Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 noyabr, AZƏRTAC
Bakıda “Zəfər nəsli” Gənclər Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində təşkil olunan forum “44 günlük Vətən müharibəsinin Zəfərini mümkün edən amillər və gənclərin məsuliyyəti” mövzusuna həsr edilib. Tədbirin məqsədi tarixi Zəfərin əhəmiyyətini gənclərə çatdırmaq, qələbəni şərtləndirən əsas amilləri müxtəlif aspektlərdən təhlil etmək, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsində gənclərin rolunu müzakirə etməkdir.
Əvvəlcə Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxış ediblər.
Tədbir çərçivəsində Vətən müharibəsinə və tarixi Qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Müzakirələrdə Zəfərə aparan yol, dövlətçilik və strateji iradə, güclü dövlət və ordu quruculuğu, diplomatik fəaliyyətin rolu, informasiya cəbhəsində aparılan mübarizə, milli birlik və xalq-dövlət həmrəyliyi kimi məsələlər diqqət mərkəzində olacaq. Həmçinin Zəfərdən sonra gənclərin üzərinə düşən məsuliyyət, milli yaddaşın qorunması, Qarabağın dirçəlişində gənclərin iştirakı, müasir prioritetlər, rəqəmsallaşma və süni intellektin formalaşdırdığı yeni dünya düzəni ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulur.
Qeyd edək ki, forumda gənclər təşkilatlarının, tələbə gənclər birliklərinin nümayəndələri, Gənclər üçün Prezident mükafatı laureatları, gənc alimlər, aspirantlar, qazilər, şəhid övladları və gənclər siyasəti sahəsində çalışan mütəxəssislər iştirak edirlər.
Müxbir-Tünzalə Arazlı