Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı teleaparıcı Stiven Bartletə müsahibə verərəkən zamanı göz yaşlarını saxlaya bilməyib. O, Ukraynadakı müharibə səbəbindən ağır emosional dövr keçirdiyini, güclü gərginlik yaşadığını və yuxu problemləri ilə üzləşdiyini etiraf edib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə “The Diary Of A CEO” podkastında çıxışı zamanı danışıb.
Müsahibə zamanı Ukrayna lideri hərbi əməliyyatların dayandırılması perspektivlərinə, Rusiya ilə mümkün danışıqlara, ABŞ Prezidenti Donald Trampla münasibətlərinə və Kiyevin münaqişənin nizamlanması naminə gedə biləcəyi kompromislərə də toxunub.
“Uşaqlarımın mənimlə fəxr etməsini istəyirəm”
Zelenski Ukraynadakı münaqişə səbəbindən böyük mənəvi ağrı keçirdiyini və demək olar ki, yatmadığını bildirib.
“Çətindir, çünki mən öz ölkəmlə və xalqımla birlikdə sağ qalmağa çalışıram. Həqiqətən də belə bir sual yaranır: sabah gələcəkmi? Bu sualın cavabı isə “bəli, gələcək”dir”, – deyə o bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, övladları ona mənəvi dəstək verir. Onun ən böyük arzusu isə uşaqlarının ataları ilə fəxr etməsidir.
“Bu, artıq böyük kompromisdir”
Zelenski atəşkəsin elan olunmasını və danışıqların başlanmasını özlüyündə böyük kompromis hesab etdiyini deyib.
“Prezident Tramp kompromis tapmalı olduğumuzu deyəndə mənə inanın: atəşkəs və danışıqların başlanması artıq böyük kompromisdir. Nifrət heç yerə yox olmayacaq. Bunun üçün vaxt və ədalət lazımdır. Mən dəfələrlə ABŞ Prezidentinə bunu izah etməyə çalışmışam: sadəcə bizi anlayın. Mövcud mövqelərdə dayanmağa hazır olmağın özü artıq böyük kompromisdir”, – deyə Zelenski bildirib.
O, Ukrayna qoşunlarının ölkənin şərqindən geri çəkilməsinin Rusiyaya yeni şəhərləri ələ keçirmək imkanı verə biləcəyini deyib.
V.Zelenskinin sözlərinə görə, Moskva Ukraynanın Slovyansk, Kramatorsk və Drujkovka şəhərlərini tərk etməsini tələb edir, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin daha da geri çəkilməsində israr edir.
“Gəlin, sadəcə bu qarşıdurmanı dayandıraq. Amma onlar istəyirlər ki, biz daha da geri çəkilək. Əgər geri çəkilsək, təhlükəsizlik təminatları haradadır? Bunun ədalətsiz olduğunu demirəm belə”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
“Mən heç kimə atəş açmayacağam”
Zelenski Trampla dəfələrlə enerji infrastrukturuna hücumların dayandırılmasına nail olmaq barədə danışdığını da bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidentindən ölkənin enerji sistemini qorumaq üçün Kiyevə hava hücumundan müdafiə raketləri verilməsini istəyib.
Zelenski bu raketləri təmənnasız tələb etmədiyini xüsusi vurğulayıb. O bildirib ki, tədarükün maliyyələşdirilməsini Avropa ölkələri öz üzərinə götürür və bununla bağlı müvafiq razılaşma da mövcuddur.
Lakin onun sğzlərinə görə, Ukraynaya raketlərin verilməsi imkanların məhdudluğu ilə izah edilərək təxirə salınır, halbuki Yaxın Şərqə tədarüklər davam edir.
“Hava hücumundan müdafiə raketlərini mənə verin. Mən heç kimə atəş açmayacağam. Ölkəmizin enerji sektorunu qoruyacağam”, – deyə Zelenski bildirib.
“Bu, tamamilə yanlış məlumatdır”
Ukrayna Prezidenti Donald Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının ABŞ-da dizelin qiymətini artırması ilə bağlı ittihamlarını da rədd edib.
Zelenski enerji bazarında yaranan problemlərin səbəbi kimi Hörmüz boğazının blokadaya alınmasını göstərib.
“Rusiyadan dizel ixracının həcmi o qədər cüzidir ki, onun Amerika Birləşmiş Ştatlarında qiymətlərə təsiri sıfırdır. Bu, tamamilə yanlış məlumatdır”, – deyə o bildirib.
Ukrayna lideri Rusiyanın enerji infrastrukturuna zərbələrin öz ölkəsinin enerji sisteminə edilən hücumlara cavab olaraq həyata keçirildiyini deyib.
“Biz də onların dizelinə cavab zərbələri endiririk”, – deyə Zelenski qeyd edib.
“Tramp prezident olsaydı, belə bir hadisə baş verməzdi”
Zelenski hesab edir ki, Donald Trampın Rusiyanı danışıqlar masasına gətirmək üçün kifayət qədər təsir imkanları var. O, xüsusilə ABŞ Konqresinin dəstəklədiyi sərt sanksiyaları buna nümunə göstərib.
“Tramp Moskvanı danışıqlar masasına çox asanlıqla oturda bilər. O, mənə qarşı istifadə etdiyi ritorikanı Rusiya Prezidenti Vladimir Putinə qarşı tətbiq etməlidir. Onun qarşısında Rusiyaya qarşı sanksiyalar var. Bu sanksiyalara o deyil, Konqres səs verib. Tramp bunları tətbiq edə bilər. Ola bilsin, onun Putinlə xüsusi münasibətləri var, bəlkə də başqa səbəb mövcuddur. Səbəbin nə olduğunu bilmirəm”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsində Trampın ölkədə enerji daşıyıcılarının qiymətlərinə daha çox diqqət yetirə biləcəyini də ehtimal edib.
O, həmçinin 2022-ci ildə ABŞ Prezidenti Co Bayden deyil, Donald Tramp olsaydı, genişmiqyaslı müharibənin başlamaya biləcəyini söyləyib.
“Düzünü desəm, hesab edirəm ki, bunun cavabını heç kim bilmir. Fakt budur ki, bu hadisə Co Baydenin prezidentliyi dövründə baş verib. Trampın prezidentliyi dövründə isə belə bir hadisə baş verməyib”, – deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin fikrincə, Trampın Putinlə dostluq münasibətləri də münaqişənin qarşısını ala bilərdi.
“Onların nüvə silahından istifadəyə cəsarət edəcəklərini düşünmürəm”
Zelenski Rusiyanın nüvə silahından istifadəyə cəsarət etməyəcəyini düşündüyünü bildirib. Onun fikrincə, belə bir addım Moskvanın bütün müttəfiqlərini itirməsinə səbəb ola və digər münaqişələrdə nüvə silahından istifadə üçün təhlükəli presedent yarada bilər.
“Hər kəsin ağlına onların daha dəhşətli bir şey edə biləcəyi fikri gəlir. Amma mən onların nüvə silahından istifadəyə cəsarət edəcəklərini düşünmürəm”, – deyə o bildirib.
Zelenskinin fikrincə, nüvə silahının bir dəfə tətbiq edilməsi digər nüvə dövlətləri üçün də təhlükəli presedent yaradacaq. Bu, Yaxın Şərq də daxil olmaqla, başqa münaqişələrdə də belə silahlardan istifadə riskini artıra bilər.
“Yalnız bizim iştirakımızla”
Ukrayna Prezidenti ölkəsinin Avropaya inteqrasiyası perspektivləri barədə də danışıb.
O hesab edir ki, Ukraynanın Avropa ilə əlaqələrinin gücləndirilməsi regiondakı siyasi vəziyyətə və qonşu dövlətlər arasındakı münasibətlərə təsir göstərə bilər.
Zelenskinin sözlərinə görə, Ukrayna rəhbərliyi Avropa istiqamətini ölkənin gələcəyinin mühüm tərkib hissəsi hesab edir.
O, həmçinin Ukraynanın gələcək taleyi ilə bağlı istənilən razılaşmanın ölkə nümayəndələrinin iştirakı ilə qəbul edilməli olduğunu bildirib.
A.Qorxmaz