Zəngilan Vandalizmdən dirçəlişə, tarixdən gələcəyə ŞƏRH

20.10.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngilan Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin azadlığa qovuşduğu tarix kimi deyil, milli iradənin, sarsılmaz dövlətçilik əzminin və doğma torpaqlara bağlılığın təntənəsi kimi yaşayır. Hər il oktyabrın 20-də qeyd olunan bu əlamətdar gün Azərbaycanın tarixi ədalətin bərpası naminə apardığı mübarizənin, Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin rəmzlərindən biridir. Bu gün Zəngilanın timsalında biz həm işğalın acı nəticələrini, həm də azadlıqdan sonra başlanan böyük quruculuq salnaməsini görürük.
Zəngilan 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər ərzində şəhər və kəndləri dağıntılara, tarixi-mədəni irsi isə vandalizmə məruz qalmışdır. İşğal nəticəsində yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları və inzibati binalar dağıdılmış, əhali doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdır. Şəhərin məscidinin belə təhqir olunması, ondan tövlə kimi istifadə edilməsi erməni vandalizminin mənəvi dəyərlərə və dini irsə qarşı yönəlmiş acı nümunələrindəndir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngilan şəhərində cəmi bir neçə bina salamat qalmışdı. Bu mənzərə işğalın yalnız əraziləri deyil, insanların həyatını, xatirələrini və gələcəyə dair arzularını da necə yaraladığını göstərirdi.
Erməni vandalizminin ağır izləri Zəngilanın təbiətindən də yan keçməmişdir. Rayonun ən qiymətli təbii sərvətlərindən biri olan Bəsitçay Dövlət Təbiət Qoruğu, xüsusilə də nadir Şərq çinarları ilə məşhur olan meşəlik ərazi işğal illərində ciddi zərər görmüşdür. 1974-cü ildə yaradılmış qoruq Azərbaycan təbiətinin misilsiz sərvətlərindən sayılırdı. Əsrlərin şahidi olan çinarlar yalnız ağac deyil, həm də bölgənin təbii yaddaşı, ekoloji tarazlığın mühüm dayağı idi. İşğal dövründə çinarların kəsilməsi, meşə sahələrinin talan edilməsi və ağacların emal məqsədilə istifadəsi barədə məlumatlar ekoloji vandalizmin miqyasını üzə çıxarır. Beləliklə, işğal Zəngilanın həm maddi-mədəni irsinə, həm də canlı təbiətinə ağır zərbə vurmuşdur.
Bu gün Zəngilanın çinar meşələrinin vəziyyəti keçmişlə bu gün arasındakı fərqi, dağıntıların miqyasını və təbiətin bərpasının nə qədər vacib olduğunu aydın göstərir. İşğaldan sonra aparılmış monitorinqlərin nəticələrinə əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğunun meşə ilə örtülü sahələrinin əhəmiyyətli hissəsi məhv edilmiş, çox yaşlı çinarlar kəsilmiş, ərazidə yanğınlar törədilmiş və qoruğun inzibati binası dağıdılmışdır. Azadlıqdan sonra qoruğun vəziyyətinin öyrənilməsi, təbiət abidələrinin inventarlaşdırılması və biomüxtəlifliyin qiymətləndirilməsi istiqamətində işlər aparılır. Bu nadir meşənin əvvəlki zənginliyinə qovuşması zaman, elmi yanaşma və ardıcıl mühafizə tədbirləri tələb edir. Çünki kəsilmiş ağacları yenidən əkmək mümkün olsa da, əsrlərlə formalaşmış təbii irsi qısa müddətdə bərpa etmək mümkün deyil.
2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun Zəngilanı işğaldan azad etməsi şəhərin taleyində yeni mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə doğma torpaqlara qayıdışın və quruculuğun yolunu açdı. Bu gün Zəngilanda müasir yaşayış kompleksləri, yollar, sosial obyektlər və digər infrastruktur layihələri həyata keçirilir. 2026-cı il mayın 10-da şəhərdə 104 mənzildən ibarət ilk yaşayış kompleksinin açılışı və ailələrin doğma yurda qayıdışı Böyük Qayıdışın mühüm mərhələlərindən biri oldu.
Zəngilanın dirçəlişi yalnız yeni binaların tikilməsi ilə məhdudlaşmır. Burada həyatın yenidən canlanması, insanların doğma evlərinə qayıtması, tarixi-mədəni irsin qorunması və təbiətin bərpası vahid məqsədin tərkib hissələridir. Dağıdılmış Zəngilan məscidinin yerində tarixi yaddaşın qorunması, yeni məscidin inşası və digər quruculuq işləri xalqımızın öz keçmişinə hörmətinin ifadəsidir. Bu torpaqlarda ucalan hər bina, çəkilən hər yol və yenidən salınan hər yaşıllıq işğalın yaratdığı boşluğun həyatla doldurulduğunu göstərir.
Zəngilan şəhəri günü bizə bir daha xatırladır ki, xalqın gücü yalnız torpaqlarını azad etməkdə deyil, onları qorumaq, bərpa etmək və gələcək nəsillərə daha firavan şəkildə ötürmək əzmindədir. Zəngilanın yaralarına məlhəm olan quruculuq işləri, doğma yurda qayıdan insanların sevinci və çinar meşələrinin qorunmasına yönələn səylər gələcəyə inamı möhkəmləndirir. Zəngilan dünənin ağrısını unutmadan sabaha doğru addımlayır. Onun dirçəlişi Azərbaycanın milli iradəsinin, quruculuq qüdrətinin və Vətən sevgisinin canlı təcəssümüdür.
Gültac Novruzova
YAP Sədərək rayon təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью