Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir

18.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 18 noyabr, AZƏRTAC

Ukrayna ABŞ Prezidenti Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir və müharibəyə son qoymaq üçün növbəti addımları hazırlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”dakı axşam videomüraciətində bildirib.

Prezidentin sözlərinə görə, o, Trampın nümayəndələri Stiv Utkov və Cared Kuşnerlə görüşməyi gözləyir. Avropa liderləri ilə Rusiya danışıqlarında yeni addımlar barədə müzakirələr də planlaşdırılır.

Zelenski bildirib ki, Ukrayna sülh arzusunu açıq şəkildə ifadə edir və həmişə konstruktiv işləyir.

“Amerika nümayəndələri bildiriblər ki, Berlindəki görüşlərimizdə ABŞ Prezidentinin hazırda Çində və digər ölkələrdə keçirilən danışıqları barədə lazımi məlumatları verəcəklər. Biz Çindən, digər ölkələrdən və tərəfdaşlarımızdan məlumat alacağıq”, - deyə Zelenski əlavə edib.

Zelenski xatırladıb ki, sabah “İstəklilər koalisiyası”nın mühüm iclası keçiriləcək. Ukrayna və tərəfdaşları Koalisiyanın effektiv olmasını təmin etmək üçün əlindən gələni edirlər.

“Biz Ukraynanın müdafiəsi üçün və hər şeydən əvvəl enerji sektorumuz üçün yeni dəstək paketləri hazırlayırıq. Həmçinin Ukrayna və diplomatiyamız üçün daha çox şey təmin etməli olan ikitərəfli görüşlər də olacaq”, - deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Ukrayna və Avropanın aydın ortaq mövqeyi var - Ukraynanın məsələləri Ukraynanın iştirakı ilə həll edilməlidir, Avropanın məsələləri Avropanın iştirakı ilə həll edilməlidir. “Bu, bizim tutacağımız yeganə yanaşmadır. Bu müharibəyə son qoymaq üçün kömək edən və güclü bir gündəliyi təşviq edən hər kəsə təşəkkür edirəm”, - deyə Zelenski əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью