Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və Çin Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün kifayət qədər təsir imkanlarına malikdir.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.
Onun fikrincə, bu ölkələrin Putini “bir görüş zamanı” dayandırmaq üçün kifayət qədər təsiri var.
“Əgər Çin və ABŞ sanksiyalar tətbiq etsələr və ya tətbiq edəcəklərini bəyan etsələr, Rusiya ilə bu ölkələr arasında ixrac və idxalı dayandırsalar, müharibə başa çatar”, – deyə prezident izah edib.
Zelenski qeyd edib ki, dünyanın sabitliyi belə böyük gücə malik aktorlardan asılıdır. Əgər onlar Putini dayandırmırlarsa, bu, müharibənin dayandırılmasında maraqlı olmadıqları deməkdir.
Bundan başqa, Ukrayna Prezidenti böyük dövlətlərin kiçik ölkələrin gələcəyini onların iştirakı olmadan həll etməyə çalışmasını ciddi səhv adlandırıb.
Onun sözlərinə görə, Tramp, Si və Putin Ukrayna ilə bağlı hər hansı qərarı Kiyevin iştirakı olmadan qəbul etsələr, bu, sadəcə söhbət olaraq qalacaq.
O, həmçinin vurğulayıb ki, müharibə döyüş meydanında başlayır və “sülhə doğru istənilən irəliləyiş yalnız döyüş meydanında atəşkəsin əldə olunması şərti ilə mümkündür”.
Prezidentin sözlərinə görə, Kremlin, xüsusilə mülki şəxslərə və xilasedicilərə qarşı təkrar hücumları göstərir ki, Putin daha çevik mövqe tutmayıb. Əksinə, Rusiya lideri Ukraynanın kapitulyasiyasına nail olmaq kimi uzunmüddətli məqsədini davam etdirir.
Qeyd edək ki, müsahibə Tramp, Si Cinpin və Putinin Ukraynanın dəvət edilmədiyi üçtərəfli görüşü ərəfəsində yayımlanıb.
Xatırlaadq ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin ilk üçtərəfli görüşü keçirilməlidir.
Danışıqların əsas mövzuları arasında nüvə silahlarına nəzarət, beynəlxalq təhlükəsizlik, həmçinin ABŞ və İsrailin İrana qarşı müharibəsi gözlənilir.
Ukrayna ilə bağlı mövqe isə qeyri-müəyyən olaraq qalır. Vaşinqton daha əvvəl Trampın bu məsələni müzakirəyə çıxarmağı planlaşdırmadığını bildirsə də, sonradan ABŞ Prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
Sammit ərəfəsində, noyabrın 18-də Putin və Si Cinpin ikitərəfli danışıqlar da aparıblar. İki saatdan çox davam edən görüşdə Ukraynadakı müharibə və onun başa çatdırılmasının mümkün yolları müzakirə olunub. Bu barədə Kremlin məlumatında bildirilib.
Bizim.Media