Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kəlbəcərdən Xankəndiyə uzanan tarix yenidən yazılır
Bəzən elə səfərlər olur ki, orada qət etdiyin məsafə kilometrlərlə yox, yaşadığın duyğularla ölçülür. Bu dəfə yolumuz bizi Azərbaycanın ürəyi olan Qarabağa apardı. Elə bir Qarabağa ki, illər boyu yalnız həsrətini çəkdiyimiz bu torpaqlarda bu gün həyat yenidən canlanır, yollar çəkilir, şəhərlər qurulur, idmanın və sağlam həyatın səsi dağlarda əks-səda verir.
Artıq üçüncü dəfə keçiriləcək Xankəndi Beynəlxalq Ultramarafonu bu il ilk dəfə Kəlbəcərdən start götürəcək. Dünyanın müxtəlif ölkələrindən gələcək idmançılar Kəlbəcərdən yola çıxaraq Ağdərə, Tərtər və Ağdamdan keçəcək, 4 gün ərzində 200 kilometrlik Zəfər yolunu qət edib Xankəndidə finiş xəttini keçəcəklər.
Bu, sadəcə, ultramarafon deyil... Bu, azadlığın yollarında atılan addımların, Vətən sevgisinin, zəfərin və qayıdışın marafonudur.
Azərbaycan Atletika Federasiyasının rəhbərliyinin tövsiyəsi ilə AAF Qaçış Komitəsi və Zəfər Qaçış Klubunun nümayəndələri olaraq yarışın hazırlıq işlərini yerində həyata keçirmək üçün Qarabağa ezam olunduq.
Səfərimizin ilk dayanacağı Xankəndi oldu. Elə həmin gün gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Qarabağ Universitetində ölkəmizin idman federasiyaları rəhbərlərinin toplantısı keçirilirdi. Federasiya nümayəndələri toplantıda iştirak edərkən biz də yarışın bütün incəliklərini planlaşdırmaq üçün Xankəndidə bir araya gəldik.
“Garmin Azərbaycan”ın dəstəyi ilə Xankəndi “City Inn Hotel”də yerləşdik. Sonra kəlbəcərli qardaşımız Zöhrab müəllimin rəhbərlik etdiyi “Cənnət İstisu” restoranında görüşümüz davam etdi. Burada təkcə gələcək yarışlardan danışmadıq. Burada Qarabağın gələcəyindən, idmanın bu torpaqlara gətirəcəyi yeni nəfəsdən danışdıq. Sevindirici hal idi ki, Zöhrab müəllim Vənglidən Xankəndiyə keçiriləcək 44 kilometrlik Zəfər Marafonuna dəstək verəcəyini də bildirdi.
Ertəsi dayanacağımız Laçın idi... Laçın... Dağların qoynunda, sanki, cənnətdən bir parça. Sıx meşələrin pıçıltısı, qayalara toxunaraq axan Həkəri çayının həzin nəğməsi, sərin meh, sonsuz yaşıllıq... İllər boyu həsrət qaldığımız bu torpaqlar indi yenidən nəfəs alır.
Həkəri sahilində gələcək yarışın marşrutunu müəyyən etdik. Körpülərin üzərində dayanıb çayın axınına baxdıq. Şəhərin ən yüksək nöqtəsinə qalxaraq ilan kimi qıvrılan Həkərinin Laçına bəxş etdiyi ecazkar mənzərəni seyr etdik. O an insan anlayır ki, Vətən sadəcə torpaq deyil, Vətən insanın ruhudur.
Axşam Şuşa bizə qucaq açdı. Qarabağ küçəsində qədim Azərbaycan memarlığı ilə müasir tikililərin möhtəşəm vəhdəti göz oxşayırdı. Gövhər Ağa məscidinin minarələri, tarixin nəfəsini qoruyan küçələr, meydanda nümayiş olunan “Arşın mal alan”... Şuşa artıq təkcə mədəniyyət paytaxtı deyil, dirçəlişimizin rəmzidir.
Səhər isə Xankəndidə Zəfər parkının ətrafında qaçarkən bir hiss ürəyimizi bürümüşdü: “Azad Xankəndi... Biz artıq öz şəhərimizdə qaçırıq”.
Sonra yolumuz Kəlbəcərə uzandı. Ballıqayanın sərin mehini ciyərlərimizə çəkə-çəkə Vəngliyə çatdıq. Yolboyu gördüyümüz mənzərələrə söz tapmaq çətin idi. Dağlar, sanki, illərin həsrətini bitirmişdi. Meşələr yenidən nəfəs alırdı. Çaylar azad axırdı.
Vənglidə yeni inşa olunan turizm obyektləri ilə tanış olduq. “Gəmi restoran”, “Riverside hotel”, Cənnət İstisu kompleksi... Qarabağın gələcəyinin necə möhtəşəm olacağını öz gözlərimizlə gördük.
Heyvalıda yolüstü çayxanada çay içdik. Hər qurtumda doğma yurdun ətri vardı.
Kəlbəcərə çatanda isə ürəyim başqa cür döyünürdü: Bu torpaqlarda uşaqlığım keçib... Bu dağlarda at çapmışam... Bu bulaqlardan su içmişəm... Bu çayların səsinə qulaq asa-asa böyümüşəm...
İndi isə illər sonra doğma torpağım mənə yenidən qucaq açırdı.
Prezidentin Kəlbəcər üzrə xüsusi nümayəndəliyində keçirilən işgüzar görüşdə gələcək ultramarafonun bütün detalları müzakirə olundu. Sonra “Sarı bulaq” restoranında nahar etdik və Cavid Qurbanovun sözlərinə yazılmış “Kəlbəcərdəyəm” mahnısının sədaları altında İstisuya, ordan isə dəniz səviyyəsindən 3100 metr yüksəklikdə yerləşən “Yüzbulaq” yaylağına qalxdıq.
Yüzbulaqda, sanki, zaman dayanmışdı... Köhnə yurd yerlərimə baxdım. Uşaqlığımı gördüm. Gəncliyimi gördüm. Bir vaxtlar ayrıldığım yurdumun məni yenidən bağrına basdığını hiss etdim.
Zirvələrdən doğulan buz bulaqlar Tərtər çayına can verirdi. Sərin dağ havası, sonsuz üfüqlər, yaşıl zirvələr... İnsan burada sadəcə nəfəs almır, ruhunu da təmizləyir.
Biz bu səfərdə təkcə yarış marşrutu seçmədik. Biz Qarabağın gələcəyini gördük. İdmanın bu torpaqlara gətirəcəyi həyatı gördük.
İnanırıq ki, çox yaxın gələcəkdə dünyanın ən güclü ultramarafonçuları Kəlbəcərin dağlarında məşq edəcək, Laçının meşələrində qaçacaq, Şuşanın küçələrində addımlayacaq və Xankəndidə Zəfər finişini keçəcəklər.
Hazır olun! III Kəlbəcər–Xankəndi Beynəlxalq Ultramarafonu başlayır.
Bu yarış, sadəcə, 200 kilometrlik məsafə deyil... Bu, Zəfər yolunda döyünən Azərbaycan ürəyinin ritmidir!
Elşən QULİYEV,
“Zəfər” qaçış klubunun direktoru, Paralimpiya çempionu