Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücum nəticəsində bir sıra bölgələrdə ciddi dağıntılar və insan tələfatı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Ukrayna KİV-lərinin məlumatına görə, Rusiya ordusu ümumilikdə 165 zərbə dronu buraxıb ki, onların təxminən 100-ü “Şahed” tipli pilotsuz uçuş aparatları olub.
Ən ağır zərbə Odessaya endirilib. Şəhərə yönələn 50-dən çox dron beş yaşayış binasına və energetika obyektlərinə ziyan vurub. Nəticədə onlarla sakin, o cümlədən uşaqlar yaralanıb, binalarda böyük dağıntılar meydana gəlib. Bildirilir ki, dronlardan biri xristian evangelist icmasına məxsus dua evinə də düşüb. Hadisə yerlərində xilasetmə işləri davam edir, dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumlarla bağlı Teleqram kanalında açıqlama verib. O bildirib ki, Odessadan başqa Lvov, Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətləri də atəşə tutulub. Prezidentin sözlərinə görə, Rusiya qüvvələri əsasən energetika və mülki infrastrukturu hədəf alıb.
“Odessaya qarşı zərbə dronları ilə amansız hücum həyata keçirildi. Şəhərə 50-dən çox dron buraxılıb və əsas hədəflər energetika obyektləri və adi mülki binalar olub. Beş yaşayış evi zədələnib, mənzillər və girişlər ciddi dağıntıya məruz qalıb. Hazırda onlarla yaralı var, onların arasında uşaqlar da mövcuddur,” – deyə Zelenski qeyd edib.
Ukrayna lideri bu hücumların müttəfiqlərin müharibəni dayandırmaq üçün apardığı diplomatik səylərə zərbə vurduğunu bəyan edib və beynəlxalq ictimaiyyəti Moskvaya qarşı sanksiya təzyiqlərini artırmağa çağırıb.
“Ümid edirik ki, Amerika, Avropa və digər tərəfdaşlar buna susmayacaq və anlayacaqlar ki, real sülh üçün təzyiq məhz Moskvaya göstərilməlidir”, – deyə o əlavə edib.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az