quliyeva deyib.

Onun sözlərinə görə, altı il əvvəl qazanılan bu Qələbə xalqımızın milli yaddaşında silinməz iz qoyub, Azərbaycan dövlətinin qüdrətini və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Tarixi Qələbəmizin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası, onun siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, güclü Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və hərbi-siyasi rəhbərliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ilin sentyabrında isə bütün əraziləri üzərində suverenliyini tam təmin etdi.

Zəfərimizin ən müqəddəs ünvanının şəhidlərimizin əbədiyaşar xatirəsi olduğunu vurğulayan Z.Quliyeva bildirib ki, Vətən uğrunda övlad yetişdirən anaların fədakarlığı, oğullarını Qələbəyə yola salan ailələrin dözümü, qazilərimizin qəhrəmanlığı xalqımızın mənəvi ucalığını göstərdi. Azərbaycan qadını Vətən müharibəsi günlərində də öz mərdliyi, səbri və vətənpərvərliyi ilə milli birliyimizin möhkəmlənməsinə böyük mənəvi güc verdi.

“Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı doğma torpaqlarımızda yeni həyatın təməlini qoyur. Yenidən qurulan şəhər və kəndlər, açılan məktəblər, öz yurduna qovuşan ailələr Zəfərimizin bəhrələridir. İndi azad torpaqlarımızda körpə gülüşləri eşidilir, məktəb zəngləri çalınır, ocaqlar yenidən yandırılır. Bütün bunlar Qələbəmizin xalqımızın həyatında yaratdığı böyük dönüşün canlı mənzərəsidir. Bizim ən mühüm vəzifələrimizdən biri bu şanlı tarixi gələcək nəsillərə bütün həqiqətləri ilə çatdırmaqdır. Gənclərimiz bilməlidirlər ki, bu gün azad və bütöv Azərbaycanda yaşamaq xoşbəxtliyi böyük fədakarlıqlar, şəhidlərimizin canı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti sayəsində qazanılıb.

Zəfərimizin altıncı ildönümündə bir daha böyük qürurla deyirik: Azərbaycan xalqı öz tarixinin şərəfli səhifəsini yazıb. Bu tarixin müəllifi xalqımız, onun qalib sərkərdəsi Prezident İlham Əliyev, əbədi qəhrəmanları isə Vətən uğrunda canından keçən şəhidlərimizdir. Bu gün hər birimizin qəlbində eyni minnətdarlıq, eyni qürur və eyni inam yaşayır. Azərbaycanımızın qüdrəti daha da artacaq, üçrəngli bayrağımız daim azad və suveren Vətənimizin səmasında dalğalanacaq. Zəfər Günümüz mübarək, Azərbaycan!”, - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью