Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
44 günlük Vətən müharibəsi Azərbaycan xalqına yalnız tarixi Zəfər bəxş etmədi, həm də gələcək nəsillərə örnək olacaq unudulmaz qəhrəmanlar bəxş etdi. Döyüş meydanında əlində avtomat, sinəsində Vətən sevgisi ilə oxuduğu təsniflə milyonların qəlbini fəth edən, Zəfərimizin musiqi vər məğrurluq rəmzinə çevrilən belə oğullardan biri — gizir Xudayar Müslüm oğlu Yusifzadədir. “Şair sorma nədən Vətən yaxşıdır, adı gəlcək könlüm dastana döndü” deyən şəhid Xudayar Yusifadə 44 günlük Vətən müharibəsində özü də dastana döndü.
Xudayar kiçik yaşlarından Ağdamın sənət adamlarının ifasını dinləməyi xoşlayarmış. Bəzən, Səxavət Məmmədovun “Azad bir quşdum” mahnısını özünə məxsus bir şəkildə ifa edirmiş. Səsinin məlahətli və çəkici olduğunu görən hər kəs onun gələcəkdə məşhur bir xanəndə olacağını deyirmiş. Elə ailə üzvləri də bu niyyətlə onu Bərdə şəhər 1 saylı musiqi məktəbində xanəndəlik sinifinə aparır. Məktəbə qəbul üçün seçim turlarında uşaqların hamısına “Şuşanın dağları” mahnısını öyrənmək tapşırılır. Bir neçə gün sonra seçimə qatılan Xudayar “Azad bir quşdum”, arxasınca isə “Şuşanın dağları” mahnısını ifa edir. Xudayarın ifasından sonra müəllimlər ondan niyə tapşırılmayan “Azad bir quşdum” mahnısını ifa etdiyini soruşurlar. O, hazırcavablığı ilə “Müəllim, Şuşanın başı dumanlı dağlarını görmək üçün azad bir quş olmaq lazımdır. Amma o da gənc yaşında torpağa düşür” cavabını verir.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstü qoyulub.
Təəssüf ki, müharibə Xudayarın arzularını ürəyində qoydu. Özündən geriyə yadigarı qalmasa da, bütün Azərbaycan onu özünə övlad bilir, gözəl səsi, nurlu siması, gülüşləri ilə yaddaşlara həkk olundu. Adı dillər əzbəri olan şəhidimiz Xudayar Yusifzadənin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad edildi, 30 illik həsrətə son qoyuldu.
Xudayar Yusifzadə Zəfər tariximizin bir parçası olaraq daim yaddaşlarda yaşayacaqdır. Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Xudayar Yusifzadəyə məxsus Dövlət Sərhəd Xidmətinə aid olan hərbi mərasim geyimi və fotoşəkilləri qorunur. Materiallar şəhidin anası Radə Qurbanova tərəfindən təhvil verilib.
Xudayar Yusifzadə həm cəsur döyüşçü, həm də sənəti ilə xalqın ruhunu coşduran unudulmaz Zəfər şəhidimizdir.
Müşfiq MİRZƏ
XQ