Zəngəzur dəhlizinin açılması niyə gecikir?

13.08.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlumdur ki, Zəngəzur dəhlizi Azərbaycan üçün, bölgə üçün çox önəmli layihədir. Bu, Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bir daha geniş təhlil olunub.

Bu dəhliz əvvəla, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında burbaşa fiziki bağlantı yaradacaq. Məlumdur ki, hazırda bu bağlantı qurudan yalnız İran İslam Respublikasının ərazisi üzərindən qurulub. Çox uzun, çətin yoldur. Ancaq Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın əsas ərazisi ilə Muxtar Respublika arasında məsafə qısalacaq, həm yükdaşımaları, həm də sərnişindaşına daha da asanlaşacaq və intensivləşəcək.

İkincisi, bu dəhliz Mərkəzi Asiyanı Türkiyə ilə Azərbaycan vasitəsilə birləşdirəcək, Türk dünyasını fiziki olaraq bütövləşdirəcək. Bu da başqa strateji bir hədəfdir.

Üçüncüsü, bu dəhliz vasitəsi Uzaq Şərqi Uzaq Qərblə - Çini, Cənub Şərqi Asiyanı Qərbi Asiyanın və Qərbi Avropanın ən uzaq nöqtələri ilə əlaqələndirəcək. Eləcə də, Afrika ilə. Gələcəkdə müharibə bitdikdən sonra Rusiya da, Orta Şərq ölkələri də, başqaları da bu marşrutdan faydalana biləcək.

Başqa sözlə, bu dəhliz həm ölkə üçün, həm bölgə üçün, həm dünya üçün nəhəng nəqliyyat arteriyasının olduqca strateji həlqəsi, mühüm xətt olacaq.

Sosial mediada tənqidçi platformalardan biri bu günlərdə Prezident İlham Əliyevin müxtəlif vaxtlarda verdiyi bəyanatları bir yerə toplayıb. Prezident hələ 2022-ci ildə demişdi ki, Naxçıvana gedən dəmiryolu Ermənistan sərhəddinə ilin sonuna qədər çatdırılacaq. Eyni bəyanatı o, 2023-cü ildə, 2025-ci ildə də verib. Avqustun əvvəlində xarici işlər naziri Ceyhun Bayramov deyib ki, bu dəmiryolu Ermənistan sərhəddinə 2027-ci ildə çatdırılacaq.

Bu haqda tənqidi paylaşım edən platforma Prezidentin əvvəllər dediyi tarixlərdə bu işlərin görülüb qurtarmadığına diqqəti cəlb etməyə çalışır. Burada ziddiyyət axtarır.

Ancaq son müsahibəsində Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirib.

O deyib: "İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün. Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq".

Burada hər şey aydındır: qərəzli tənqidçilər diqqəti Azərbaycanın qərarlarına, addımlarına zərrəbinlə baxsalar da, Ermənistan tərəfə heç boylanmır. Prezidentin də vurğuladığı kimi, Ermənistan 42 kilometrlik bir məsafədə dəmiryolunu bərpa etməyə hələ də başlamayıb. Azərbaycan tərəfi isə Horadizlə Ağbənd (Zəngilan) arasında 110 kilometrdən çox uzunluqda dəmiryolunu tikir, uzağı gələn ilə hazır olacaq. Eyni zamanda Naxçıvanın öz ərazisində 194 kilometr məsafədə dəmiryolu yenidən qurulacaq. Çünki hazırkı vəziyyətdə dəmiryolunun yükaşırma gücü ildə 1,5 milyon tondur. Ancaq Azərbaycan bu həcmi 10 dəfə, hətta daha çox artırmağı hədəfləyib. Ona görə də dəmiryolunun məsafəsi artacaq. Dönmə məsafələri uzanacaq ki, ən azı 10 dəfə çox yükü daşımaq mümkün olsun. Ancaq Ermənistan öz ərazisindəki 42 kilometrlik xətti yenidən tikib, eyni prinsiplə - indikindən 10 dəfə çox yükaşırma qabiliyyətinə çatdırmalıdır ki, bu layihə tam gücü ilə işləməyə qadir olsun. Ermənistan bu məsələləri (həm siyasi, həm başqa məsələləri) tez həll edib, bitirməsə, Azərbaycanın öz ərazisində dəmiryolunda gördüyü işləri sürətləndirməyin elə mənası qalmır. Doğrudur, Zəngilandan İran ərazisinə keçməklə Naxçıvana alternativ xətt çəkilməsi haqda da niyyət sənədi var. Ancaq əsas hədəf Ermənistan ərazisindən keçən dəhlizi reallaşdırmaqdır. Bu, dediyimiz kimi, təkcə Azərbaycanın deyil, Ermənistanın da sürətli inkişafına çox böyük təkan verəcək.

Bir sözlə, Azərbaycanın davranışlarına maraq nə qədər təbii olsa da, Ermənistanın Vaşinqton razılaşmalarının icrasını yubatması daha çox tənqidi diqqət tələb edir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью