Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiyev, 31 oktyabr, AZƏRTAC
Ötən gün Rusiyanın “Şahed” pilotsuz uçuş aparatları Kiyevdə elektrik stansiyası və elektrik enerjisinə nəzarət mərkəzinin birgə yerləşdiyi obyektə zərbə endirib. Dnepr vilayətində isə bir gecə ərzində 4 elektrik stansiyası hücuma məruz qalıb. Səhər saatlarında Kiyevdə dəmir yolu infrastrukturuna zərbə endirilib. Rusiya Dnepr vilayətində qazpaylayıcı stansiyaya da hücum edib.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, Rusiyanın bu hücumlarından sonra ölkənin bölgələrində elektrik enerjisi təchizatı ilə bağlı vəziyyət ağır olaraq qalır. Dnepr şəhərində və vilayətdə təxminən 200 min ailə elektrik enerjisiz qalıb. Kiyevdə isə 80 mindən çox ailənin hələ də elektrik enerjisi yoxdur. Təmir briqadaları hücumların nəticələrini aradan qaldırmaq və elektrik enerjisi təchizatını bərpa etmək üçün bütün imkanlardan istifadə edirlər.
“Dünya Rusiyanın hər gün mülki infrastrukturu necə hədəfə aldığını görür. Rusiyanın bu eskalasiyasının Avropada daha da genişlənməsini istəməyən hər kəs Ukraynaya kömək etməlidir”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev