Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Oyunla bağlı nə deyə bilərəm? Yaxşı başladıq, birinci hissədə istədiyimiz qolu vurduq. İkinci hissəyə də yaxşı start verdik, yenə fərqlənib hesabı 2:0 etdik. Hər şey istədiyimiz kimi gedirdi”.
Bu sözləri İkinci Liqanın sonuncu - 11-ci turunda “Haypers”lə matçda 2:0 öndə olmasına baxmayaraq, üstünlüyünü qoruya bilməyən və qələbəni əldən verən (2:2) “Zəngəzur” futbol komandasının məşqçisi Vüsal Səfərov görüşdən sonra deyib.
Komandasının gözlənilmədən xal itirməsini şərh edən məşqçi taktiki dəyişikliklərdən, buraxılan səhvlərdən və növbəti matçı düşünməyin nəticəyə təsirindən söz açıb.
“Sadəcə, sonradan bəzi problemlər oldu. Əslində, taktiki sxemi dəyişməli deyildik. Biz oyunun gedişində 4-4-2 sxeminə keçdik. Ona görə də problemlər yarandı. Halbuki 5-4-1 sxemi ilə oynayırıq. Oyunun gedişində bəzi futbolçularımızı da meydana daxil etmək üçün dəyişiklik etdik. Növbəti turdakı görüşü düşünərək bu addımı atdıq. Əslində, səhv bizdədir, bunu etməməli idik. Hesabı qoruya bilərdik. Ancaq taktiki dəyişiklikdən sonra irəli atıldıq və bunun nəticəsində iki qol buraxdıq.
“Marafon”la oyunu əvvəlcədən düşünməyimizin səbəbi var idi. Bəzi futbolçularımız zədədən qayıtmışdılar, ancaq məşqlərdə iştirak etməmişdilər. Gələcək oyunu nəzərə alaraq onları da meydana buraxdıq ki, “Marafon”la matça hazır olsunlar, ən azı oyun praktikası qazansınlar. Lakin onların gücü çatmadı, komandaya kömək edə bilmədilər. Əksinə, oyun intizamı pozuldu və nəticədə hesab 2:2 oldu. Halbuki hər şey istədiyimiz kimi gedirdi, üstünlük bizim tərəfimizdə idi. Üç xaldan olduq, daha doğrusu, bir xalla kifayətləndik. Səhvi özümüzdə görürük. İnşallah, növbəti matçlarda bu xal itkisini kompensasiya etməyə çalışacağıq”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Zəngəzur” komandası İkinci Liqanın birinci dövrəsini 22 xalla dördüncü pillədə başa vurub.