Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ukrayna hakimiyyəti Rusiya və ABŞ-la istənilən formatda danışıqlara hazırdır. Lakin Rusiya lideri ilə birbaşa şəxsi görüş olmadan əsas ərazi məsələlərinin razılaşdırılması mümkün deyil.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Çex Radiosuna müsahibəsində səsləndirib.
“Biz Rusiya və ABŞ-la istənilən formatda görüşə açığıq. Avropanın da iştirakını istərdik, çünki təhlükəsizlik zəmanətlərimizin bir hissəsi Avropa İttifaqına üzvlük, eləcə də ‘istəklilər koalisiyası’dır.
Zelenski vurğulayıb ki, Aİ nümayəndələri danışıqların bu və ya digər mərhələsində prosesə qoşula bilərlər, lakin ilk növbədə “üçtərəfli görüş” vacibdir.
“Biz hansısa formatda Rusiya və Putin ilə birbaşa təmas qurmalıyıq. Belə bir format olmadan komandalarımız ərazi məsələləri üzrə razılığa gələ bilməyəcək”, – deyə prezident bildirib.
O xatırladıb ki, 20 maddədən ibarət sülh planında ən ağrılı mövzular məhz ərazi ilə bağlıdır.
“Bu məsələlərin hansısa lider tərəfindən təkbaşına həll ediləcəyinə inanmıram. Son mərhələ həmişə ən çətin olur və hazırda nəticənin nə dərəcədə yaxın olduğunu dəqiq söyləmək mümkün deyil. Biz ABŞ-dan təhlükəsizlik zəmanətlərinə ümid edirik və müvafiq sənəd hazırdır. Avropadan təhlükəsizlik zəmanətlərinə də ümidvarıq. Orada da demək olar ki, hər şey hazırdır”.
Zelenski müharibədən sonra ölkənin bərpası üçün iqtisadi paketinin də vacibliyini qeyd edib.
“Bu paket ilk növbədə bizim, həmçinin ABŞ, Avropa və biznes üçün önəmlidir. Hər bir potensial investor üçün Ukraynanın təhlükəsizlik zəmanətlərinə malik olacağını və müharibənin yenidən başlamayacağını eşitmək vacibdir. Bu, ölkəyə köçmək, sərmayə yatırmaq və bərpa prosesində iştirak etmək istəyi yaradır. Bu, tamamilə məntiqli və realist yanaşmadır”, – deyə prezident vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az