Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Zəngilanın işğaldan azad edilməsi Azərbaycanın şanlı Zəfər tarixinin ən mühüm səhifələrindən, xalqımızın milli qürur və dövlətçilik salnaməsinin silinməz hadisələrindən biridir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad olunması Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlığın, xalqımızın sarsılmaz birliyinin və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təntənəsi oldu. Zəngilanın azadlığı Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Azərbaycanın cənub-qərbində yerləşən, İranla dövlət sərhədimiz boyunca uzanan və Naxçıvanla gələcək nəqliyyat əlaqələrinin qurulması baxımından xüsusi mövqeyə malik olan bu rayonun düşmən işğalından xilas edilməsi qarşıya qoyulan hərbi və siyasi hədəflərə doğru irəliləyişin mühüm mərhələsi idi. Azərbaycan Ordusunun Zəngilan istiqamətində apardığı uğurlu əməliyyatlar düşmənin müdafiə mövqelərini sarsıtdı, işğalçı qüvvələrin hərbi imkanlarını məhdudlaşdırdı və sonrakı qələbələrimiz üçün əlverişli şərait yaratdı.
Bu qələbə, eyni zamanda, Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin, güclü ordunun qurulmasına və ölkəmizin müdafiə qüdrətinin artırılmasına yönəlmiş ardıcıl tədbirlərin nəticəsi idi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq hüquqa, tarixi ədalətə və öz suveren hüquqlarına əsaslanaraq ərazi bütövlüyünün bərpasını başlıca məqsəd kimi müəyyənləşdirmişdi. Vətən müharibəsi bu siyasi iradənin, milli həmrəyliyin və hərbi gücün vəhdətini bütün dünyaya nümayiş etdirdi. Zəngilanın azadlığı da həmin tarixi mübarizənin şərəfli nəticələrindən biri kimi yaddaşlara həkk olundu.
2020-ci il oktyabrın 20-də işğaldan azad edilmiş Zəngilanın ilk görüntüləri isə hər bir azərbaycanlının qəlbində həm sevinc, həm də dərin kədər doğururdu. Doğma torpağımız azadlığına qovuşmuşdu, lakin illərlə davam edən işğalın yaratdığı dağıntılar, viran qoyulmuş yaşayış məntəqələri, məhv edilmiş tarixi-mədəni irs və talan edilmiş təbii sərvətlər erməni vandalizminin acı mənzərəsini ortaya qoyurdu. Vaxtilə insanların yaşadığı, ailələrin qurulduğu, uşaqların böyüdüyü, zəhmətkeş insanların qurub-yaratdığı yurd yerləri xarabalığa çevrilmişdi. Evlər dağıdılmış, sosial infrastruktur sıradan çıxarılmış, rayonun tarixi simasına ağır zərbə vurulmuşdu.
Zəngilanın taleyi Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini bir daha açıq şəkildə göstərirdi. İşğal illərində rayonun yüzilliklər boyu formalaşmış mədəni irsinə, tarixi abidələrinə və təbii sərvətlərinə ciddi ziyan vurulmuşdu. Qədim yaşayış məskənləri, tarixi-memarlıq nümunələri və arxeoloji ərazilər dağıntılara məruz qalmış, bəzi abidələr baxımsızlıq və məqsədli dağıntılar nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Zəngilanın qədim tarixi keçmişini özündə yaşadan nekropolların və digər arxeoloji irs nümunələrinin talanı xalqımızın mədəni yaddaşına vurulmuş ağır zərbə idi.
Bununla yanaşı, rayonun zəngin təbii ehtiyatları da işğal dövründə istismar edilmiş, ətraf mühitə ciddi zərər vurulmuşdu. Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ekoloji vəziyyətinin pisləşməsi, meşə örtüyünün zədələnməsi, ağacların kəsilməsi və yandırılması bölgənin təbii tarazlığını pozmuşdu. Bu mənzərə bir daha göstərirdi ki, işğal yalnız torpaqlarımızın zəbt olunması ilə məhdudlaşmamış, eyni zamanda, həmin ərazilərin tarixi-mədəni irsinə, iqtisadi potensialına və ekologiyasına qarşı da ağır nəticələr doğurmuşdu.
Lakin Azərbaycan xalqının iradəsini, dövlətimizin gücünü və ordumuzun qüdrətini heç bir dağıntı sarsıda bilmədi. Zəngilanın azad edilməsi ilə həmin torpaqlarda yeni həyatın başlanması üçün tarixi imkan yarandı. Bu gün dövlətimizin həyata keçirdiyi bərpa və quruculuq siyasəti nəticəsində bir vaxtlar xarabalığa çevrilmiş ərazilərimiz yenidən canlanır, yollar çəkilir, yaşayış məntəqələri salınır, istehsal və xidmət infrastrukturu yaradılır. Dünən dağıdılmış şəhər və kəndlər bu gün müasir inkişafın, təhlükəsiz yaşayışın və Böyük Qayıdışın ünvanlarına çevrilir. Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirak edən, şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçularımızın dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı bu tarixi qələbənin qəhrəmanlarının xidmətlərinə verilən qiymətin ifadəsidir. Hər bir medalın arxasında Vətənə sədaqət, döyüş əzmi, fədakarlıq və xalqımızın azadlıq arzusu dayanır. Bu təltiflər həm də gələcək nəsillərə örnək olan qəhrəmanlıq salnaməmizin ayrılmaz hissəsidir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə oktyabrın 20-nin Zəngilan Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi hadisənin dövlətçilik yaddaşımızdakı yerini bir daha təsdiqləyir. Zəngilan Şəhəri Günü xalqımızın azadlıq mübarizəsinə, qəhrəman əsgər və zabitlərimizin şücaətinə, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir. Bu gün Zəngilanın hər bir küçəsi, hər bir kəndi və hər qarış torpağı bizə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəni xatırladır. Bu tarix həm də azad edilmiş ərazilərimizin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və Azərbaycanın gələcəyə inamla addımlaması ilə bağlı böyük məsuliyyətimizi yada salır.
Zəngilanın bugünkü inkişafından danışarkən Böyük Qayıdış prosesinin ilk və ən mühüm mərhələlərindən birinin məhz bu rayonda həyata keçirilməsini xüsusi vurğulamaq lazımdır. İşğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması istiqamətində irəli sürülən məqsədlər burada konkret nəticələrə çevrilib. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi işğaldan azad edilmiş torpaqlarda müasir yaşayış mühitinin yaradılmasının uğurlu nümunəsi oldu. Bu layihə yalnız yeni evlərin inşası deyil, insanların doğma yurdlarında təhlükəsiz, rahat və layiqli həyat sürməsi üçün zəruri şəraitin formalaşdırılması deməkdir.
Ağalı kəndində müasir yaşayış evləri, məktəb, məktəbəqədər təhsil müəssisəsi, tibb xidməti və müxtəlif sosial xidmətlər yaradılıb. Kəndin planlaşdırılmasında müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyi, ekoloji yanaşma, rəqəmsal həllər və sakinlərin gündəlik ehtiyaclarının qarşılanması əsas prinsiplər kimi götürülüb. Burada insanların məşğulluğunun təmin edilməsi, sahibkarlığın inkişafı, kiçik və orta biznesin dəstəklənməsi, sosial xidmətlərin əlçatanlığı da diqqət mərkəzində saxlanılır. “ASAN xidmət” və “DOST” xidmətləri daxil olmaqla müxtəlif xidmət imkanlarının yaradılması yeni yaşayış məntəqəsinin yalnız fiziki deyil, sosial baxımdan da müasir standartlara uyğun qurulmasına xidmət edir.
2022-ci ilin may ayında Ağalı kəndinə ilk sakinlərin köçürülməsi Zəngilanın və bütövlükdə işğaldan azad edilmiş ərazilərimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Uzun illər doğma torpaqlarından uzaqda yaşamağa məcbur edilmiş insanlar yenidən öz evlərinə, ata-baba yurdlarına qayıtmaq imkanı qazandılar. Bu qayıdışın mənəvi dəyərini heç bir iqtisadi göstərici ilə ölçmək mümkün deyil. Çünki söhbət yalnız yaşayış evlərinə köçməkdən getmir. Söhbət uşaqlıq xatirələrinin, ailə ənənələrinin, doğma yurdla bağlı arzuların və nəsillərdən-nəsillərə ötürülən mənəvi bağların yenidən bərpasından gedir.
Ağalıda başlanan bu proses Böyük Qayıdışın gələcək mərhələləri üçün mühüm təcrübə formalaşdırdı. Dövlətimizin məqsədi keçmiş məcburi köçkünləri sadəcə doğma torpaqlarına qaytarmaq deyil, onların həmin ərazilərdə davamlı məskunlaşması, əmək fəaliyyəti ilə məşğul olması, övladlarını müasir məktəblərdə oxutması və sosial rifah içərisində yaşaması üçün hərtərəfli şərait yaratmaqdır. Məhz bu yanaşma Böyük Qayıdışın mahiyyətini müəyyən edir. Zəngilanın timsalında biz görürük ki, azadlıq yalnız torpağın düşmən tapdağından xilas edilməsi deyil, həm də həmin torpaqda həyatın yenidən qurulması, iqtisadi fəallığın bərpası və gələcəyə inamın möhkəmləndirilməsidir.
Bu gün Ağalı kəndində həyatın canlanması, ailələrin məskunlaşması, uşaqların məktəbə getməsi, insanların təsərrüfat və sahibkarlıq fəaliyyəti ilə məşğul olması Azərbaycanın quruculuq siyasətinin real nəticələrini nümayiş etdirir. Bir zamanlar işğalın ağır fəsadları ilə üzləşən bu ərazi indi müasir kənd yaşayışının nümunəsi kimi diqqət çəkir. Ağalı layihəsi sübut edir ki, Azərbaycan dövləti azad edilmiş ərazilərdə yalnız keçmişin dağıntılarını aradan qaldırmır, eyni zamanda, gələcəyin yaşayış modelini yaradır.
Zəngilanın dirçəlişi təkcə Ağalı kəndi ilə məhdudlaşmır. Rayonun şəhər və kəndlərində genişmiqyaslı bərpa və quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Nəqliyyat-kommunikasiya xətlərinin yenilənməsi, enerji təminatının qurulması, sosial obyektlərin tikintisi, yaşayış məntəqələrinin planlı inkişafı və iqtisadi fəaliyyət üçün zəruri infrastrukturun yaradılması rayonun gələcək inkişafının əsas istiqamətləridir. Bu işlərin hər biri Zəngilanın ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyasına, yeni iş yerlərinin açılmasına və əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir.
Ölkə başçısı cənab İlham Əliyevin Zəngilan rayonuna səfərləri də dövlətimizin bu əraziyə verdiyi strateji əhəmiyyətin bariz göstəricisidir. Prezident İlham Əliyev işğaldan azad edilmiş Zəngilana müxtəlif vaxtlarda çoxsaylı səfərlər edib, burada həyata keçirilən layihələrin gedişi ilə maraqlanıb, mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimlərində iştirak edib və yeni layihələrin icrasına təkan verib. Bu səfərlər bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət siyasətinin prioritet istiqamətlərindəndir və həmin ərazilərin inkişafı ən yüksək səviyyədə diqqətdə saxlanılır.
Zəngilan rayonunda həyata keçirilən layihələr arasında Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun xüsusi yeri var. Bu yol azad edilmiş ərazilər arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, rayonun ölkənin digər bölgələri ilə birləşdirilməsi, insanların rahat hərəkətinin təmin edilməsi və yükdaşımaların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yol infrastrukturu həm də iqtisadi inkişafın əsas şərtlərindən biridir. Müasir və təhlükəsiz yolların çəkilməsi kənd təsərrüfatı məhsullarının daşınmasını, sahibkarlıq fəaliyyətinin genişlənməsini, turizm imkanlarının inkişafını və yeni investisiyaların cəlb edilməsini asanlaşdırır.
Zəngilan Beynəlxalq Hava Limanının inşası və 2022-ci il oktyabrın 20-də açılışı isə rayonun nəqliyyat imkanlarının genişləndirilməsi baxımından tarixi hadisə oldu. Zəngilan Şəhəri Günündə istifadəyə verilən hava limanı həm rəmzi, həm də praktiki baxımdan mühüm məna daşıyır. Azad edilmiş torpaqlarda müasir hava nəqliyyatı infrastrukturunun yaradılması Azərbaycanın həmin əraziləri uzunmüddətli inkişaf məkanına çevirmək niyyətini nümayiş etdirir. Hava limanı gələcəkdə işgüzar səfərlərin, turizm əlaqələrinin, logistika fəaliyyətinin və beynəlxalq nəqliyyat imkanlarının genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Zəngilanın strateji əhəmiyyətini artıran əsas amillərdən biri də rayonun regionun nəqliyyat xəritəsində tutduğu mövqedir. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə yalnız ölkəmizin müxtəlif bölgələri arasında əlaqələrin möhkəmləndirilməsinə deyil, eyni zamanda, regionda ticarət, tranzit və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edə bilər. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha səmərəli nəqliyyat əlaqələrinə qovuşması ölkəmizin iqtisadi və geostrateji mövqeyini gücləndirəcək.
Zəngilan ərazisindən keçən nəqliyyat marşrutları Azərbaycanın Şərq ilə Qərb arasında mühüm tranzit mərkəzinə çevrilməsi hədəfinə də uyğundur. Dəmir və avtomobil yollarının inkişafı, logistika imkanlarının genişləndirilməsi, sərhəd-keçid və yükdaşımalar infrastrukturunun təkmilləşdirilməsi ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu artırmaq üçün yeni imkanlar yaradır. Bu baxımdan da Zəngilan Azərbaycanın gələcək iqtisadi inkişafında, regional əməkdaşlığın genişləndirilməsində və yeni nəqliyyat əlaqələrinin formalaşmasında mühüm mövqeyə malik ərazidir.
Horadiz–Ağbənd dəmir yolu xətti də bu strategiyanın vacib tərkib hissəsidir. Dəmir yolunun inkişafı sərnişin və yükdaşımaların daha səmərəli təşkilinə, azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qoşulmasına, sənaye və kənd təsərrüfatı potensialından daha geniş istifadə edilməsinə imkan verəcək. Nəqliyyat infrastrukturu ilə yanaşı, enerji, rabitə və digər kommunikasiyaların inkişafı da Zəngilanın gələcəkdə regional iqtisadi əlaqələrin mühüm qovşaqlarından birinə çevrilməsini sürətləndirəcək.
Rayonun iqtisadi potensialı yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Zəngilanın təbii sərvətləri, kənd təsərrüfatı imkanları, meşə və su ehtiyatları, eləcə də turizm üçün əlverişli məkanları gələcək inkişaf baxımından geniş perspektivlər yaradır. Əlbəttə, bu potensialın reallaşdırılması ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə və müasir təsərrüfatçılıq prinsiplərinin tətbiqi ilə müşayiət olunmalıdır. İşğal dövründə ekologiyaya vurulmuş ziyanın aradan qaldırılması, çayların və meşələrin mühafizəsi, təbii landşaftların bərpası Zəngilanın dayanıqlı inkişafı üçün mühüm vəzifələrdəndir.
Bu kontekstdə Bəsitçay Dövlət Təbiət Qoruğunun qorunması və bərpası da xüsusi diqqətə layiqdir. Zəngilanın zəngin təbiətinin ayrılmaz hissəsi olan bu ərazi nadir təbii sərvətlərin və biomüxtəlifliyin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır. Təbiətin qorunması ilə iqtisadi inkişafın uzlaşdırılması rayonun gələcək nəsillərə sağlam ekoloji mühitlə ötürülməsinə xidmət edəcək. Beləliklə, Zəngilanın yenidən qurulması həm müasir infrastrukturun yaradılmasını, həm də onun təbii və mədəni irsinin qorunmasını əhatə edən kompleks prosesdir.
Zəngilanın dirçəlişindən danışarkən onun mənəvi və tarixi əhəmiyyətini də unutmamalıyıq. Bu torpaqlar minilliklər boyu Azərbaycan xalqının həyatında özünəməxsus yer tutub. Burada formalaşmış yaşayış məskənləri, mədəniyyət nümunələri, adət-ənənələr və nəsillərin yaddaşında yaşayan xatirələr xalqımızın tarixi kimliyinin bir hissəsidir. İşğal illərində doğma yurdlarından didərgin düşmüş zəngilanlılar uzun müddət qayıdış həsrəti ilə yaşadılar. Onların hər biri üçün Zəngilan yalnız xəritədə bir rayon deyil, ata ocağı, uşaqlıq xatirələri, ailə tarixçəsi və mənəvi bağlılıq deməkdir.
Bu gün Zəngilanda aparılan quruculuq işlərinin ən böyük mənası da məhz həmin bağlılığın yenidən canlandırılmasındadır. Yeni evlərin tikilməsi, məktəblərin açılması, yolların çəkilməsi, sosial xidmətlərin yaradılması doğma torpaqlara qayıdan insanların həyatını yenidən qurmasına xidmət edir. Hər yeni yaşayış məntəqəsi, hər açılan müəssisə və hər bərpa edilən yol Böyük Qayıdışın konkret nəticəsidir. Bu proses həm də şəhidlərimizin canı və qanı bahasına azad edilən torpaqlarda həyatın əbədi bərqərar olmasının ifadəsidir.
Zəngilanın azadlığı və dirçəlişi Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və milli hədəflərimizə sədaqətini nümayiş etdirən mühüm nümunədir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə ilə ərazi bütövlüyümüzün bərpasına nail olduq, indi isə həmin torpaqları inkişaf etdirərək gələcək nəsillər üçün daha müasir və firavan yaşayış məkanı yaradırıq. Bu tarixi yolun hər mərhələsində cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, dövlətimizin məqsədyönlü siyasəti və xalqımızın həmrəyliyi mühüm rol oynayır.
Əminliklə demək olar ki, yaxın illərdə Zəngilan özünün tarixi simasını müasir inkişafın imkanları ilə birləşdirən, iqtisadi potensialı, nəqliyyat infrastrukturu, yaşayış şəraiti və təbii gözəllikləri ilə seçilən rayonlarımızdan birinə çevriləcək. Zəngilanın bərpası Azərbaycanın yalnız keçmişin ağır nəticələrini aradan qaldırmaq əzmini deyil, həm də gələcəyə böyük inamla baxdığını göstərir. Bu gün burada görülən işlər gələcək nəsillərə ünvanlanan quruculuq salnaməsidir.
Zəngilanın azad edildiyi 20 oktyabr tarixi bizə bir həqiqəti daim xatırladır: xalqın iradəsi, güclü dövlət və qüdrətli ordu bir araya gəldikdə ən çətin məqsədlərə belə nail olmaq mümkündür. Bu gün Zəngilanın səmasında üçrəngli Azərbaycan bayrağının dalğalanması, Ağalıda həyatın yenidən canlanması, şəhər və kəndlərdə quruculuq işlərinin davam etməsi Zəfərimizin əbədi olduğunu təsdiqləyir. Zəngilan artıq yalnız azad edilmiş torpaq deyil, Azərbaycanın qalibiyyətinin, dirçəlişinin və gələcəyə yönəlmiş inkişaf strategiyasının rəmzidir.
Zəngilanın azad edilməsi ilə başlanan tarixi mərhələ bu gün Böyük Qayıdış və genişmiqyaslı quruculuq prosesi ilə davam edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində rayonun infrastruktur imkanları genişlənir, müasir yaşayış mühiti formalaşır və iqtisadi potensialının reallaşdırılması üçün möhkəm zəmin yaradılır. Zəngilanın gələcəyi Azərbaycanın ümumi inkişaf strategiyası ilə vəhdətdə qurulur. Bu torpaqlarda həyatın yenidən canlanması, insanların doğma yurdlarına qayıtması və yeni nəsillərin burada böyüməsi xalqımızın tarixi qələbəsinin ən böyük bəhrələrindəndir.
Zəngilanın azadlığı bizim qürurumuz, şəhidlərimizin əbədi xatirəsi, qəhrəman əsgər və zabitlərimizin şücaəti, dirçəlişi isə dövlətimizin gücünün və xalqımızın gələcəyə inamının təcəssümüdür. Bu gün Zəngilanın hər bir uğuru Vətən müharibəsində qazanılmış Zəfərin davamıdır. Azərbaycanın üçrəngli bayrağı altında inkişaf edən Zəngilan gələcəkdə də öz tarixi, strateji və iqtisadi əhəmiyyəti ilə ölkəmizin tərəqqisinə töhfə verəcək.
Səbinə SALMANOVA,
Milli Məclisin deputatı