“Zəngəzur” elektrik ötürmə xətti həm iqtisadi, həm də siyasi baxımdan strateji layihədir Ekspert rəyi

30.01.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

“Zəngəzur” elektrik ötürmə xəttinin çəkilməsinə başlanılması Azərbaycan üçün həm enerji təhlükəsizliyi, həm də regional inteqrasiya baxımından mühüm hadisədir. O, ilk növbədə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas elektrik enerji sistemi ilə birbaşa əlaqələndirməyi hədəfləyir. Amma, eyni zamanda, Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılmasını nəzərdə tutur. Bu baxımdan “Zəngəzur” elektrik ötürmə xətti həm iqtisadi yükü olan, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyan bir layihədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

“Eskizindən görünür ki, layihə əsasında Zəngəzur dəhlizi üzərindən 44 kilometr uzunluğunda əlavə elektrik ötürmə xəttinin inşası planlaşdırılır. Bu xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən mövcud xətlərə birləşdiriləcək və Azərbaycanın enerji məkanının bütövləşdirilməsi prosesini tamamlayacaq.

Daha sonra Naxçıvandan Türkiyəyə 400 kilovoltluq elektrik ötürmə xətti çəkiləcək. Bu mərhələ isə Azərbaycanın enerji sisteminin beynəlxalq enerji şəbəkələri ilə uyğunlaşdırılmasını təmin edəcək. Deməli, “Zəngəzur” elektrik ötürmə xətti Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və ölkənin geosiyasi mövqelərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə yanaşsaq, layihəni Azərbaycanın tarixində həyata keçirilən ən iri və strateji enerji əhəmiyyətə malik proqramlardan biri kimi qiymətləndirə bilərik”, - deyə M.Ələsgərli vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən layihənin Azərbaycan ərazisindən keçən hissəsinin icrasına başlanılması deməyə əsas verir ki, Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin olunması və ölkənin vahid enerji məkanının formalaşdırılması strateji prioritet kimi müəyyən edilib. Eyni zamanda, regional və qlobal iqtisadi layihələr üzərindən həm də Azərbaycanın geosiyasi maraqlarını təmin edə bilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью