Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının təşəbbüsü ilə “Zəfərin Qəhrəman Anaları – Azad Qarabağda” adlı layihə çərçivəsində şəhid analarının Şuşa və Xankəndi şəhərlərinə səfəri təşkil olunub.
6 noyabr tarixində keçirilən səfərdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşkilatın əməkdaşları və şəhid anaları iştirak ediblər.
Səfərin əsas məqsədi şəhid analarına diqqət və qayğı göstərmək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, eləcə də işğaldan azad edilmiş ərazilərimizin tarixi-mədəni məkanları ilə tanış olmaq olub.
Səfər iştirakçıları əvvəlcə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yola düşüblər. Qədim tariximizin, milli-mənəvi dəyərlərimizin və Qarabağ ruhunun yaşadığı Şuşada iştirakçılar şəhərin tarixi və mədəni məkanlarını ziyarət ediblər. Şuşa Qalası və Cıdır düzü ilə tanışlıq zamanı bu müqəddəs torpağın hər qarışında yaşanan tarix, Vətən sevgisi və Zəfər qüruru bir daha hiss olunub.
İştirakçılar Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü, Şuşa meydanında yerləşən Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət edərək xalqımızın tarixi yaddaşında xüsusi yer tutan bu məkanlara böyük ehtiram nümayiş etdiriblər.
Daha sonra Xankəndi şəhərinə səfər edən iştirakçılar Qarabağ Universiteti, Xankəndi Mərkəzi Meydanı və şəhərin digər görməli məkanları ilə tanış olublar.
Xankəndi şəhərində yerləşən Zəfər Parkı iştirakçılar tərəfindən böyük qürur və ehtiram hissi ilə ziyarət olunub. Burada xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Abidənin önünə tər qərənfil dəstələri düzülüb, qəhrəman Vətən övladlarının müqəddəs xatirəsi anılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Zəfər Parkında yaşanan bu qürurverici anlar bir daha xatırladıb ki, bu torpaqlarda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı, xalqımızın birliyi və əyilməz iradəsi bahasına qazanılmış Zəfərin rəmzidir.
Zəfər Parkında çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən və şəhidlərimizin misilsiz qəhrəmanlığından bəhs edib.
O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynadığını vurğulayıb. Bildirib ki, bu Zəfər xalqımızın sarsılmaz birliyinin, ordumuzun gücünün və şəhidlərimizin müqəddəs fədakarlığının təntənəsidir.
Nazimə Şamıyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Qarabağın yeni inkişaf salnaməsini yazır. Bir zamanlar həsrətə çevrilən doğma torpaqlarımız bu gün həyatın, quruculuğun və Zəfərin ünvanına çevrilib.
O, şəhid ailələrinə, xüsusilə şəhid analarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, bu gün azad Qarabağın səmasında dalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizin əbədiyaşar xatirəsinin, hər bir ananın qürurunun və xalqımızın yenilməz iradəsinin rəmzidir.
Səfər zamanı çıxış edən şəhid anaları azad Qarabağ torpaqlarını görməyin, şəhid övladlarının uğrunda canlarından keçdikləri Vətənin bu gün azad günlərinə şahid olmağın onlar üçün böyük qürur və sevinc olduğunu ifadə ediblər. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına dərin minnətdarlıqlarını bildiriblər.
Səfərin sonunda Xankəndi şəhərində şəhid anaları üçün nahar süfrəsi təşkil olunub. Doğma Qarabağ torpağında yaşanan duyğulu anlar, səmimi söhbətlər və Zəfərin yaratdığı qürur hissi səfər iştirakçılarının yaddaşında silinməz izlər buraxıb.
Bu səfər şəhid analarına göstərilən ehtiramın, Vətənə sədaqətin və Zəfər qürurunun mənəvi ifadəsinə çevrilib. Çünki bu gün azad Qarabağda atılan hər addım, ucalan hər bina, dalğalanan hər bayraq şəhidlərimizin bizə əmanət qoyduğu müqəddəs Vətən sevgisinin təcəssümüdür.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!