Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Zelenski sosial şəbəkədə paylaşımında bildirib ki, söhbət zamanı geniş spektrdə məsələlər müzakirə olunub və tərəflər Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
“Bu, vacib söhbət idi və çox məsələdən danışdıq. Nyu-Yorkda görüşmək barədə razılığa gəldik və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika var”, – Zelenski yazıb.
Ukrayna lideri ABŞ prezidentinə onun xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Kiyevə səfərinə görə təşəkkür edib.
“Əsas detalları hərtərəfli nəzərdən keçirdik. Onlar Ukraynadakı vəziyyəti öz gözləri ilə gördülər”, – Zelenski bildirib.
Onun sözlərinə görə, sülh prosesinin irəlilədilməsi Ukraynanın əsas prioritetidir.
Zelenski qeyd edib ki, tərəflər gərginliyin azaldılması və fundamental təhlükəsizlik məsələlərinin həlli ilə bağlı ideyaları müzakirə ediblər.
“Gərginliyin azaldılması və fundamental təhlükəsizlik məsələlərinin – enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və insanların həyatının qorunmasının həlli ilə bağlı ideyalar var”, – Ukrayna Prezidenti bildirib.
O, ABŞ komandası ilə birgə işlədiklərini və “həqiqətən ciddi addımlar atmağa hazır olduqlarını” vurğulayıb.
Zelenski həmçinin Donald Trampa Lindsey Grahamın adını daşıyan sanksiyalar haqqında qanunu imzaladığına görə təşəkkür edib.
“Hamımız razıyıq – sülh olmalıdır”, – Zelenski yazıb.
Ukrayna Prezidenti paylaşımının sonunda Ukraynaya dəstək verən və yardım edən hər kəsə təşəkkür edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyalar qanununu imzalayıb. Sənəd Rusiyanın enerji və müdafiə sektorlarını, həmçinin sanksiyalardan yayınmaq üçün istifadə edilən neft tankerlərindən ibarət “kölgə donanmasını” hədəfə alır. Qanun “Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026” adlandırılıb.