Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Həmin gün Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi bir güllə atılmadan Azərbaycana təhvil verilib.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidələr var. Bağlıpəyə kəndi yaxınlığında yerləşən Xudavəng kompleksi Ağdərə-Kəlbəcər avtomobil yolunun üzərində inşa edilib.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcərdə 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Rayonun məcburi köçkün əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.Kəlbəcər rayonunun 484 şəhidi var. Onlardan 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə, 1 muzey, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
2020-ci il noyabrın 25-də, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əzmi və qətiyyəti ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi, daha bir tarixi qələbənin müjdəçisi oldu. Bu, 44 günlük Vətən Müharibəsinin şanlı uğurlarından biri olaraq, Azərbaycan xalqının zəfər iradəsinin və mübarizliyinin təntənəsi kimi yaddaşlarda əbədi qalacaq. Ermənistanın kapitulyasiya aktını imzalaması və işğal altındakı ərazilərimizi boşaltması nəticəsində, Kəlbəcər, Laçın və Ağdam kimi tarixi torpaqlarımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şanlı əməliyyatları sayəsində azad olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri bölgənin bərpasına, infrastrukturun yenidən qurulmasına və sosial-iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən çoxsaylı layihələrin icrası ilə müşayiət olunur. 2021–2025-ci illər ərzində aparılan səfərlər zamanı dövlət başçısı tərəfindən yüzlərlə kilometr avtomobil yollarının, uzunluqları on kilometrlərlə ölçülən tunellərin, yeni yaşayış məhəllələrinin, məktəblərin, su elektrik stansiyalarının, “İstisu” Müalicə-İstirahət Kompleksinin, “İstisu” mineral su zavodunun və digər mühüm infrastruktur obyektlərinin təməlləri qoyulmuş və açılış mərasimləri keçirilmişdir.
Azərbaycan xalqı və dövləti, bu torpaqların işğaldan azad olunması ilə öz müstəqilliyini və ərazi bütövlüyünü bərpa etdi. Bu gün Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız, Azərbaycan xalqının qürurunu və azadlıq mücadiləsini simvolizə edir.
Bu gün Kəlbəcər təkcə Azərbaycanın təbii sərvətlərlə zəngin bölgəsi deyil, həm də Vətən müharibəsində əldə olunan tarixi qələbəmizin, milli iradə və dövlət gücünün parlaq simvoludur. 25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının birliyi, yenidənqurma əzmi və gələcəyə inamının təcəssümüdür.
Rahim Muradov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı