Zelenskinin pul istəməsi Qərbi bezdirib AÇIQLAMA

20.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski 2027-ci il üçün Qərbdən 115 milyard dollar maliyyə istəyib. O, Kiyevin 2028-ci ildə də oxşar məbləğə ehtiyac duya biləcəyini etiraf edib.

Zelenskinin bu etirafı müharibənin daha ən azı 2 il davam edəcəyini göstərirmi? Qərb Zelenskinin istədiyi 115 milyard dolları verəcəkmi? Qərbin Ukraynaya dəstəyi dayanarsa, Kiyevin və Zelenskinin aqibəti necə olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandəran politoloq Əhəd Məmmədli bildirib ki, Zelenskinin hər il pul istəməsi Qərb ölkələrini bezdirib:

"Qərbdə də böhran yaşanır. Hər ölkədə mitinqlər, etirazlar var. Biri kirayə qiymətlərinə, digəri başqa məsələlərə etiraz edir. Bir qismi də soruşur ki, niyə Ukraynaya pul verməliyik? 115 milyard çox böyük puldur. Müharibənin əvvəlində "Ukrayna Qərbi Rusiyadan qoruyur" fikri inandırıcı görünsə də, müharibə uzandıqca bu fikir Qərbdə o qədər də inandırıcı görünmür. Ona görə də Qərb ölkələri pul vermək istəmirlər. Xüsusilə müxalif partiyalar və əhali buna qarşı çıxır".

Ekspert qeyd edib ki, Qərbdə ifrat sağçıların güclənməsi Ukraynaya dəstəyi azalda bilər.

"Məsələn, Fransada prezident seçkilərində Marin Le Pen qalib gəlsə, onun Ukraynaya dəstək siyasəti Makronun siyasəti kimi olmayacaq. Dəstək zəifləyəcək. Ukrayna müharibə dövründə özünü dolandırmağı bacarmalı idi. Rusiya bunu bacarır, Ukrayna isə bacarmır. Ukraynada vaxtilə çox oğurluq, korrupsiya olub. İndi də korrupsiya var. Məsələn, Ukraynaya verilən silahların bir hissəsi Afrikada çıxır. Məlum olur ki, bəzi korrupsiyaya meyilli qüvvələr onları satıb. Bu da Qərbdə sual doğurur ki, "Biz sizə pul, silah göndəririk, amma onlar hara gedir?". Bu cür hallara görə Ukraynanın vəziyyəti çətindir", - deyə müsahibimiz vurğulayıb.

Əhəd Məmmədli: Ukrayna indi Qərb ölkələrindən asılı vəziyyətə düşüb və azad ola bilmir

Ə. Məmmədli hesab edir ki, Rusiya ilə Ukrayna arasında əsas fərq dəstək aldıqları ölkələrdir:

"Ukraynanın dəstək istədiyi ölkələr demokratik ölkələrdir. Orada müxalifət var, əhali etiraz edə bilir və hökumətdən soruşur ki, "Niyə Ukraynanı dolandırmalıyıq?!". Rusiya isə Çin kimi avtoritar rejimlərlə dostluq edir. Orada müxalifət yoxdur. Hakimiyyət nə desə odur, heç kəs ona etiraz edə bilməz. Ona görə Rusiyaya dəstək almaq asandır. Çünki Rusiya özü kimi avtoritar rejimlərlə dostluq edir".

Zelenskinin istəyinə toxunan müsahibimizin sözlərinə görə, 115 milyard dolları heç kim Ukraynaya birdəfəlik verməyəcək. Ən yaxşı halda hissə-hissə verə bilərlər.

"Ukrayna "Patriot" istəyir. Amma "Patriot"u göndərmək kifayət deyil. Onun təchizatı və ondan istifadə etməyi bacaran mütəxəssis lazımdır. Gərək Amerika öz mütəxəssislərini göndərib ukraynalıları öyrətsin. Buna ən azı bir neçə ay lazımdır. Bir neçə ayda isə cəbhədə vəziyyət dəyişə bilər. Bir sözlə, Ukraynanın vəziyyəti Rusiyadan daha çətindir. Çünki Ukrayna həm müdafiə vəziyyətindədir, həm də Qərbdən daha çox asılıdır", - Əhəd Məmmədli əlavə edib.

Politoloq son olaraq vurğylayıb ki, Ukrayna Rusiyadan azad olmaq istədi, lakin indi Qərb ölkələrindən asılı vəziyyətə düşüb və azad ola bilmir.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью