Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zəngəzur dəhlizinin başladığı nöqtədən yeni görüntülər yayılıb.
"Ölkə.az" xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda Araz çayı yaxınlığında salınan dəmir yolu xətti əks olunub.
Görüntülərdə Zəngəzur dəhlizi boyunca inşa edilən qatar yolunun texniki vəziyyəti və ərazinin ümumi mənzərəsi diqqət çəkir. Məlumata görə, gələcəkdə dəhliz vasitəsilə hərəkət edəcək qatarlar məhz bu dəmir yolu xəttindən istifadə edəcək.
Xatırladaq ki, ötən il ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda baş tutan görüşündə əldə olunan razılaşmalar arasında Zəngəzur dəhlizi də yer alıb. Razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisi üzərindən birləşdirəcək yolun idarəçiliyi ABŞ şirkətinə həvalə olunacaq. Sözügedən marşrutun “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılacağı bildirilir.
Qeyd edək ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycan arasında təxminən 43 kilometrlik məsafəni əhatə edir. Dəhlizin istifadəyə verilməsi Ankara ilə Bakını birbaşa dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək. Layihə həm magistral avtomobil yolu, həm də dəmir yolu xətlərini nəzərdə tutur.
Hazırda Azərbaycan tərəfi Zəngəzur dəhlizinə birləşdiriləcək Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunun tikintisini davam etdirir.