Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib.
Uşaqlıq illərindən musiqiyə maraq göstərən Məlik Dadaşov kontrabas alətində ifa edib. Orta təhsilini başa vurduqdan sonra sənədlərini Tibb İnstitutuna təqdim etsə də, qəbul olunduğu halda birinci kursdan təhsilini yarımçıq qoyaraq sənət yolunu səhnə ilə davam etdirməyə qərar verib.
O, İkinci Dünya müharibəsində iştirak edib. 1943-cü ildə aldığı kontuziya səbəbindən cəbhədən geri qaytarılıb və uzun müddət müalicə alıb. Sağaldıqdan sonra müxtəlif hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərib. 1945-ci ildə müharibədən qayıdan aktyor Gənc Tamaşaçılar Teatrında işə başlayıb və burada aktyor kimi fəaliyyət göstərib. Teatrda onu çox sevən həmkarlar olsa da, sevməyənlər də var idi. Birlikdə çalışdıqları teatrda həmkarı aktyorun içkisinə zəhər qataraq onu zəhərləyir. Sonradan həmin adam bunu etiraf edir və Məlik Dadaşovla dostlaşırlar.
23 yaşında səhnə fəaliyyətinə Zaqatalada yeni açılmış teatrda başlayan Məlik Dadaşov qısa müddətdə əsas rolların ifaçılarından birinə çevrilib. Teatrda çalışdığı dövrdə gənc aktrisa Sofiya Hüseynova ilə ailə həyatı qurub. Bu nikahdan 1946-cı ildə gələcəyin daha bir aktyoru - Rafael Dadaşov dünyaya gəlir. Lakin ailə həyatı uzunömürlü olmayıb və cütlük bir müddət sonra ayrılıb. O, oğlunu atır və gənc aktrisa oğlu Rafaeli təkbaşına böyüdür.
Aktyor 3 dəfə ailə həyatı qurub.
Məlik Dadaşov bütün yaradıcılığı ərzində iki rolu ifa etmək istəməyib: “Ölülər”dəki Şeyx Nəsurullah, “Fəryad” filmindəki Armen Xaçaturyan obrazını. Ermənistanda bu roluna görə onu az qala “Milli Qəhrəman” kimi qəbul edirlər. Bu hadisə Məlik Dadaşovu sarsıdır. Aktyor televiziyada çıxış edərək bu addan imtina edir: “O adı heç cür özümə yaraşdıra bilmərəm” deyir.
"Fəryad" filmindən çox sonralar isə belə bir hadisə olub. Məlik Dadaşov instituta gedəndə "Malakan" bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. "Ay camaat, bu adam ermənidi", - deyib camaatı yığır başına. Aktyor sənədlərinin təqdim edəndən sonra ona inanırlar. Filmin premyerasında isə tamaşaçılar qulağı eşidə-eşidə Məlik Dadaşovu söyürmüşlər.
Məlik Dadaşov 100-dən çox tamaşada, 50-dən çox filmdə müxtəlif çalarlı obrazlar yaradıb.
Tədris Teatrında tələbələr ilə "Arşın mal alan"ı məşq edən zaman yüksək təzyiq səbəbindən aktyor yıxılır. O, dərhal xəstəxanaya çatdırılır və bundan sonra daha altı gün yaşayır. Huşu yerində olsa da, dili tutulduğu üçün danışa bilmir.
Sonuncu gün qızından qələm və dəftər istəyir. Onun son istəyi nəşinin Akademik Milli Dram Teatrına aparılmaması, eləcə də bəzi şəxslərin dəfn mərasiminə buraxılmaması olur.
Məlik Dadaşov 1996-cı ildə 72 yaşında vəfat edir. Oğlu Rafael atasına olan incikliyinə görə dəfn mərasiminə qatılmır. Üçüncü həyat yoldaşı Dolares ərinin vəsiyyətinə uyğun olaraq əlindəki siyahıda adları yazılan adamları dəfnə buraxmır.
Ölkə.Az,
Həmidə İbrahimova