Zəngilanın azad olunması

20.10.2026

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib. 1993-cü ilin oktyabrında işğal edilən Zəngilan elə oktyabrda da işğaldan azad edildi. Bu müjdəli xəbəri xalqa 44 günlük Vətən müharibəsinin 24-cü günündə Ali Baş Komandan İlham Əliyev verdi: "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"

Ali Baş Komandan bəyan edir ki, Azərbaycan Ordusu öz missiyasını yerinə yetirir, düşmənə layiqli cavab verilir, erməni əsgəri igid oğullarımızın qarşısında acizdir.

Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью