Zəngəzur dəhlizini qırmızı xətt sayanlar: Qırmızı işığ a düşdü

11.02.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana və Azərbaycana reallaşan səfərləri postmünaqişə dövrünə daxil olan regionda sülhü daha da asanlaşdıra bilər. 

2025-ci il avqust ayının 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra yekun sənədin imzalanması ilə bağlı müxtəlif tarixlər göstərilirdi. 

Ümumi qənaət isə sülh müqaviləsinin 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcəyi gözlənilən  parlament seçkilərindən sonra mümkün olacağı ilə bağlıdır. Çünki sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın konkret tələbi var. 

Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan preambula hissəsi çıxarılmalıdır. Qarşıdakı aylarda Ermənistanda yeni konstitusiyanın qəbul ediləcəyini nəzərə alsaq, preambula da ali qanunun yeni mətninə salınmaması üçün əlverişli imkan yaranıb. 

Lakin Ermənistanda seçkilər iyunun 7-də keçiriləcəyinə görə ümumxalq səsverməsinin parlamentin yeni tərkibinin formalaşmasından sonrakı müddətə qalacağına dair  ehtimallar üstünlük təşkil edir. Lakin Ceyms Devid Vensin regiona səfəri sülh prosesini sürətləndirə bilər. 

Yəni Vensin səfərdən qayıtdıqdan sonra sülh müqaviləsinə mane olan səbəblərin araşdırılaraq  aradan qaldırılması istiqamətində ABŞ-nin təşəbbüslə çıxış edəcəyinə dair məlumatlar artır. Seçkilərə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı gözlənilir. 

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ceyms Devid Venslə görüşdən bir gün sonra verdiyi açıqlama bunu bir daha sübut edir: 

“Ermənistan və Azərbaycan sülhə çox yaxındırlar. Biz artıq sülhün geridönməz hala gələcəyi nöqtəni hiss edirik. Sülh məhv edilməyəcək. Biz ardıcıl olaraq sərhədlərin demarkasiyası yolu ilə gedəcəyik”,-deyə Paşinyan bildirib. 

Ancaq yekun sülh müqaviləsinin seçkilərdən əvvəl imzalanması Azərbaycanın Ermənistana güzəştə getməsi kimi başa düşülməməlidir. Paşinyanın açıqlaması rəsmi İrəvanla sülh sənədinin mətninə dair razılaşmanın olduğunu göstərir. 

Konstitusiyaya dəyişiklik məsələsində tərəddüdlü mövqe nümayiş etdirən Ermənistan hakimiyyətinin mövqeyini dəyişməsi çox güman ki, Vensin İrəvanda apardığı müzakirələrin nəticəsidir. Mart ayında Ermənistanın yeni konstitusiyasının mətni dərc olunacaq. 

Əgər həmin layihədə prerambula hissəsinin çıxarıldığı məlum olarsa, o zaman sülh müqaviləsinin mart və ya aprel aylarında imzalanması qaçılmaz olacaq. Bu isə Azərbaycan və Ermənistan arasında kommunikasiyalalrın açılması, eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyası prosesini sürətləndirə bilər. 

Vensin bölgəyə səfərindən sonra “Tramp marşrutu”nun inşası ilə bağlı işlərə də vaxtından tez başlanacağı gözlənilir. Əgər əvvəllər avtomobil və dəmir yollarının bərpası işlərinə 2026-cı ilin payızında başalanacağı deyilirdisə, indi həm ABŞ Vitse-prezidentinin regiona səfəri, həmçinin sülh müqaviləsinin imzalanması bu istiqamətdə işlərin icrasını yaz, yaxud yay aylarında həyata keçirməyə imkan verə bilər. 

ABŞ-nin Yaxın və Orta Şərqdəki proseslərə təsiri, eyni zamanda Cənubi Qafqaza və Mərkəzi Asiyaya marağının artması fonunda formalaşan yeni geosiyasi konyuktur  kommunikasiyaların açılmasına zəmin yaradır. 

Yəni Rusiyanın diqqətinin daha çox Ukraynadakı müharibəyə yönəlməsi Cənubi Qafqazdakı mövqelərini xeyli zəiflədib. Yaxın Şərqdən sərhədləri daxilinə sıxışdırılan İran isə hər an müharibə təhlükəsi ilə üz-üzə dayanıb. 

Belə olan halda, İran üçün “qırmızı xətt” artıq Zəngəzur dəhlizi deyil, nüvə və raket proqramıdır. Ona görə də Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər qarşısıalınmaz prosesə çevrilib. 

Müşfiq Abdulla          
“Cebheinfo.az”

 

Açar sözlər: Zəngəzur dəhlizi Ceyms Devid Vens

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью