Zelenski: Ukraynanın enerji obyektləri yenidən hədəfə alınıb

03.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kiyev, 3 fevral, AZƏRTAC

Rusiyanın bölgələrimizə zərbələrinin nəticələri aradan qaldırılır. Yenidən məhz enerji obyektləri hədəfə alınıb: ruslar ballistik raketlər də daxil olmaqla xeyli sayda – 70-dən çox raketdən, həmçinin 450 hücum dronundan istifadə ediblər.

AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski verib.

Prezident qeyd edib ki, Sumı, Xarkov, Dnepr, Odessa və Vinnitsa, Kiyev vilayətləri və paytaxt Kiyev zərbələrə məruz qalıb.

“Bu günə qədər hücumda doqquz nəfərin yaralandığı məlumdur. Yaşayış binalarına və enerji infrastrukturuna ziyan dəyib. Kiyevdə dron zərbələri nəticəsində çoxmərtəbəli binalar yanıb, uşaq bağçası isə zədələnib. Mümkün olan hər yerdə lazımi xidmətlər yerləşdirilib”, - deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, soyuq qış günlərindən istifadə edərək insanları terrora məruz qoymaq Rusiya üçün diplomatiyadan istifadə etməkdən daha vacibdir. Bu, tərəfdaşlardan nəyin tələb olunduğunu və nə ilə kömək edilə biləcəyini açıq şəkildə göstərir.

Ukrayna Prezidenti əlavə edib: “Hava hücumundan müdafiə sistemləri üçün raketlərin vaxtında çatdırılması və normal həyatın qorunması bizim prioritetlərimizdir. Rusiyaya təzyiq olmasa, bu müharibə bitməyəcək. Moskva hazırda terror və eskalasiyanı seçir, buna görə də maksimum təzyiq tələb olunur”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью