Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinin Konstantinovka şəhərinin Rusiya ordusunun nəzarəti altına keçmədiyini bildirib və Rusiya Prezidenti Vladimir Putinə "həmin şəhərdə görüşməyi" təklif edib.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib. O, Almaniya kansleri Fridrix Merzlə telefon danışığı apardığını və söhbət zamanı Ukraynanın hava hücumundan müdafiə imkanlarının, xüsusilə də Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin təminatını müzakirə etdiklərini bildirib.
"İndiki mərhələdə ən vacib məsələ xalqımızı Rusiya ballistik raketlərindən qoruyacaq Patriot sistemləri üçün raketlərdir", – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, Merzə cəbhə xəttindəki son vəziyyət barədə də məlumat verib.
Zelenski, həmçinin, Rusiyanın Donetsk vilayətindəki Konstantinovka şəhərinin nəzarətə götürüldüyünə dair Moskvanın açıqlamasını təkzib edib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı ABŞ-a və beynəlxalq ictimaiyyətə həqiqəti əks etdirməyən məlumatlar təqdim edib.
"Əgər Konstantinovkanın artıq Rusiyanın nəzarətində olduğunu iddia edirsinizsə, gəlin həmin şəhərdə görüşək", – deyə Zelenski Putinə müraciət edib.
Aytən Yaşar/ Turkustan.az