Zelenski tarix verdi: Ukraynada müharibə qışdan əvvəl bitə bilərmi?

03.08.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin başa çatması üçün səylərin payız aylarında nəticə verməsinə ümid etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, Kiyev bütün diplomatik və beynəlxalq imkanlardan istifadə edərək Rusiyaya qarşı təzyiqi artırmağa çalışır.

Zelenski bildirib ki, hazırda əsas məqsədlərdən biri müharibənin qışdan əvvəl başa çatması üçün lazımi şəraitin yaradılmasıdır.

“Diplomatik səylərimizin, Ukraynanın Rusiyaya qarşı uzunmüddətli sanksiyalarının, tərəfdaşlarımızın tətbiq etdiyi məhdudiyyətlərin və digər təzyiq vasitələrinin nə zaman nəticə verəcəyini yüz faiz demək mümkün deyil. Lakin bunun payızda, qış başlamazdan əvvəl baş verməsi üçün əlimizdən gələni edəcəyik”, – deyə Ukrayna lideri bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, Rusiya rəhbərliyinin müharibəni davam etdirmək niyyətində olduğu aydındır. Onun sözlərinə görə, Moskva yeni səfərbərlik tədbirləri və hücum planları üzərində işləyir. Zelenski bildirib ki, Ukrayna tərəfi Rusiyanın məqsədlərini görür, beynəlxalq tərəfdaşları birləşdirir və təcavüzkara qarşı təzyiq mexanizmlərini gücləndirir.

Zelenski xaricdə fəaliyyət göstərən ukraynalı diplomatların qarşıdakı qış dövrü ilə bağlı xüsusi məsuliyyət daşıdığını vurğulayıb. O bildirib ki, Ukraynanın “qış paketi” konkret ehtiyaclar əsasında hazırlanmalıdır. Buraya maliyyə yardımı, enerji avadanlıqları, müdafiə vasitələri və digər vacib resurslar daxildir.

Ukrayna liderinin sözlərinə görə, ölkəyə hava hücumundan müdafiə sistemləri üçün raketlər, xüsusilə “Patriot”, “Iris-T”, “Hawk”, “SAMP/T” və “NASAMS” sistemləri üçün sursatlar, eləcə də hərbi aviasiya üçün əlavə silahlar lazımdır.

Məlumata görə, Zelenski iyunun 25-də Ukrayna Təhlükəsizlik Xidmətinə Rusiyanı müharibənin dayandırılmasına sövq etmək məqsədi daşıyan 40 günlük təsir əməliyyatının keçirilməsi barədə tapşırıq verib. Həmin müddətin avqustun əvvəlində tamamlandığı bildirilir. Kiyev hazırda həm diplomatik addımlar, həm də beynəlxalq tərəfdaşların dəstəyi vasitəsilə müharibənin dayandırılması üçün təzyiqi artırmağa çalışır.

Müharibənin nə vaxt başa çatacağı isə hələ də əsas suallardan biri olaraq qalır.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью