Zelenski Azərbaycanı rol modeli kimi göstərir Hikmət Babaoğlu

04.08.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ukrayna-Azərbaycan münasibətləri tarixən həmişə dostluq və qarşılıqlı hörmət üzərində qurulub. Hətta Sovet dövrünü xatırlayanlar da yaxşı bilirlər ki, ukraynalıların azərbaycanlılara, azərbaycanlıların isə ukraynalılara xüsusi rəğbəti olub. Bunun izahı ilk baxışda çətin görünsə də, genetik sosiologiya baxımından bunun tarixi kökləri var. Azərbaycan və Ukrayna xalqlarının etnogenezində çoxsaylı türk tayfaları kumanlar, qıpçaqlar, polovetslər, peçeneqlər, Xəzər türkləri və digər etnoslar iştirak ediblər. Bu gün ukraynalılar slavyan kimliyi ilə tanınsalar da, bu tarixi irs xalqlar arasında müəyyən yaxınlığın formalaşmasına təsir göstərib. Məhz bu tarixi gerçəklik bugünkü qarşılıqlı rəğbətin də əsas amillərindən biri kimi qiymətləndirilə bilər".

Bu sözləri Redaktor.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu Ukrayna Prezidenti Volodimir Zelenskinin səsləndirdiyi Müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq fikrini şərh edərkən səsləndirdi.

"Bu məsələ yalnız etnik sosiologiya kontekstində deyil, müasir siyasi proseslər baxımından da əhəmiyyətlidir. Burada əsas amil artıq tarix və genetika deyil, beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqedir. Azərbaycanın beynəlxalq hüquqa sadiqliyi, ədalətin və haqqın yanında dayanması, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verməsi iki ölkə arasında münasibətləri daha da gücləndirir. Hətta mənə elə gəlir ki, Ukrayna ilə bağlı çox az siyasətçinin cəsarətlə səsləndirə biləcəyi fikirləri Azərbaycan Prezidenti ifadə edib: "İşğalla heç vaxt barışmayın!" Bu baxımdan Ukrayna Prezidentinin səsləndirdiyi fikirlər də əslində Azərbaycanın mövqeyinə verilən yüksək qiymət kimi dəyərləndirilə bilər. Eyni zamanda bu, Azərbaycanı müəyyən mənada rol modeli kimi qəbul etmək, onun təcrübəsini nümunə götürmək deməkdir".

Millət vəkili əlavə etdi ki, imperiya işğalına qarşı uzunmüddətli mübarizə apararaq son 35 ildə qələbə qazanan yeganə ölkə Azərbaycandır:

"Ukrayna isə hazırda Azərbaycanın 1990-cı illərdə keçdiyi mərhələyə bənzər bir proses yaşayır. Bu mənada Ukraynanın Azərbaycanın təcrübəsindən faydalanması, ərazi bütövlüyünü və suverenliyini bərpa etmək baxımından mühüm əhəmiyyət daşıya bilər. Ona görə də hesab edirəm ki, bu proses Azərbaycan üçün də strateji baxımdan maraqlıdır. Ukrayna Qara dəniz sahilində yerləşən, böyük iqtisadi və geosiyasi potensiala malik ölkədir. Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Düşünürəm ki, Zelenskinin səsləndirdiyi fikirlər iki ölkə arasında münasibətlərin gələcəyi baxımından da strateji əhəmiyyət daşıyır".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью