Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Alimlərin son araşdırmaları göstərir ki, səhər yeməyi yalnız enerji mənbəyi deyil, eyni zamanda beynin məhsuldarlığını birbaşa formalaşdıran əsas amillərdən biridir. Harvard və Oksford universitetlərinin tədqiqatlarına əsasən, bəzi qidalar yaddaşı gücləndirir, diqqəti artırır və düşünmə sürətinə müsbət təsir göstərir. AzPost xarici mediaya istinadla xəbər verir ki, neyrobioloqlar bu təsirin xüsusilə səhər saatlarında daha güclü olduğunu vurğulayırlar.
Mütəxəssislərin fikrincə, omeqa-3 yağ turşuları ilə zəngin balıqlar – somon və sardina kimi növlər – neyronlar arasındakı əlaqələri möhkəmləndirir. Bu maddələr beynin yaşlanma prosesini ləngidir və demensiya riskini təxminən 20 faiz azalda bilər. Eyni zamanda avokadoda olan mono doymamış yağlar beyinə qan axınını sürətləndirərək düşünmə çevikliyini artırır.
Səhər yeməyində yumurtanın da xüsusi yeri var. Yumurtanın sarısında olan xolin maddəsi yaddaşla əlaqəli əsas neyromediatorlardan biri olan asetilxolinin sintezi üçün vacib sayılır. Bu isə informasiyanın daha tez qavranılmasına və xatırlanmasına kömək edir.
Yulaf sıyığı və giləmeyvə isə beyin üçün ideal enerji balansı yaradır. Qaragilənin tərkibindəki antioksidantlar iltihabi proseslərlə mübarizə aparır, yulafdakı beta-qlükanlar isə qan şəkərini stabil saxlayaraq uzunmüddətli enerji təmin edir. Bu kombinasiya zehni yorğunluğun qarşısını almaqda effektiv hesab olunur.
Neyrobioloqların tövsiyəsinə görə, ideal səhər yeməyi omlet (somon və ispanaqla birlikdə), eləcə də qaragilə və avokadodan hazırlanan smuzi ola bilər. Araşdırmalar göstərir ki, bu cür rasion zehni məhsuldarlığı təxminən 25 faiz artırır.
Mütəxəssislər bildirirlər ki, günü düzgün səhər yeməyi ilə başlamaq beynin gün ərzində daha aydın, enerjili və fokuslu işləməsinə şərait yaradır. Şüurlu seçimlər isə zehni potensialın açılmasında əsas açarlardan biri hesab olunur.
Paylaş