Zelenskinin Trampa mesajı: Ukraynanın taleyi Ağ Evdən keçir (ŞƏRH)

23.01.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Volodimir Zelenskinin indiki məqamda Trampın Ukraynaya münasibətini tərifləməsini təbii qəbul etmək lazımdır. Çünki təkcə Ukraynanın yox, Avropanın da taleyi müəyyən mənada Trampın onlara göstərəcəyi münasibətdən asılıdır"

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ukrayna prezidenti Volodimir Zelenskinin Davos İqtisadi Forumundakı çıxışı zamanı Kiyevə daha çox dəstək verən Avropanı tənqid etməsini, ABŞ prezidenti Donald Trampın siyasətinə isə minnətdarlıq bildirməsini şərh edərkən deyib.

Azər Qasımov qeyd edib ki, Zelenskinin Davosdakı çıxışı həqiqətin bütün çılpaqlığı ilə dünya siyasi liderlərinin üzünə deyilməsi idi:

"Onun İran məsələsindən tutmuş Venesuela, Qrenlandiya, Avropa İttifaqı ölkələri və Macarıstanın baş naziri Viktor Orbanla bağlı səsləndirdiyi fikirlər vaxtında deyilməmiş həqiqətlər idi. Mövcud vəziyyətdə Zelenskinin Trampı tərifləməkdən, daha doğrusu ona təşəkkür etməkdən başqa yolu yoxdur".

Politoloqun fikrincə, Zelenski Avropanın zəif olduğunu indi görmür:

"ABŞ və Rusiya ilə münasibətlərdə bu, hər zaman belə olub. Lakin bu zəifliyi hərbi və ya iqtisadi yox, daha çox liderlik baxımından xarakterizə etmək düzgün olar. Rusiya məsələsində Ukrayna və Aİ eyni iplə bir-birinə bağlanıb. Bu ipin qırılması az və ya çox dərəcədə hər iki tərəfin məğlubiyyəti anlamına gələ bilər. Zelenskinin ABŞ-la münasibətlərdə daim mülayim davranmaqdan başqa çıxış yolu yoxdur. Tramp Ukraynaya Aİ vasitəsilə  göstərilən hərbi dəstəyi kəsərsə, bu, heç kim üçün yaxşı nəticə verməz".


Ekspert bildirib ki, Ukraynanın müharibədə ayaqda qalması üçün manevr imkanları məhduddur:

"Ukrayna ona dəstək verəcək ölkələrin dairəsini əvvəlcədən görür və tanıyır. Bu səbəbdən mövcud tərəfdaşlardan üz döndərib yeni oyunçular axtarmaq imkanı yoxdur. Kiyev sadəcə tərəfdaşları  arasında ritorik manevrlər edir. Bunun nəticəsidir ki, Fransa Rusiyanın kölgə donanmasına aid gəmini həbs edib, Putinə qarşı məhkəmə prosesinin təşkili üçün Aİ ilkin olaraq 10 milyon avro vəsait ayırıb. Bunlar Ukraynanın apardığı  manevrlərin  nəticəsidir".

Müsahibimiz hesab edir ki, Ukrayna sona qədər tərəfdaşları ilə birlikdə hərəkət edərək uğurlu nəticə əldə edə bilər. 

Qeyd edək ki, Zelenski Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Ukrayna səhər yeməyi"ndə çıxış edərək Avropa ölkələrinin Kiyevə dəstək məsələsindəki mövqeyini tənqid edib və Trampın səylərini yüksək qiymətləndirib. 

Zelenskinin sözlərinə görə, bəzi Avropa liderləri hələ  də "müharibə yorğunluğu” nümayiş etdirir və qərarların qəbulunu ləngidirlər. O vurğulayıb ki,  Ukraynanın bərpası və təhlükəsizlik zəmanətləri məsələsində daha qətiyyətli addımlara ehtiyac var. Əvəzində Ukrayna lideri Donald Trampın sülh prosesindəki rolunu tərifləyərək bildirib ki, Tramp administrasiyası münaqişənin həlli üçün "yeni enerji” və konkret təkliflər ortaya qoyub. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью