Zəfərin davamı təhlükəsiz qayıdışdır

06.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın üzləşdiyi mina təhlükəsi beynəlxalq gündəmdən düşmür

Müharibə başa çatıb, silahlar susub, amma onun ölümcül izləri hələ də torpağın altındadır. Bu gün bir kəndin yenidən qurulması, bir ailənin doğma evinə qayıtması, bir fermerin öz torpağını əkib-becərməsi, ilk növbədə, həmin ərazinin mina təhlükəsindən təmizlənməsindən asılıdır. Deməli, söhbət təkcə torpağın təmizlənməsindən deyil, insanların həyatının yenidən qurulmasından gedir. Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanovun Zəfər Günü münasibətilə Zaqrebdə keçirilən rəsmi qəbulda səsləndirdiyi fikirlər bu reallığa diqqət çəkir. Səfir genişmiqyaslı mina çirklənməsinin ərazilərin bərpası və əhalinin təhlükəsiz qayıdışı qarşısında duran əsas maneələrdən biri olduğunu bildirib. Minatəmizləmənin uzunmüddətli, mürəkkəb və böyük resurslar tələb edən proses olduğunu vurğulayan diplomat bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini xüsusi qeyd edib.

Beynəlxalq əməkdaşlıq niyə həlledicidir?

Minatəmizləmə böyük maliyyə, müasir texnologiyalar, peşəkar kadrlar və beynəlxalq təcrübə tələb edən mürəkkəb prosesdir. Azərbaycan bu istiqamətdə bütün imkanlarını səfərbər etsə də, problemin miqyası beynəlxalq tərəfdaşlığın genişləndirilməsini zəruri edir. Səfir A.İmanovun Xorvatiya ilə əməkdaşlığa xüsusi diqqət çəkməsi də təsadüfi deyil. Müharibədən sonra uzun illər mina təhlükəsi ilə mübarizə aparmış Xorvatiyanın təcrübəsi, texniki imkanları və mütəxəssis hazırlığı sahəsindəki bilikləri Azərbaycan üçün əhəmiyyətlidir.

Bununla yanaşı, ABŞ, Böyük Britaniya, Yaponiya, NATO, BMT və Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi də vacibdir. Belə tərəfdaşlıq maliyyə dəstəyi ilə yanaşı, robotlaşdırılmış sistemlərin, pilotsuz uçuş aparatlarının, peyk məlumatlarının və süni intellekt texnologiyalarının tətbiqinə imkan yaradar. Təcrübə mübadiləsi isə minatəmizləmə əməliyyatlarının səmərəsini və təhlükəsizliyini artırar.

Əməkdaşlığın digər mühüm istiqaməti mina qurbanlarına dəstəkdir. Onların müalicəsi, protezlərlə təminatı, psixoloji və sosial reabilitasiyası, eləcə də əhalinin mina təhlükəsi barədə maarifləndirilməsi diqqət mərkəzində olmalıdır.

Beynəlxalq dəstək yetərli deyil

Mina təhlükəsinin miqyası böyük olsa da, beynəlxalq dəstək Azərbaycanın ehtiyacları ilə müqayisədə məhduddur. Buna donor ölkələrin siyasi prioritetləri, regiondakı proseslərə münasibəti və maliyyə resurslarının digər münaqişə bölgələrinə yönəldilməsi təsir göstərir. Bəzi Qərb donorlarının 2020-ci il müharibəsindən sonra Azərbaycana yardımla bağlı ehtiyatlı mövqe tutması da bu amillər sırasındadır. Digər tərəfdən, Azərbaycanın iqtisadi imkanları bəzi donorların minatəmizləmə xərclərini ölkəmizin öz hesabına qarşılaya biləcəyi qənaətinə gəlməsinə səbəb olur. Halbuki problem yalnız maliyyə ilə məhdudlaşmır; müasir texnologiyalar, peşəkar kadrlar və beynəlxalq təcrübə də tələb edir. Rəqəmlər də vəziyyəti aydın göstərir. Azərbaycanda minatəmizləmə işlərinə 590 milyon dollar ayrılıb, bunun cəmi 4 faizi beynəlxalq dəstəyin payına düşüb. Beləliklə, əsas maliyyə yükü Azərbaycanın üzərində qalır.

Mina təhlükəsinə siyasi maraqlardan deyil, insan həyatı və humanitar təhlükəsizlik prizmasından baxılmalıdır. Çünki Azərbaycana dəstək, ilk növbədə, mülki əhalinin qorunmasına və təhlükəsiz qayıdışın təmin edilməsinə töhfədir. Buna görə də birdəfəlik yardımlarla kifayətlənmək olmaz.

Mina təhlükəsi sərhəd tanımayan humanitar problemdir

Azərbaycan üçün mina probleminin ən ağrılı tərəfi insanların doğma yurdlarına təhlükəsiz qayıdışına problem yaratmasıdır. Bir tərəfdən şəhər və kəndlər yenidən qurulur, evlər tikilir, yollar salınır, digər tərəfdən mina təhlükəsi insanların həmin ərazilərdə sərbəst yaşamasını çətinləşdirir. Bu səbəbdən Böyük Qayıdış prosesi ilə minatəmizləmə işləri paralel aparılır, ərazilərin təhlükəsizliyi bərpa siyasətinin əsas prioritetlərindən biridir. Axı müharibədən sonrakı əsl qələbə yalnız dağıdılmış şəhərlərin, yolların və infrastrukturun bərpası deyil. Əsl qələbə insanların öz evlərində qorxmadan yaşaması, uşaqların təhlükəsiz məktəbə getməsi, fermerlərin torpaqlarını maneəsiz becərməsi və ailələrin gələcəyə inamla baxmasıdır.

Səfir Anar İmanovun Zaqrebdə səsləndirdiyi çağırışın mahiyyəti də budur: Azərbaycanın minatəmizləmə səyləri beynəlxalq ictimaiyyət tərəfindən real dəstəklə qarşılanmalı, həmrəylik bəyanatlardan konkret fəaliyyətə keçməlidir. Çünki müharibə bitsə də, onun təhlükələri torpağın altında qalır. Zəfərin əsl davamı isə bu təhlükənin aradan qaldırılması və azad edilmiş ərazilərdə təhlükəsiz həyatın təmin olunmasıdır.

Umud MİRZƏYEV,
ANAMA yanında İctimai Şuranın sədri

Azərbaycanın üzləşdiyi mina təhlükəsi qarşısında beynəlxalq dəstəyin mövcud səviyyəsini qənaətbəxş hesab etmək çətindir. Ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların yardımlarını qiymətləndiririk. Lakin bu yardımlar problemin miqyası və insanların təhlükəsiz həyata qayıtmaq ehtiyacı ilə müqayisədə yetərli deyil. ANAMA sədrinin 2026-cı il sentyabrın 2-də açıqladığı məlumata görə, 2020-ci ilin noyabrından Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları ayrılıb. Bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin olunub, qalan hissəsini Azərbaycan hökuməti qarşılayıb. BMT, Avropa İttifaqı və digər tərəfdaşlarla əməkdaşlıq, maliyyə və texniki yardımlar, təlim və təcrübə mübadiləsi əhəmiyyətlidir. NATO ilə mövcud və mümkün layihələrin müzakirəsi, ANAMA ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi arasında memorandumun imzalanması da faydalı addımlardır. Ancaq əməkdaşlıq niyyəti, imzalanmış sənəd, ayrılması nəzərdə tutulan vəsait və faktiki göstərilmiş yardım fərqli mərhələlərdir. Beynəlxalq dəstəyin səviyyəsini qiymətləndirərkən bunları bir-birindən ayırmaq lazımdır.

Müharibədən zərər çəkmiş, doğma yurdunu itirmiş bir insan kimi və uzun illər mina təhlükəsinə qarşı fəaliyyət göstərən təşkilatın rəhbəri olaraq bu məsələyə insan taleləri üzərindən baxıram. Təmizlənməsi gözlənilən hər sahənin arxasında yurd yuvasına qayıtmaq, torpağını əkib-becərmək istəyən, övladının təhlükəsizliyindən narahat olan valideyn, insan dayanır. Minatəmizləmənin gecikməsi onların həyatının bərpasını da gecikdirir.

Azərbaycan öz məsuliyyətini üzərinə götürərək genişmiqyaslı iş aparır. Bununla yanaşı, ölkəmiz beynəlxalq tərəfdaşlardan problemin ağırlığına uyğun daha böyük və davamlı töhfə gözləməkdə haqlıdır. Biz göstərilən hər bir yardıma görə minnətdarıq. Lakin minnətdarlıq mövcud dəstəyin yetərsizliyini açıq söyləməyə mane olmamalıdır. Azərbaycanda mina probleminin həllinə beynəlxalq töhfə artırılmalı, elan olunan təşəbbüslər vaxtında icra edilən konkret layihələrə çevrilməlidir. Beynəlxalq həmrəyliyin ölçüsü keçirilən görüşlərin və verilən bəyanatların sayı deyil; xilas edilən həyatların, təhlükəsiz qayıdan ailələrin və yenidən istifadəyə verilən torpaqların sayıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью