Zelenskinin çıxış yolu yoxdur ŞƏRH

22.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibədə vəziyyəti getdikcə çətinləşir. Qərbin Kiyevə dəstəyinin gələcəyi, müharibənin Ukraynanın demoqrafik və iqtisadi vəziyyətinə təsiri, eləcə də Rusiya ilə danışıqların perspektivləri ölkənin qarşısında duran əsas məsələlərdəndir.

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsinin yaranmasında Qərb institutlarının, xüsusilə ABŞ-nin rolu olub. ABŞ Prezidenti Donald Tramp hazırda Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına çalışsa da, müharibəyə gətirib çıxaran proseslərin əsası əvvəlki ABŞ administrasiyasının dövründə qoyulub.

T.Abbasov bildirib ki, Qərbin əsas məqsədlərindən biri Rusiyanı zəiflətmək olub. Onun fikrincə, bu prosesdə Qərb özü də xeyli resurs itirib. Ukraynaya ayrılan böyük həcmli maliyyə və hərbi yardım Qərb dövlətlərinin imkanlarına təsir göstərib:

"Ukraynaya ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı suallar da mövcuddur. Onun sözlərinə görə, maliyyə vəsaitlərinin bir hissəsinin mənimsənilməsi ilə bağlı iddialar gündəmə gəlib və bu prosesdən həm Ukraynada, həm də ABŞ-də bəzi məmurların faydalandığı iddia olunur".

Müsahibimiz qeyd edib ki, Ukraynada baş verən siyasi dəyişikliklər və Krımın ilhaqından sonrakı proseslər ölkənin Rusiya ilə Qərb arasındakı qarşıdurmanın meydanına çevrilməsinə gətirib çıxarıb. Onun fikrincə, bu qarşıdurmanın ən ağır nəticələri Ukrayna xalqının üzərinə düşüb:

"Müharibə ölkənin demoqrafik vəziyyətinə, iqtisadiyyatına və enerji təminatına ciddi təsir göstərib. Milyonlarla insanın ölkəni tərk etməsi, enerji böhranı, ərzaq çatışmazlığı və əhalinin hərbi əməliyyatlara cəlb olunması Ukraynanın dövlət kimi fəaliyyətinə mənfi təsir göstərən amillərdəndir.

10 milyondan artığı pərən-pərən olub, dünyaya səpələnib. Olan-qalan demoqrafik resurs zorla hərbi tərkibdə dözüm gətirir. Sonra enerji böhranı, qida çatışmazlığı, cavan oğlanların, orta yaşlı kişilərin hamısının bir ucdan müharibəyə aparılması demək olar ki, Ukrayna sistemini bir dövlət kimi çökdürmüş olur".

Tofiq Abbasov: Qərbin əsas məqsədlərindən biri Rusiyanı zəiflətmək olub

Politoloq vurğulayıb ki, Qərbin Ukraynaya gələcək dəstəyi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Kiyevə ayrılan maliyyə və hərbi resursların həcmi müharibənin davam etdirilməsi baxımından mühüm amildir.

Ukrayna hakimiyyəti mövcud vəziyyəti nəzərə alaraq qərar verməlidir. O, Rusiyanın danışıqlara razılıq verməsini və ABŞ prezidentinin vasitəçilik səylərini müharibənin dayandırılması baxımından əhəmiyyətli hesab edir:

“Elə düşünürəm ki, lap burda Zelenskinin çıxış yolu yoxdur. Hələ Rusiya əgər danışıqlara razılıq verirsə və ABŞ-nin prezidenti bu prosesdə vasitəçi kimi israr nümayiş etdirirsə, yəqin ki, artıq bu o deməkdir ki, Zelenski zərərin yarısından qayıtsa da, bu onun üçün xeyir olacaq. Çünki həqiqətən də hətta hipotetik imkanlar yoxdur ki, Ukrayna burada vəziyyəti öz xeyrinə dəyişsin, Rusiyanı daha çıxılmaz şəraitə salsın”.

Politoloqun qənaətinə görə, müharibənin davam etməsi Ukrayna üçün əlavə itkilər yarada bilər. Rusiya əldə etdiyi əraziləri öz cəmiyyətinə müharibənin nəticəsi kimi təqdim edə bilər. Bununla belə, ərazi qazanclarının insan itkilərinə dəyib-dəymədiyini tarixin müəyyən edəcəyini vurğulayıb.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью