“Zəngəzur dəhlizi quru Süveyş kanalı hesab edilə bilər” Deputat

29.01.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

"ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana, daha sonra Ermənistana nəzərdə tutulan səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səviyyədə Birləşmiş Ştatlar rəsmisinin regiona səfər etməsi özü-özlüyündə hadisədir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu qarşıdakı səfərin əhəmiyyətini şərh edərkən deyib.

O bildirib ki, nadir hallarda ABŞ-nin vitse-prezidentini regionumuzda, ya da ki, Azərbaycanda görürük:

“Demək ki, bu yüksək səviyyəli görüşü zəruri edən səbəblər var və səbəblər kifayət qədər stratejidir. Əlbəttə ki, biz təxmin edə bilərik ki, bu, daha çox Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülhün perspektivləri və yüklərin daşınması üçün beynəlxalq iqtisadi mərkəzlərin bu prosesə cəlb olunmasını ehtiva edir. Belə bir iddia irəli sürə bilərik ki, Zəngəzur dəhlizi və ya Tramp marşrutu nəqliyyat-yükdaşıma intensivliyinə görə quru Süveyş kanalı hesab edilə bilər. Quru Süveyş kanalı o deməkdir ki, həm yükgötürmə qabiliyyətinə görə, həm coğrafi bütövlüyünə və ondan daha səmərəli yükçatdırma qabiliyyətinə, həm də strateji əhəmiyyətinə görə çox mühüm bir yoldan, mühüm bir dəhlizdən söhbət gedir ki, bunun da adı Zəngəzur dəhlizi və yaxud Tramp marşrutudur”.

Deputat söyləyib ki, məsələnin başqa bir tərəfi də var, bu da ondan ibarətdir ki, Vensin Azərbaycana səfəri həm də Azərbaycan-ABŞ ikirətəfli münasibətlər kontekstində böyük strateji gələcək vəd edir ki, bu da bizim üçün ayrıca əhəmiyyətə malikdir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью