Zəngilanın Cahangirbəyli kəndinə növbəti köç olub

17.11.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

İşğaldan azad olunan Zəngilan rayonunun Cahangirbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib.

525.az xəbər verir ki, Cahangirbəyli kəndinə bu gün 18 ailə olmaqla 74 nəfər qayıdıb.

Qeyd edək ki, ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar da asfaltlanıb. Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu da yer alır Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Kənddə, inzibati binanın yaxınlığında Bayraq meydanı da inşa edilib. Bayraq meydanının yaxınlığında isə uşaq oyun meydançası, sakinlərin sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyinin artırılması məqsədilə idman zonası və park yaradılıb.

Kəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək evlərində məskunlaşıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью