Zəngəzur dağlarında Zəfər bayrağımızı ucaldanlar

24.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Onların hər birinin hünərini və xatirəsini ehtiramla yad edirik

Dağlar diyarı Qubadlının adı gələndə hamının gözü önündə, ilk növbədə, xalq qəhrəmanlarımız Qaçaq Nəbi və Həcərin işıqlı obrazları canlanır. Onların Zəngəzur mahalında, Naxçıvan və Qarabağda xalq naminə apardıqları mübarizə dillərdə dastan olub. Erməni işğalına qarşı 1-ci və 2-ci Qarabağ savaşında da Qubadlı igidləri qəhrəmanlıq ənənələrini layiqincə davam etdiriblər. Elə Qubadlının Nəbilər yurdu adlandırılmasının başlıca səbəbi də budur.

İşğalçılara qarşı silahlı mübarizənin ilk dönəmində Qubadlı rayonu 238 şəhid verib və 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ermənistanla 120 kilometrlik sərhəddə yerləşən bu rayonun igidləri yerli özünümüdafiə batalyonları yaradaraq doğma torpaqları son damla qanlarına qədər müdafiə ediblər. Əlyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev, Aslan Atakişiyev, Səfa Axundov, Ələkbər Əliyev, Kazımağa Kərimov, Fəxrəddin Cəbrayılov və 2016-cı ildə Lələtəpə uğrunda döyüşlərdə fərqlənmiş Şükür Həmidovun qəhrəmanlığı dövlət səviyyəsində rəsmiləşib.

Əlyar Əliyev yunan-Roma güləşi üzrə dəfələrlə respublika, Ümumittifaq və beynəlxalq yarışların qalibi, tanınmış məşqçi və idman müəllimi idi. Dağlıq Qarabağ, eləcə də Qubadlı, Laçın və digər rayonlar işğala məruz qalan zaman könüllü olaraq döyüşlərə atılıb. Vətənpərvər oğullardan ibarət döyüş dəstəsi yaradıb və ona bacarıqla başçılıq edib.

“Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə 50 nəfərlik diversiya qrupu 1992-ci il aprel ayının 16-da Laləzar körpüsünü partladaraq Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları əsasında bundan xəbər tutan Əliyar Əliyev və döyüşçüləri düşməni mühasirəyə salaraq 11 nəfərini məhv edib və həmin meyitləri azərbaycanlı əsirlərə dəyişiblər.

İgid Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının yaxınlığında olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Onlar doğma Qəzyan kəndində torpağa tapşırılıblar. Qubadlı azadlığına qovuşandan sonra unudulmaz qəhrəmanların məzarları bərpa edilib.

Rayonun digər milli qəhrəmanlarının ruhuna böyük ehtiramla onlardan biri – həmkarımız Kazımağa Kərimovu bir qədər ətraflı təqdim etmək istərdik. Kazımağa Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Dövri mətbuatda, xüsusilə də çalışdığı “Azərbaycan məktəbi” jurnalında və “Azərbaycan müəllimi” qəzetində maraqlı məqalələrlə çıxış edirdi. Amma Vətən təhlükədə olanda qələmini süngüyə çevirən Kazımağa döyüş cəbhəsində də fərqlənə bilib. Deyilənə görə, atışmalar səngiyəndə o, dəftərinə qeydlər edir, davadan sonra yazacağı məqalələr üçün hazırlıq görürmüş. Amma, təəssüf ki, həyatı da, qeydləri də yarımçıq qalıb. Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə öz batalyonu ilə rəşadət nümunəsi göstərən baş leytenant Kazımağa Kərimov ağır yaralansa da, silahdaşlarına əməliyyatı davam etdirmək əmri verib. Özü isə sonra hospitala çatdırılıb, ancaq amansız ölüm jurnalist-döyüşçünü cənginə alaraq aparıb.

Hərbi hissə komandiri olan polkovnik-leytenant Şükür Həmidovun və silahdaşlarının qəhrəman səyləri sayəsində 2016-cı ildə Lələtəpə döyüşləri zamanı həmin strateji məkan, oradakı əlverişli mövqelər işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə nazirinin adı ilə tanınan “yenilməz Ohanyan səddi” 40 dəqiqə ərzində darmadağın edilib.

Aprel zəfərində hünərinə görə ali hərbi fəxri ada layiq görülmüş Şükür Həmidov 4 il sonrakı Vətən müharibəsində böyük Qələbənin ilk müjdəçilərindən olub. 2020-ci ilin oktyabrında məhz ata yurdu Qubadlıya ilk qədəm basdığı vaxt yaxınlıqdakı zirvəyə üçrəngli, ay-ulduzlu bayrağımızı sancıb. Həmin ayın 23-də Yazı düzü yüksəkliyində şəhadətə qovuşması isə onun üçün bir İlahi lütfü idi. Vətən müharibəsində fəal iştirakı “Zəfər” ordeni ilə qeyd olunan Milli Qəhrəmanın ölümündən cəmi 3 gün sonra Qubadlı mənfur düşmənlərdən tamamilə azad edilib. Prezident İlham Əliyevin sərəncamı ilə hər il oktyabrın 25-i ölkəmizdə Qubadlı Şəhər Günü kimi qeyd olunur və Allaha şükürlər edilir ki, Şükür Həmidov kimi igidlərin ruhu şaddır. Bu, tariximizdə şanlı Qələbəmizi əks etdirən daha bir möhtəşəm səhifədir.

“Zəfər Yürüşü”ndə bu rayonun 300-ə yaxın sakini könüllü olaraq iştirak edib. Onlardan 11-i şəhid olub, 40 nəfərdən çoxu döyüşlərdən qazi kimi qayıdıb. Qubadlı igidlərinin əksəriyyəti döyüş orden və medalları ilə təltif edilib.

Rayonun Yusifbəyli kəndindən olan əsgər Vüsal Yaqubov ən gənc yaşda – 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Azərbaycan igididir. Bu şərəfli adı o, Xocalının Sığnaq kəndində göstərdiyi şəxsi igidliyinə görə alıb. Orada Vüsal düşmənin xüsusi təyinatlı alayının 20-yə yaxın döyüşçüsünə qarşı təkbaşına vuruşub. Sığnaq kəndini azad etdikdən sonra isə 4 gün kəndin keşiyində dayanıb. Sığnağı silahlı qüvvələrimizə təhvil verdikdən sonra Şuşanı azad etməyə istiqamətləniblər.

Yaxşı xatırlayırıq ki, Prezident İlham Əliyev 2021-ci ilin oktyabr ayında Qubadlı sakinləri ilə onların doğma yurdlarında görüşü zamanı Vüsal Yaqubovla söhbəti zamanı demişdi: “Çox sağ ol, mən sənə təşəkkür edirəm, sənin simanda bizim bütün qəhrəman övladlarımıza. Onlar sinəsini qabağa verib düşməni torpağımızdan qovublar. Bax, belə igidlərin hesabına biz bu gün burada dayanmışıq”.

Qayalı kəndindən olan Faiq Qasımov 1-ci Qarabağ müharibəsində Qubadlı və Laçın istiqamətlərində döyüşüb. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb, müxtəlif hərbi hissələrdə xidmət edərkən qorxmazlığı ilə seçilib. O, 1993-cü ildə Sumqayıta köçmüş ailələrdən birinin övladı idi. Vətən müharibəsi başlanan gün – 2020-ci il sentyabrın 27-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin müxtəlif orden və medallarla təltif edilib.

Bugünlərdə “Xalq qəzeti”nin kitabxanası” seriyası ilə işıq üzü görmüş “Zəfər yolçuları” kitabında haqqında ətraflı bəhs olunan qəhrəmanlarından biri də Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş Vüqar Ağayevdir. Hələ kiçik yaşlarından hərb işinə maraq göstərib, özünü baxdığı “davalı kino”ların qəhrəmanlarına bənzətməyə çalışan Vüqar əsgərlik yaşı çatanda sevinə-sevinə Milli Ordu sıralarında xidmətə yollanıb və bu zaman ömürlük Vətən keşiyində durmağı qərara alıb.

O, 1992-ci ildə ali hərbi məktəbin kursantı kimi oxumağa başlayıb və təhsilini uğurla başa vuraraq leytenant rütbəsi alıb. Qusar rayonundakı hərbi hissədə təlim keçib, ardınca Naxçıvan qarnizonunda bölük komandiri kimi hərbi xidmətə başlayıb. 2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxıb.

Vətən müharibəsi başlananda ehtiyatda olan mayor Vüqar Ağayev evdə otura bilməyib. Könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək döyüşlərə atılıb. 44 günlük müharibənin 33-cü günündə – noyabr ayının 1-də doğma Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi Bakıya gətirilərək II Fəxri xiyabanda ruhuna böyük ehtiramla torpağa tapşırılıb. Dövlət başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vüqar Əhməd oğlu Ağayevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Şəhid zabit, həmçinin “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Ramana qəsəbəsində yerləşən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Vüqar Ağayevin adını daşıyır.

Qubadlı Şəhər Günü qeyd olunan bir vaxtda general-mayor Mais Bərxudarovu da xüsusi qeyd etmək istərdik. Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan general Barxudarov 1976-cı ildə Qubadlı şəhərində dünyaya göz açıb. Uşaq vaxtlarından güləşlə məşğul olub. Özü də yuxarıda haqqında bəhs etdiyimiz Milli Qəhrəman, güləşçi Əliyar Əliyevin yetirməsi olması ilə fəxr edir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə Mais Bərxudarova general-mayor rütbəsi verib. Onun çoxsaylı təltifləri arasında “Qarabağ” ordeni və “Qubadlının azad olunmasına görə” medalının öz yeri var. O, 2022-ci ildə general-leytenant rütbəsi alıb.

Bu gün əslən Qubadlıdan olub-olmamasından asılı olmayaraq, Nəbilər yurdunun azadlığına qovuşmasında xidmətləri olan hər bir soydaşımızı ehtiramla anırıq. Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Həm bu böyük siyahıya baxanda, həm də bu gün Qarabağın və Şərqi Zəngəzurun digər rayonları kimi, Qubadlıda gedən genişmiqyaslı bərpa, abadlıq-quruculuq işlərinə baxdıqca qəlbimiz tükənməz qürur hissi ilə döyünür.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью